“Memar Əcəmi” metrosunun yaxınlığında qətl törədən şəxs polisə təslim oldu - YENİLƏNİB

  • By admin
  • 15 Dekabr 2016 10:04

qetl

Bakıda qətl törədilib.

Gununsesi.info-nun məlumatına görə, hadisə bu gün saat 15.00 radələrində paytaxtın Nəsimi rayonunda, metronun “Memar Əcəmi” stansiyasının qarşısında qeydə alınıb. 25-30 yaşlı oğlan naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Öldürülən şəxsin kimliyi hələlik məlum deyil.

Hadisə yerinə Nəsimi rayon Polis İdarəsi və rayon Prokurorluğunun əməkdaşlarından ibarət əməliyyat qrupu çıxıb. Hadisənin baş verdiyi yer müayinə edilməklə müxtəlif ekspertizalar təyin olunub.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

Qətlə yetirilən şəxsin kimliyi məlum olub.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, qətlə yetirilən şəxs 1995-ci il təvəllüdlü Muxtarov Ələkbər Vahid oğludur.

Qətl hadisəsi isə Ə. Muxtarovun “facebook” sosial şəbəkəsində qızla tanışlığına görə baş verib. Belə ki, Ə. Muxtarov sosial şəbəkədə bir nəfər qızla tanış olub və onunla görüş təyin edib. Görüş “Memar Əcəmi” stansiyasının qarşısında təyin edilib. Bu gün saat 14:50 radələrində stansiyanın qarşısına gələn Ə. Muxtarov qızın verdiyi telefon nömrəsinə zəng vurub. Həmin vaxt isə qızın Ə. Muxtarova verdiyi telefon nömrəsinə oğlan cavab verib və görüş yerində qarşılaşıblar. Qızın əvəzinə gələn oğlan Ə. Muxtarova ürək nayihəsindən bıçaq zərbəsi vuraraq hadisə yerindən uzaqlaşıb. Ə. Muxtarov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Hazırda Ə. Muxtarovun saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

***

Bakıda metronun “Memar Əcəmi” stansiyası qarşısında 21 yaşlı oğlanı öldürən şəxs polisə təslim olub.

Nəsimi Rayon Polis İdarəsindən  verilən məlumata görə, 1999-cu il təvəllüdlü təvəllüdlü Hüseynov Mirismayıl Mircəlal oğlu könüllü olaraq Polis İdarəsinə gələrək təslim olub.

O, ilkin ifadəsində öldürdüyü şəxsin sosial şəbəkədə 13 yaşlı bacısı ilə danışaraq, görüşə dəvət etdiyi üçün bu hərəkəti etdiyini deyib.

Gununsesi.info