Nazir Elmar Məmmədyarov: “Niderland Azərbaycanın ənənəvi tərəfdaşlarından biridir”

  • By admin
  • 11 Dekabr 2019 15:40

“Niderlandlılar Azərbaycanın müstəqillik əldə etməsindən etibarən ənənəvi tərəfdaşlarından biridir”.

Gununsesi.org xəbər verir ki, bu barədə Xarici İşlər naziri Elmar Məmmədyarovun “Diplomat Magazine”də dərc olunan məqaləsində bildirilir. Müəllif iki ölkə arasında geniş və zəngin əməkdaşlıq gündəminin yarandığını qeyd edir.

“Azərbaycan Niderlandlıları həm iki, həm də çoxtərəfli münasibətlərdə yaxın müttəfiq və etibarlı tərəfdaş hesab edir. Aramızdakı münasibətlər ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət üzərində qurulur. Əməkdaşlığımız ticarət, logistika, kənd təsərrüfatı, təhsil, turizm kimi sahələri ehtiva edir”,- yazıda göstərilir.

Ötən il iki ölkə arasındakı ticarət dövriyyəsi 181,83 milyon ABŞ dolları təşkil edib ki, bunun da 77,9 milyon dolları Azərbaycanın ixracatının, qalan hissəsi isə idxalatın payına düşür.

“Niderlandlılar Azərbaycanın qeyri-neft sektoruna başlıca sərmayəçilərindən biri olaraq qalır. Niderlandların şirkətləri logistika, nəqliyyat, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı kimi sahələrdə irimiqyaslı layihələr icra edirlər. Müvəffəqiyyət gətirən layihələr arasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanının layihələndirərək tikintisini, Abşerondakı göllərin neft məhsulları və əhalinin artması ucbatından çirklənməsini aradan qaldırmaq üçün ekoloji çözümlərin təmin olunmasını, Hollandiyanın aqrar təcrübəsinə və nou hausuna əsaslanan nümunəvi fermanın yaradılmasını göstərmək olar”,- müəllif deyib.

E.Məmmədyarov həmçinin Azərbaycanın xarici siyasətində qonşularla və başqa ölkələrlə mehriban münasibətləri, qarşılıqlı mənafelərə söykənən bərabər dialoq və əməkdaşlığı əsas götürdüyünü vurğulayıb: “Xarici siyasətdəki öncüllüklərimiz ölkənin suverenliyi və müstəqilliyinin gücləndirilməsini, Ermənistanın hərbi təcazvüzünün nəticələrini aradan qaldırmağı və ölkənin beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpasını, habelə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən böyük infrastruktur layihələrinə davam olunmasını, dövlətlər, asosiasiyalar, beynəlxalq təşkilatlar daxil olmaq şərtilə bütün beynəlxalq subyektlərlə qarşılıqlı faydalı əməkdaşlığı daha da inkişaf etdirməyi ehtiva edir”.

Sadalanan hədəflərə çatmaq üçün Azərbaycanın aralarında Niderlandların da olduğu Avropa İttifaqı ölkələrinin təmsil etdiyi iri iqtisadi tərəfdaşları ilə həqiqi ortaqlığa bundan sonra da davam etmək ümidində olduğu diqqətə çatdırılır.

Gununsesi.org