İstanbulda ÜST-ün ofisi açılacaq

  • By admin
  • 09 İyul 2020 21:01

İstanbulda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ofisi açılacaq.

Gununsesi.org-un APA-ya istinadla xəbərinə görə, bu barədə Türkiyə Səhiyyə Naziri Fəxrəddin Qoca  Ankarada səfərdə olan ÜST-ün  Avropa üzrə direktoru Hans Kluge ile birgə keçirilən mətbuat konfransında bildirib.

F.Qoca deyib ki, bu ofis İstanbulda ÜST-ün Avropa bölgəsi üzrə yeni növ koronavirusla (COVİD-19) mübarizə başda olmaqla səhiyyə ilə bağlı mühüm xidmət mərkəzi olaraq fəaliyyət göstərəcək.

Nazir deyib ki, bununla əlaqədar H.Kluge ilə imzalanacaq sazişdən sonra ofisin ən qısa zamanda fəaliyyətə başlaması üçün hazırlıqlar görüləcək.

Nazir Türkiyə Səhiyyə Nazirliyi nəzdində yaradılan Elm Qurumunun ÜST-ün tövsiyələrinə ciddi şəkildə əməl etdiyini də vurğulayıb.

H.Kluge bildirib ki, “postcovid” mərhələsində səyahət məhdudiyyəti aradan qaldırıldıqdan sonra ilk səfəri Türkiyəyə olub.

Pandemiya hələ bitmədiyi üçün hazırlıqlı olmağın vacibliyindən danışan H.Kluge ÜST rəsmisi kimi pandemiya başlayandan indiyədək Türkiyədə infeksiyaya yoluxma nisbətinin 75 faiz azalmasını, yaşı 65-dən yuxarı olanlara humanist mövqe nümayişini təqdir edib.

H.Kluge Türkiyənin COVID-19-la mübarizdə başqa ölkələrə dəstəyinə görə də təşəkkür edib.

 

 

Gununsesi.org