Kuryer qəzaya düşüb öldü, müştərilər “Domino’s Azerbaijan”a etiraz etdi

  • By admin
  • 26 May 2020 15:23

Bakıda “Domino’s Azerbaijan” şirkətinin kuryeri qəzaya düşərək vəfat edib.

Gununsesi.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, mayın 23-də saat 18 radələrində Nərimanov rayonu M.K.Atatürk prospektində yerləşən tuneldə Şərur rayon sakini Ülvi Məmmədov idarə etdiyi “Zongshen” markalı motosikleti divara vurub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş motosikletçi orada ölüb. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Məlumata görə, kuryer şirkətin “30 dəqiqəyə çatdırılma kampaniyası” çərçivəsində sifarişi tez çatdırmaq üçün motosikletlə sürət həddini aşıb və qəzaya düşərək dünyasını dəyişib. Qəza ilə bağlı sosial şəbəkə istifadəçiləri “Domino’s Azerbaijan”ın 30 dəqiqəyə pizza çatdırmaqla bağlı kampaniyasına etiraz ediblər və həmin kampaniyanın ləğvini istəyiblər.

Qeyd edək ki, “Domino’s Azerbaijan” “Sifarişiniz 30 dəqiqəni keçdiyi halda, sizə hədiyyə pizza” şüarı ilə kampaniya təşkil edib. İddiaya görə, pizzanı 30 dəqiqəyə çatdıra bilməyən kuryerin əmək haqqısına cərimə yazılır.

Məsələyə aydınlıq gətirmək üçün “Domino’s Azerbaijan” şirkətinə müraciət etsək də, münasibət bildirməkdən imtina ediblər.

 

 

Gununsesi.org