“Onlar risk qrupuna daxil olanlarla təmasda olmaqla sağlamlıqlarını təhlükəyə qoyurlar”- Əli Məsimli

“Onlar risk qrupuna daxil olanlarla təmasda olmaqla sağlamlıqlarını təhlükəyə qoyurlar”

Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanda da hökumətin  həyata keçirməyə başladığı tədbirlərin dairəsi haqlı olaraq genişləndirilir. Bunlardan biri də Nazirlər Kabinetinin Azərbaycan ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə 25 mart tarixli, 113 saylı qərarıdır. Həmin qərara əsasən beşgünlük iş həftəsində çalışanlar üçün 2020-ci il 29 mart – 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 – 28 mart və 30 mart – 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilib,yəni 29 martda başa çatmalı olan tətil günləri artırılıb. Bununla yanaşı, NK hesab edir ki, tətilin uzadılması haqqında qərarı dövlət əhəmiyyətli, həyat təminatlı obyektlərə, həmçinin banklara, supermarketlərə, ərzaq mağazalarına, əczaçılıq müəssisələrinə, apteklərə, yeyinti məhsulları istehsalı müəssisələrinə və bu Qərarın əlavəsində nəzərdə tutulan dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərinə və zəruri halda onların işə cəlb etdikləri işçilərə şamil edilmir.
Gununsesi.org xəbər verir ki, Millət vəkili Əli Məsimli NK-nin sözügedən qərarını Moderator.az -a şərh edib:
“Koronavirusun  dünyada tüğyan etdiyi və onun fəsadlarının Azərbaycana da gəlib çatdığı bir zamanda Qərarın həmin ikinci hissəsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin  fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda  qaldırdığı məsələr arasında 2 məqam böyük aktuallıq kəsb edir:
Birincisi, bəzi hallarda işçilər qanunvericilikdə nəzətdə tutulan 8 saatdan çox işlədilir. Prezident bildirib ki, “pula qənaət etmək üçün insanları 10 saat, 12 saat, ondan da çox işlədirlər. Buna son qoyulmalıdır və Nazirlər Kabineti buna nəzarət etməlidir.” Bu kontekstdə Nazirlər Kabinetinin qəbul etdiyi bir vacib qərarı xatırlatmaq yerinə düşər.
Nazirlər Kabineti yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə 25 mart 20120-ci iltarixl,112 saylı  qərar qəbul edib.Həmin qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilib:
– tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə – aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində;
– təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə – aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində;
– pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə – aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.
Nazirlər Kabinetinin bu qərarını yüksək qiymətləndiririk. Eyni zamanda  koronavirusun törədə biləcəyi risklərlə bağlı hazırkı reallıqlar şəraitində  banklarda, supermarketlərdə, ərzaq mağazalarında, əczaçılıq müəssisələrində, apteklərdə, yeyinti məhsulları istehsalı müəssisələrində və NK-in 25 mart tarixli, 113 saylı qərarında adı çəkilən digər qurumlarda çalışanların əməkhaqlarına müddətli əlavələrin edilməsini də vacib  hesab edirik. Bu həm də ona görə zəruridir k, həmin sahələrdə çalışanlar, xüsusilə də apteklərdə işləyənlər risk qrupuna daxil olanlarla təmasda olmaqla sağlamlıqlarını təhlükəyə qoyurlar. Bu məsələnin araşdırıb operativ surətdə həll edilməsini zəruri hesab edirik.
İkincisi, Azərbaycan hökuməti  hazırkı mürəkkəb şəraitdə biznesin qorunması və sahibkarlara dəyən zərərlərin minimallaşdırılması istiqamətində tədbirlər hazırlayır. Həmin tədbirlər  sahibkarlıq subyektlərinə müddətli vergi güzəştləri və tətillərinin verilməsi, sahibkarlığın kreditləşdirilməsi şərtlərinin yumşaldılması, icarə haqlarının müddətli dondurulması və s. bu kimi məsələləri əhatə edir. Bunun müqabilində Prezidentin fevralın 4-də dediyi kimi,”sahibkarlar bütün qanuni tələblərə riayət etməli və məsuliyyətli olmalıdırlar. İmkanlı sahibkarlar, əlbəttə ki, öz sosial məsuliyyətini də dərk etməlidirlər. Eyni zamanda, əsassız olaraq işçiləri ixtisar etməməlidirlər. Çünki ixtisar edilən hər bir iş yeri bir ailəni çörəksiz qoyur. Buna getmək olmaz”.
Güman edirik ki, müvafiq işçi qrupu həmin məsələni də ciddi nəzarətdə saxlamaqla işçiləri ixtisar edilməsi insanların qarşılaşa biləcəyi çətinlikləri aradan qaldıracaq və bu sahədə qanunvericilikdə nəzərdə tutulanlara əməl olunması üçün effektiv nəzarət mexanizmmi tətbiq olunacaqdır.
Martın 23-də Nazirlər Kabinetində ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bununla bağlı məlumatında deyilir: Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir.
Tətbiq olunan xüsusi qarantin rejimi şəraitində  gündəlik gəlir mənbələrindən məhrum olan insanlara da operativ yardım sistemi yaradıb  tətbiq edilməsini və zəruri yardımın edilməsini vacib hesab edirik.”
Gununsesi.org

COMMENTS