Medalın iki üzü: Və ya avers və revers adamlar - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 12 Aprel 2020 12:10

Tarixi- Nadiri yarıya qədər oxuyanlar yəqin ki, nə dediyimi anlamadılar. Elə mən də bu yazını yazana qədər bu haqda heç nə bilmirdim. Amma özümə bir balaca əziyyət verib medalın iki üzü haqda iki cümləlik informasiya oxudum və məlum oldu ki, medalın əsas üzü avers, o biri üzü isə revers adlanır. El arasında da bəzi adamlara bir medalın iki üzü deyirlər. Hə, bax, avers və revers adamlar o adamlardır. Averslərin sayı təhlükəli şəkildə azalmaqdadır. Reverslər isə sanki bir-biri ilə bəhsə giriblər. O qədər çoxdurlar ki, adam az qalır desin ki, a bala, siz hansı podyezdin blokunda belə artıb-törədiniz? Demək istəyirsən, amma deyə bilmirsən, çünki, oxşarını Afaq Bəşirqızı deyib və az qala üç gün üç gecədir ki, onu söyüb-sulayırlar. Baxmayaraq ki, Afaq xanım da yaxası medallı artistlərimizdəndir, titulu da elə belə deyil ha , o boyda “xalq artisti” adını daşıyır. Amma xalq bu boyda artistin bir cümləlik fikrini daşıya bilmədi, onu ağ yuyub, qara sərdi, Söylü təfəkkürlü saydı. Hərçənd Söylünün ağ yuyub qara sərdiyi “mayka”ya, onun aforizmə çevrilən ” eqalogiya budur?” fikrinə 30 ildən çoxdur ki, bu xalq gülüb qurtarmır. Deyə bilərsiz ki, aforizmə çevrilən Afaq Bəşirqızı yox, Vaqif Səmədoğludur, düz danış. Yəni, revers adam! Olsun!Amma inanın ki, əgər Vaqif Səmədoğlunun özüdə sağ olsaydı, Afaq xanımı müdafiə edərdi. Nədən ki, aktrisanın dediklərində xeyli dərəcədə həqiqət payı var. Kəndlər ellikcə şəhərə köçüb, fərqindəsiniz. Əlbəttə, bu hər kəsin haqqı sayıla bilər, o halda ki, bundan birinci növbədə köç edənin özü udsun. Təəssüf ki, çox vaxt əksi olur. Kəndçi gəlir, amma udmağa yox, uduzmağa. halbuki, kənddə onun yaşamaq üçün imkanları daha genişdir. O yaxşı bir təsərrüfatçı ola bilər. fermer ola bilər, amma o bunu yox, Bəşirqızı demişkən,şəhərdə təkər qaraltmaq istəyir.

Və beləcə, kəndlər də qara günə qalır, sürətlə boşalır, sanki oğullar müharibəyə gedib və geri qayıtmayıb…

Müharibə demişkən, bu günlərdə Mİlli Məclisdə ” Azərbaycan respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb və ” Böyük Vətən müharibəsində qələbənin 75 illiyi” Yubiley medalının təsis olunması haqqında qərar qəbul olunub. Maraqlıdır ki, parlamanda duptat yoldaşların çoxu yubiley medalının adına etirazlarını bildirməyiblər. Hətta tarixçilər belə. Dəqiq say bilmirəm, amma bilirəm ki, Məclisi-Məbusanda bu gün xeyli sayda tarixçi təmsil olunur. Məsələn, xətrini istədiyim Anar isgəndərdən tutmuş ən təcrübəli Fəzail İbrahimliyə qədər, Musa Qasımlıdan tutmuş Fəzail Ağamalıya qədər. Buna baxmayaarq karantində olan yaşlılar xaric, iclasda iştirak edən deputatların bircəsisə deməyib ki, vətən saydığımız SSRİ 1991-ci ildə dağılıb, həmin ildən etibarən Azrbaycan müstəqil ölkədir. SSRİ-nin cəlb olunduğu və bizə dərsliklərdən öyrədilən Böyk Vətən Müharibəsi isə faşist Almaniyasının dünyaya elan etdiyi müharibə idi. Və adı da tarixdə İkinci Dünya Müharibəsi kimi qalıb. Təəssüf ki, yubiley medalı məsələsində deputatlar özlərini lap revers kimi aparıblar. Yəni medalın o biri üzü kimi.

Hə, dediyim kimi, ölkədə averslərin sayı təhlükəli şəkildə azalmaqdadır. Qorxuram, millət adına üç-beş aversimiz də koronavirusa qurban getsin lap yetim qalaq. Tərslikdən baş nazir də qərar imzalayıb “yetim” sözünü ” valideynlərini itirmiş” lə əvəz edib. İndi bu dəyişiklikdən sonra mənim cümləm belə oxunmalıdır; qorxuram, millət adına üç-beş aversimiz də koronavirusa qurban getsin lap valideynini itirmiş qalaq? Nəsə düz gəlmədi. Allah sənə insaf versin, cənab nazir. Bir belə yetimə necə qıydın?

 

Ləman Ələşrəfqızı

Xüsusu olaraq, Gununsesi.org üçün