“Mavi dəniz”ində “Sənsiz”ləmişik… - Esmira İsmayılova YAZIR

  • By admin
  • 25 Oktyabr 2019 13:15

Son vaxtlarda hamı siyasətdən yazır. Sosial şəbəkələr, internet media, qəzetlər. Amma nə qədər maraqlı olursa olsun,eyni mövzuda yazılanları oxumaq, dinləmək insanı yorur. Hərdənbir xatirələrə də baş vurmaq lazımdır, təzələnmək,təmizlənmək,dünənimizə dönmək üçün.

Xatirələr həmişə ağrılı olur. Sevinclisi də, kədərlisi də qəlbimizi göynədir-əlçatmaz olduğu, əlimiz, ünümüz yetmədiyi üçün, bir daha dünənimizə  dönə bilmədiyimizi bizə xatırlatdığına görə .Ömrün bahar fəslini adlayandan sonra xatirə dünyamıza üz tutmaqla qəlbimizi xatirələr işığında isitmək istəyirik, itirdiklərimizi anırıq, yanırıq…

Bu gün pərəstişkarlarını yoxluğu ilə için – için yandıran möhtəşəm səs sahibinin-dünya şöhrətli müğənni-bəstəkar Müslüm Maqomayevin xatirə günüdür. Kənddə doğulub, kənddə yaşasam da, səsinin, ifasının,bunlarla tam uyuşan görünüşünün uşaqlığından vurğunu olmuşam. Uşaq vaxtı “Dəniz”mahnısını dinləyəndə televizoru sındırıb içinə girmək, bu səs sahibini canlı görmək həvəsini o qədər yaşamışam ki. Evdə bir televizorumuz olanda onu dinləmək üstündə o qədər mübahisələr yaşanıb ki.. Yeniyetmə olanda “Sənsiz”i ilə məni özünə necə bağladısa bu gün də elə o istəklə “Qayıt, əzizim” deyib geri dönəcəyinə  inanıram.

11 ildir Azərbaycan musiqisi Müslüm Maqomayevsizdir. Kim deyir ki,musiqi dünyası yetim qalmır? M.Maqomayevin gedişi  dünyamızı səsi  qədər boş qoydu. Təkrarsız,möhtəşəm idi bu səs,bu ifa.Hansı dildə,hansı musiqi uslubunda oxumağından asılı olmayaraq Müslüm Maqomayev ifası dinləyicini ofsunlayırdı.Əgər mözcüzə olacaqsa,tanrıdan arzum budur ki,o səsin sahibi bir daha doğulsun,həm də Azərbaycanda.Qoy balalarımız da həqiqi səsin,həqiqi ifanın nə olduğunu görsünlər,eşitsinlər.

Yeri gəlmişkən,vaxtı ilə Azərbaycanda bir telekanal olanda orda əksərən həqiqi sənətkara efir verilərdi.İndi isə kim-kimədir.Peraşki satandan,aşpazdan tutmuş müəllimə qədər  hamı efirdədir.Hamı oxuyur,nə olsun ki,nə oxuduğunu heç özü də başa düşmür! Yağ satandan şor satana kimi hamı xalq artisti kimi xalqın zövqünü,əxlaqını korlayır.  Elə bir ixtiyar da əlimdə yoxdur ki , bir süpürgə çəkim musiqili verişlərimizə.Yığışdırım bu zir-zibilli ifaları,kişili-qadınlı yarımçılpaq ifaçıları.Əziz həmkarlar!Əl atın arxivə, silin valların tozunu,çıxarın köhnə kasetləri,səsləndirin,qoy dinləyək həqiqi sənətkarları,korlamayın ,məhv etməyin musiqi zövqümüzü,gəncliyimizi.Pul xatirinə pişik kimi miyoldayan,qulağı sırğalı,dodağı boyalı kişicik müğənnilərə,ana-bacı olduğunu unudan çılpaq qadınlara o qədər  efir meydanı verdiniz ki,cəmiyyətin rəngi,əhvalı da döndü, dəyişdi,mavi qırmızıya qarışdı….

Bu gün-Müslüm Maqomayevin xatirə günündə verin efiri bu səs sahibinin ixtiyarına.Dinləyək “Ana”sını,anasına balta qaldıranlar,qocalar evinə atanlar əl saxladı bəlkə,“Mavi dəniz”ini səsləndirin,duyğuylarımızı,iç dünyamızı  təmizləsin,düşüncələrimizi təzələsin. “Sənə də qalmaz”ın məqamıdır bu gün. Eşidən məmurlar  dünyadan ikiəlli yapışmaqdan  bəlkə əl götürə, könüllü kreslolarından imtina edə,mandat yürüşündən ayaq saxlaya. “Sevgili canan”ı, “Sevən ürəy”i bu gün Tarqovıda səsləndirin, özü də ucadan.Gəlib-gedənlər,mənliyini satan-alanlar eşitsin.Müsüm Maqomayev kimi dahi sənətkarlar yaşayan dünyanı kirləməkdən həya etdilər bəlkə.

Unudun dünya qayğılarını,sosial problemlərini bir kənara qoyub Müslüm Maqomayevi dinləyin bu gün.Bu ifanı dinləmək  hər şeyə dəyər,vallah dəyər!Təkcə xatirə günü yox,həmişə.Sevənləri,pərəstişkarları üçün bu ilahi səsi eşitmək  elə xoşbəxtliyin özüdür.Ruhən dincəlmək,özünüzü xoşbəxt saymaq istəyirsinizsə, “Mavi dəniz”ə baş vurun, “Azərbaycan”ı dinləyəndə Müslümlə bir vətəni-Azərbaycanı paylaşdığınıza görə sevinin, “Əlvida, Bakı” deyəndə belə möhtəşəm sənətkarın bir daha geri dönməyəcəyinə üzülün.Bəzən  kədər də insana yaşamaq üçün güc verir…

Esmira İsmayılova