İstanbul terraktının arxasında kim və nə dayanır: Dollar, Suriya, Qərb, yoxsa, Şimal?

  • By admin
  • 12 Dekabr 2016 14:09

istanbul-4

“Avropa ölkələrinin liderləri arasında bir susqunluq müşahidə olunmaqdadır”

Türkiyənin İstanbul şəhərinin mərkəzindəki “Vodafon Arena” futbol stadionu yaxınlığında baş verən iki partlayışda 44 nəfərin həlak olması, 166-dan yuxarı şəxsin yaralanması ilə nəticələnən terror qardaş ölkəni yasa boğub, dünyanı silkələyib. Belə bir partlayışı hansı qruplaşmanın təşkil edib həyata keçirməsi, bu terrorun siyasi məqsədinin, hədəfinin nə olması ilə bağlı politoloqlar ən müxtəlif versiyalar irəli sürürlər. Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbulun Beşiktaş rayonundakı partlayışın təşkilində İŞİD və PKK terror təşkilatın şübhəli olduğu barədə açıqlama verib.

Bu haqda Gununsesi.info-nun sorğusunu çavablandıran politoloq Qabil Hüseynli  düşünür ki, Türkiyənin İstanbul şəhərində həyata keçirilən terror aksiyasının arxasında PKK-a dayanır:

“Eyni zamanda, PKK terror təşkilatına maddi yardım göstərənlər isə Avropa ölkələridir. Hesab edirəm ki, baş verənlər Türkiyədə daxili sabitliyi pozmağa, eləcə də Türkiyə siyasi rəhbərliyinə qarşı yönəlmiş şantaj idi. Məqsəd ölkəni xausa sürükləməkdir. Hər zamankı kimi Avropa ölkələri Türkiyəyə qarşı PKK-a (Kürd Fəhlə Partiyası) kartlndan istifadə edirlər. Sayca bu İstanbulda 5-ci terror aksiyasıdır. Ən maraqlısı odur ki, terror hadisəsilə bağlı Türkiyəyə başsağlığı verən dünya dövlətlərinin liderləri arasında Avropa ölkələrinin rəhbərləri yoxdur. Xatırladım ki, Fransada baş verən terror aktı zamanı dünya dövlətlərinin yarıdan çoxu, o cümlədən, Türkiyənin Baş naziri Parisə gələrək Fransa prezidenti Fransua Ollanda başsağlığı verərək, qanlı terror aksiyasını qətiyyətlə pisləmişdi”.

“İstanbulda növbəti terror aktının Ərdoğan hakimiyyətinin dollara qarşı atdığı addımlarla üst-üstə düşməsi arasında bir bağlılıq var”

Politoloq Azər Rəşidoğlu da öz növbəsində hesab edir ki, İstanbulda növbəti terror aktının Ərdoğan hakimiyyətinin dollara qarşı atdığı addımlarla üst-üstə düşməsi arasında bir bağlılıq var:

“Digər tərəfdən, Ankara Suriyada əməliyyatlar həyata keçirir və ABŞ, Rusiyanın nəzarətindən kənar əraziləri öz təsir dairəsinə keçirməyə başlayır. Belə bir vaxtda, İstanbulda terrorun olması prosesləri Türkiyə daxilinə keçirmək cəhdinə bənzəyir. Son terror hadisəsi Türkiyəni bir dövlət kimi həzm etməyən böyük güclərin, dövlətlərin törətdiyi hadisəyə bənzəyir. Türkiyənin NATO üzvü olmasına baxmayaraq, əsrlər boyu böyük güclər Türkiyəni məhv etmək siyasəti həyata keçirirlər. Baş verən müntəzəm terror hadisələrinə qarşı təhlükəsizlik qüvvələrinin effektiv mübarizə apara bilməməsi də diqqətə çəkilməlidir. Ərdoğan MİT-də (Milli İstihbarat Təşkilatı) ciddi kadr dəyişikliklərinə getmək zorundadır. Burada bir məsələyə də diqqət yetirmək lazım gəlir. Son terror hadisəsi Türkiyənin Rusiya ilə münasibətlərindəki gərginliyinin aradan qaldırıldığı bir vaxta təsadüf edir. Görünür, Türkiyə-Rusiya barışığın pozmaq istəyi də mövcuddur. Ümumiyyətlə, Türkiyənin müstəqil siyasət yeritməsi bir çoxlarını qıcıqlandırır və terror ilə Ankaranı qorxutmaq istəyirlər”.

“Etimal olunurdu ki, hadisədən sonra Avropa ölkələrinin liderləri terror aksiyasını qətiyyətlə pisləyəcəklər. Çox təəssüf ki, bu, baş vermədi”

Politoloq, millət vəkili  Elman Nəsirov isə Türkiyədaxili proseslərə terror vasitəsilə təsir göstərmək istəyən qüvvələrin olduğu fikrindədir:

“Dünən terrorçular növbəti dəfə Türkiyəyə qarşı öz çirkin niyyətlərini həyata keçirdilər. İndi sual yaranır ki, bunu kim edib və bu kimlər üçün lazımdır? Hazırda iki versiya üzərində iş aparılır. İlk olaraq PKK-a məsələsi araşdırılır və bütün izlər PKK-ya gedib çıxır. Eyni zamanda, İŞİD (İraq Şam İslam Dövləti) terror təşkilatının adı da hallanmaqdadır. Hələlik Türkiyənin bu məsələlərlə bağlı konkret rəsmi mövqeyi yoxdur. Yəni bu terror aktını kim edib? sualına hələlik birmənalı olaraq cavab yoxdur. İndiki vəziyyətdə terror aktının baş verməsi ilə bağlı müxtəlif səbəbləri göstərilir. Burada Türkiyə cəmiyyətini xausa sürükləmək niyyətindən tutmuş, Ərdoğan hökümətinə qarşı etimadsızlıq toxumun səpilməsinə kimi. Yenə də əsas hədəf Ərdoğandır”.

Politoloqun sözlərinə görə, Türkiyənin İstanbul şəhərində həyata keçirilən terror aktından sonra Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev başsağlığı verib:

“Amma Avropa ölkələrinin liderləri arasında bir susqunluq müşahidə olunmaqdadır. Etimal olunurdu ki, hadisədən sonra Avropa ölkələrinin liderləri terror aksiyasını qətiyyətlə pisləyəcəklər. Çox təəssüf ki, bu, baş vermədi”.

Anar

Gununsesi.info