Milli Məclis karantin rejiminin pozulmasına görə cəzanı sərtləşdirib

  • By admin
  • 17 Mart 2020 17:30

Azərbaycan parlamenti bugünkü iclasında epidemioloji, karantin və sanitariya-gigiyena rejimlərinin pozulmasına görə cəzaları sərtləşdirib.

Belə ki, İnzibati Xətalar Məcəlləsinə edilən düzəlişlərə əsasən fiziki şəxslər 100 manatdan 200 manatadək (60-120 dollar), vəzifəli şəxslər 1500 manatdan 2000 manata (900-1200 dollar) cərimə olunacaqlar.

İşin vəziyyətindən asılı olaraq qeyd olunan pozuntulara görə bir aya qədər həbs cəzası təyin edilə bilər.

Həmçinin Cinayət Məcəlləsinə  düzəliş edilib. Bu düzəlişlərə görə, epidemioloji, karantin, sanitariya-gigiyena rejimlərinin pozulması xəstəliklərin yayılmasına və ya onların yayılması təhlükəsinə səbəb olarsa, bu hərəkətlər 2,5 min manatdan 5 min manatadək (1500-3000 dollar) cərimə və ya azadlığın 3 ilədək məhdudlaşdırılması və ya 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Həmin hərəkətlər insan ölümü və ya digər ağır nəticələrə səbəb olarsa, 3 ildən 5 ilədək azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetmə tətbiq ediləcək.

Gununsesi.org