“Kəllə qənd”ə yuyucu maddə qatmağa cəhd edən işbazlar məhkəmə qarşısına çıxarılacaq

  • By admin
  • 16 İyun 2020 12:58

Bəzi kütləvi informasiya vasitələrində bir sıra qənnadı məmulatlarının istehsalı ilə məşğul olan müəssisələrdə “kəllə qənd”in hazırlanmasında mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə edilməsi barədə məlumatlar yayılıb.

Gununsesi.org bildirir ki, bu barədə Oxu.Az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Məsələ ilə əlaqədar bildirilib ki, Asif İsmayılov, Əli Əliyev, Teyyub Nadirov, Maqsud Əlizadə və İran İslam Respublikasının vətəndaşı Tayef Davoud qənd sexlərində “kəllə qənd”in istehsalı zamanı məhsulun rənginin ağardılması məqsədilə xalça yuma məntəqələrində ləkələrin təmizlənməsi üçün istifadə olunan məhsulu qənd istehsalı sexlərinin sahiblərinə satmağa cəhd ediblər.

İnsan sağlamlığı üçün təhlükəli olan toz halında maddəni Bakı, Sumqayıt və respublikanın digər şəhərlərində fəaliyyət göstərən qənd istehsalı sexlərinin sahiblərinə satışının həyata keçirməsi, həmin fərdi sahibkarların qeyd olunan maddədən “kəllə qənd” istehsalı zamanı istifadə edərək, hazır məhsulların istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehsalçıları xeyli miqdarda aldatmağa cəhd etməsi barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) daxil olan material əsasında, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Asif İsmayılovun Cinayət Məcəlləsinin 29, 200.1-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satmasına cəhd), Əli Əliyev, Teyyub Nadirov və Maqsud Əlizadənin Cinayət Məcəlləsinin 29, 200.2.3-cü (külli miqdarda ziyan vurmaqla törədilməsinə cəhd), Tayef Davoudun isə Cinayət Məcəlləsinin 32.5, 29, 200.2.1 və 32.5, 29, 200.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq, 27 dekabr 2019-cu il tarixdə Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Hazırda Binəqədi Rayon Məhkəməsində cinayət işi üzrə məhkəmə baxışı yekunlaşmaq üzrədir.

Gununsesi.org