“Kimsə necə və harda gəldi, bayrağı uyğun bildiyi yerdə asa bilməz” - JALƏ ƏLİYEVADAN DA REAKSİYA GƏLDİ

  • By admin
  • 04 Avqust 2016 12:27

jala-ali

 

Zərdab rayonunda aprel döyüşlırində qəhrəmancasına həlak olan şəhid məzarına hörmətsizlik edilib.

Gununsesi.info-ya bu haqda məlumat şəhid Nurlan Abdullazadənin ailəsindən verilib. Belə ki, şəhidin ailəsi bildirir ki, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev şəhidin məzarı üzərində asılan Azərbaycan bayrağını və şəkli çıxartdırılmasına göstəriş verib. Şəhidin atası Rasim Abdullayevin sözlərinə görə, Zərdab rayon Polis Şöbəsinin rəis müavini icra başçısı Lütvəli Babayevin göstərişinə əsasən belə addım atıb. Polis əməkdaşları şəhid Nurlan Abdullazadənin məzarı üzərindən şəkli və bayrağ yığışdırıblar.

Gununsesi.info-nun əməkdaşı Zərdab rayonundan deputat seçilən millət vəkili Jalə Əliyevanın məsələyə münasibətini öyrənib. O, bildirib ki, baş verən hadisə haqqında məlumatlıdır: “Bayraq haqqında əsasnamə var. Kimsə necə və harda gəldi, bayrağı öz istəyinə uyğun bildiyi yerdə asa bilməz. Əlbəttə ki, şəhidlər baş tacımız, qürur yerimizdir. Eyni zamanda, Nurlanın xatirəsi hər bir azərbaycanlı üçün, bizim üçün dəyərlidir”. Sonra J. Əliyeva bildirib ki, Nurlan Abdullazadənin ailəsi, həm də kənd ağsaqqaları ilə görüşüb: “Görüş zamanı onlar şəhidin adının əbədiləşdirilməsini üçün Nurlan Abdullazadənin oxuduğu təhsil ocağına onun adı verilməsinin təklif ediblər. Artıq bu, istiqamətdə iş aparılır. Bununla belə, bir daha qeyd edirəm ki, dövlət bayrağının asılması qanunla tənzimlənir ”-deyə, o, bildirib.

Qeyd edək ki, Zərdab rayonunda icra başçısının göstərişi ilə təqaüddə olan və İcra Hakimiyyətində müqavilə əsasında şöbə müdiri vəzifəsində işləyən İsrafil Həmidov və Polis Şöbəsinin bir neçə əməkdaşı tərəfindən Zərdab rayon Dəkkə kəndində aprel döyüşlərində şəhid olan Nurlan Abdullazadənin qəbrinə hücum olunub. Şəhidin valideynləri də oraya çağırılıb. Atasının qəbirin yanında öz hesabına düzəltdirdiyi dövlət bayrağı dirəkdən endirilib. Bayrağı sökən İcra Hakimiyyəti əməkdaşları onu şəhid atası Rasim Abdullayevin üstünə ataraq, “bunu buradan götür”-,deyə, hörmətsizlik edərək, buraya bir daha bayraq asılmamasını tapşırıblar. Şəhid atası Rasim Abdullayev isə məsələyə öz etirazını bildirərək, oğlunun Vətən və bu bayrağın dalğalanması üçün şəhid olduğunu, həmçinin, özünün və yoldaşının bu bayraqdan təsəlli aldığını bildirib.

Anar

Gununsesi.info