“İsgəndər qalası”nda vətənin müdafiəçiləri ilə görüş

  • By admin
  • 18 Avqust 2016 14:01

isgandar1

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı şəhid İsgəndər Aznaurovun 60 illik yubileyi münasibətilə keçirilən tədbirlər çərçivəsində “İsgəndər qalası”nın müdafiəçiləri ilə görüş olub.

Gununsesi.info xəbər verir ki, Gədəbəy rayonunda dəniz səviyyəsindən 2300 metr yüksəklikdə, sərt relyef şəraitində təşkil olunan tədbirdə Müdafiə Nazirliyinin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə qəhrəmanın xatirə lövhəsi qarşısına gül dəstələri düzülüb.

Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani “topçu İsgəndər”in həyat və döyüş yolu barədə ətraflı məlumat verib.

Şəhid Milli Qəhrəman Məzahir Rüstəmovun atası İzzət Rüstəmov isə 1992-1993-cü illərdə qəhrəmanla görüşlərini xatırlayaraq, gənc əsgərlərə unudulmaz xatirələrini bölüşüb.

Tədbirdə çıxış edən millət vəkili, professor Xanhüseyn Kazımlı, Gədəbəy rayonunun prokuroru Allahverdi Səfərov və başqaları Azərbaycan Ordusunun gündən-günə daha da qüdrətləndiyini, dünyanın ən müasir, nizami orduları sırasına yüksəldiyini fəxrlə qeyd ediblər.

General-mayor Gəray Bağırov isə çıxışında bu gün də Azərbaycan əsgərinin ata-babalarımızın qəhrəmanlıq ənənələrini uğurla davam etdirdiklərini bildirib.

Qalanın müdafiəçiləri adından çıxış edən hərbi qulluqçu, çavuş Sakit Həsənov qonaqları əmin edib ki, onlar bundan sonra da vətən, xalq və dövlət qarşısında əsgəri borclarını şərəflə yerinə yetirəcək, İsgəndərin, Məzahirin qanı hopan bu qalanı mərdliklə qoruyacaqlar.

Sonda Gəncə Qarnizonu Zabitlər Evinin hazırladığı “Türk oğlu – Azərbaycan Qəhrəmanı” sənədli filmi nümayiş olunub. 

isgandar

Gununsesi.info