Mənizillərə verilən qazın təzyiqi niyə artırılmır? - Ekspert rəyi

  • By admin
  • 18 Oktyabr 2016 16:41

qaz

Artıq soyuq havalar qapımızı döyməsinə baxmayaraq, “Azərqaz” İB yaşayış mənzillərinə verilən qazın təzyiqini artırmağa tələsmir. Bəzi ərazilərdə isə qazın verilişində yaranan fasilələr  əhali arasında haqlı narazılıq yaradıb.  Bir neçə günlük yağışlı hava, nəinki paytaxt Bakının, ümumiyyətlə, bütün ölkə ərazisinin qışa hazır olmadığını göstərir.

SOCAR prezidenti Rövnəq Abdullayev isə qazın təzyiqi ilə bağlı yaranan problemə maraqlı yanaşma sərgiləyib.  “Qafqazinfo”nun müxbirinin sualını cavablandıran R.Abdullayev Azərbaycanda qış rejiminə keçidin noyabrın 1-də baş verdiyini bildirib: “Yayda isə qazın təzyiqi aşağı salınır. Hər il qış rejiminə keçiddə təzyiq 3 dəfə artırılır. İndi bir neçə gündən sonra hava istiləşəcək, temperatur qalxsa da, insanların qaza olan tələbatı qış rejimindəki kimi qalır. İnsanlar qazın “xod”unu almır, əvəzində pəncərəni açıq saxlayır. Keçən ildən anbarlarda qaz ehtiyatlarımız var. Qaz təminatında elə bir problemimiz yoxdur”.

SOCAR rəhbəri həmçinin qeyd edib ki, 15 gündür ki, Azəriqaz qış rejiminə keçidlə bağlı məsələlərə başlayıb:”Artıq qurum bir neçə günə qış rejiminə tam hazırlıqlı olacaq”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə Gununsesi.info-ya şərhində bildirib ki, bu gün həm SOCAR-ın Neft və Qaz Çıxarma İdarələrindən, həm Azəri-Çıraq-Günəşlidən, həm də “Şahdəniz”dən ölkənin daxili bazarı üçün alınan qaz yetərincədir: “Sadəcə, bu qaz həcmlərinin yarısı ölkənin energetika sektoruna verilir ki, onu işığa çevirsinlər. Sutkalıq 15-16 mln m3 qaz da yeraltı qaz anbarlarına vurulur ki, qışda ölkəni problemsiz qaz təminatını ilə həll edə bilsin. Yerdə qalan hissə daxili bazarın ehtiyaclarının ödənilməsinə sərf edilir”.

İ.Şabanın sözlərinə görə, temperatur düşəndə təbii ki, qaz sərfiyyatı artır: “Kimi qaz plətəsini daim birləşdirir, kimi elektrik qızdırıcılarını. Bu da son nəticədə istilik elektrik stansiyalarında qaz sərfiyyatını artırır. Ancaqloru dillə desək, vintil cəmi bir dövriyyə açılır. Hələ qış rejiminə keçid baş verməyib. Ona görə də paylaşanda şəbəkədə qaz sadəcə zəif gəlir – bu obyektiv bir səbəbdir”.

“SOCAR niyə təzyiqi artırmır” sualına ekspert belə cavab verib: “Bu sualın cavabı heç də birbaşa SOCAR-lıq deyil. Ortada maliyyəyə söykənən məsələlər də var.  Əgər SOCAR hazırda ölkə daxili bazara tam tələbata uyğun qaz versə, onda gərək yeraltı qaz anbarlarına yetərincə mavi yanacaq vurmaya. Deməli, qışda həm əhali, həm də sənaye daha böyük qaz qıtlığı ilə üzləşmək təhlükəsi ilə qala bilər.

Bu proses adətən oktyabrın sonuna qədər davam edir.  Bir neçə gündən sonra isə hava şəraitinin normallaşması baş verəcək, havanın temperaturunun 16 dərəcəyədək istiləşməsi proqnoz edilir. Demək, payızda baş verən müvəqqəti bir çətinlikdir.Bunu mən cəmiyyətin hökumətə dəstəyi kimi qiymətləndirərdim: öz “istiliyindən” kəsib hökumətə pay edir ki, hökumət borca gedib başqalarında valyuta ilə qazalmasın”.

VüsaləRüstəmova

Gununsesi.info