“Məni təhqir edən insanlar sonradan üzr istəyir” - ƏMƏKDAR ARTİST

  • By admin
  • 04 Fevral 2020 23:27

Gununsesi.org Əməkdar artist Elnur Kərimovun SİA-ya verdiyi müsahibəsini təqdim edir:

– Hazırda yaradıcılığınızda hansı işlərlə məşğul olursunuz?

– “Ata ocağı” serialında çəkilirəm. Çox uğurlu və baxılan serialdır.

– Seriala görə aldığınız qonorarlardan razısınızmı?

– Tam səmimi deyəcəm. Seriala görə ödənilən pullar məni qane edir. Normal məbləğdir. Maaşlarımız da vaxtı-vaxında ödənilir. Bunların hamısı aktyor üçün çox önəmlidir və stimuldur.

– Çalışdığınız Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tamaşaçı qıtlığı varmı?

– Qətiyyən tamaşaçı qıtlığı yoxdur. Əksinə tamaşaçılar həddən artıq çoxdur. Hətta öz övladlarımızı tamaşalarımıza aparmaq üçün teatrda bilet tapa bilmirik. Onu da qeyd edim ki, bir çox teatrlar uşaq tamaşaları hazırlayaraq tamaşaçıları cəlb edirlər. Bu da çox yaxşı haldır və məni sevindirir.

– Sizcə, teatrları insanlara sevdirə bilirikmi?

– Xeyir, teatrı xalqa sevdirə bilmirik. Çünki teatrı insanlara dəqiq tanıda bilmirik.

– Buna səbəb nədir?

– Bir çox teatr və aktyorlar arasında söz-söhbətlər olur. Bu da təbii ki, öz təsirini tamaşaçılara göstərir. İnsanlar da düşünür ki, bunların arasında mübahisə varsa, yaxşı tamaşadan söz gedə bilməz.

– Elnur Kərimov üçün dram yoxsa komediya janrı yaxındır?

– Mən peşəkar aktyoram. Mənim üçün janrın fərqi yoxdur.

– Sosial şəbəkələrdə aktiv aktyorlar sırasındasınız. Ünvanınıza mənfi rəylər yazılanda nə edirsiniz?

– Bir müddət öncə sosial şəbəkədə istirahət zamanı hovuzun kənarında gizlin şəkillərimi çəkib, yaymışdılar. Həmin fotolara da xoşagəlməz şərhlər yazılmışdı: “Budurmu Azərbaycan aktyoru”, “Dünya vecinə deyil”. Həmin kəslərə cavab yazdım ki, təhqir etməyin. Hər kəsin şəxsi həyatı var. Üstəlik də hovuzda kostyumla çimməli deyildim. Odur ki, hamı bir-birini bəyənmək məcburiyyətində deyil. Onu da qeyd edim ki, bu müsahibəmi oxuyan bir çoxları da deyəcək ki, Elnur Kərimov alimlik edir. Xeyir elə deyil. Bu mənim iç dünyamdır.

– Sizi sosial şəbəkədə təhqir edən insanlara qarşı hansı addımları atırsınız?

– Doslarımın köməkliyi ilə məni söyən insanları tapıb, görüşürəm. Görüş zamanı məndən üzürxahlıq edirlər. Görüşə bilmədiyim izləyicilərin şəxsən özünə yazıram. Onlara bildirirəm ki, 11 ildir kirayədə yaşayıram. Üstəlik oğlum da anadangəlmə xəstədir. Onu müalicə etdirirəm. Hər ay 2 min manat övladımın müalicə xərclərini qarşılayıram. Buna görə də 6-7 yerdə işləyirəm ki, uşağımı təmin edə bilim. Bu sözlərimdən sonra nəticə çıxarırlar və üzr istəyirlər.

 

 

Gununsesi.org