Koronavirus global iqtisadiyyatda mənfi təmayüllər yaradır – QUBAD İBADOĞLU YAZIR

  • By admin
  • 31 Yanvar 2020 10:49

Dünya bazarlarında baş verənlər Azərbaycan iqtisadiyyatına da təsir göstərməyə başlayıb. Ümumdünya Səhiyyə Təşkilatının koronavirusu qlobal təhlükə elan etdi. Bu qərar özəlliklə Çin iqtisadiyyatına, eləcə də ticarəti Çinə bağlı olan ölkələrin iqtisadiyyatına və beynəlxalq bazarlara mənfi təsirlərini gücləndirəcək. Artıq dünya bazarlarında xam neftin qiyməti, fond birjalarında səhmlərin dəyəri ucuzlaşmağa başlayıb. Belə ki, bu gün dünya birjalarında WTI Crude Oil (Nymex) qiyməti USD/bbl. 52.95 Brent Crude (ICE) qiyməti USD/bbl. 59.15 olub. Bu o deməkdir ki, bu bazarda qiymətlər son ayların minumuna qədər aşağı düşüb və bu tendensiya davam edəcək. Belə ki, ABŞ Energetika Nazirliyinin açıqlamalarına görə, xam neftin qiymət bir barel üçün 46 dollara qədər də enə bilər. Bununla yanaşı, digər əmtəə bazarlarında da ucuzlaşma müşahidə olunub. Misin və dəmir filizinin qiymətləri son 3 ayın ən aşağı səviyyəinə enib, hətta son illər ən təhlükəsiz investisiya hesab olunan qızılın qiyməti də ucuzlaşıb.

Qiymətli kağızlar bazarına gəlincə, Avropalılar 1 gün ərzində bir ay ərzində itiriblər. Eyni zamanda ABŞ-ın Dow Jones indeksi 1,54 faiz, S & P 500 indeksi 1,57 faiz, Nasdaq indeksi 2,05 faiz, İtaliyanın FTSE MiB indeksi 1,85 faizi, Yaponiyanın Nikkei indeksi 2 faiz, Britaniyanın FTSE 100 indeksi 2,1 faiz, Almaniyanın Dax indeksi 2,6 faiz, Fransanın CAC indeksi 2,7 faiz dəyər itirib. Sektorial səviyyədə koronavirusun fəsadları daha çox turizm və səyahət sektoru ilə bağlı sahələrdə, o sıradan uçuşlara, gəzintilərə və mehmanxana, restoran xidmətlərində müşahidə olunur.

Nəhayət, onu da qeyd edim ki, koronavirusun içəridə yayılma cografiyasının genişlənməsi Çin iqtisadiyyatında artımı daha da yavaşıdır, məcmu tələbi aşağı salır. Bu da son nəticədə dünyanın əsas istehlakçısı olan Çinin enerji daşıyıcılaırna tələbatını azaldır. Bütün bunların təsiri ilə dünya bazarında neftin və qazın qiymətinin ucuzlaşması Azərbaycan iqtisadiyyatına da mənfi təsirlərini göstərəcək. Xüsüsilə də Azərbaycanda əmtəəlik qazın istehsalının artıdığı zamanda onun ixracatından valyuta gəlirlərini azaldacaq. Məlumat üçün qeyd edim ki, ötən il Azərbaycanda neft hasilatı 3,3 faiz, neft məhsullarının istehsalı 3,2 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 27,7 faiz artmışdır. 2019-cu ildə Azərbaycan qaz kondensatı daxil olmaqla 37517,6 min ton xam neft, 35591,4 milyon kub metr təbii qaz istehsal edib ki, ondan 24526,7 milyon kub metri əmtəəlik qaz olub.

 

Qubad İbadoğlu

 

Gununsesi.org