İranda teokratik rejim tarix səhnəsindən birdəfəlik silinə bilər - XALƏDDİN İBRAHİMLİ

  • By admin
  • 04 Yanvar 2018 15:58

Türkiyədə yaşayan azərbaycanlı professor Xaləddin İbrahimli «Bizim Yol» qəzetinə müsahibəsində İranda baş verən hadisələrlə bağlı fikirlərini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, o, qonşu ölkədə iğtişaşlara gətirib çıxaran etirazların səbəbləri, baş verənlərə daxili və xarici faktorların təsiri, hadisələrin bundan sonrakı inkişaf ssenariləri barədə rəylərini bölüşüb.

Beləliklə, Xaləddin İbrahimli ilə müsahibəni oxuculara təqdim edirik:

 İranda davam etirazlar ölkənin hər yenrinə yayılır və daha aqressiv xarakter alır. Sizcə, hadisələr İranda hakimiyyət çevrilişi ilə nəticələnə bilərmi?

– Hər şey ola bilər, İran mürəkkəb ölkədir. Teokratik rejim tarix səhnəsindən birdəfəlik silinib gedə də bilər. Çünki xalqın əksəriyyətinin gözündə bu rejim artıq məşhurluğunu itirib. İran xalqının bir hissəsini bir müddət aldatdılar. Amma “xalqın hamısını hər zaman aldatmaq olmaz”. İndi hadisələr belə bir fazaya girib. Onu da unutmaq olmaz ki, İran dünyada gəncləri çox olan 3 ölkədən biridir. Bu enerjili və dinamik güc azadlıq, çalışmaq və normal yaşamaq, bir sözlə dəyişmə istəyir.

– Baş verənlərlə bağlı çeşidli yorumlar var, sizcə əsas səbəblər hansılardır?

– Əsas səbəb odur ki, uzun zamandır xalq aldadılır, aşağılanır, həm kasıb yaşayır, həm də təməl insan haqlarından mərhum edilib. Dindən, imandan, ədalət kimi ali dəyərlərdən danışan yönəticilər korrupsiyaya qurşanıb, şəxsi mənfəətləri üçün çalışırlar və bu saxtakarlıq açıq görünür. Bunu görməzdən gəlib, hər şeyin xaricdən qızışdırıldığını söyləmək və ona inanılacağını düşünmək sadəlövhlükdür. Xalq gerçəyi bilir.
Yeri gəlmişkən bir gerçəkliyi də dilə gətirməkdə fayda var. Son 10 ildə dünyda informasiya texnologiyaları o qədər gəlişdi ki, indi bir sirrin sirr olaraq qalması imkansız hala gəlib. Hər kəsin əlində informasiya almaq vasitəsi var. Təəssüf ki, bir çox siyasi liderlər və yönəticilər bu ciddi dəyişmənin yaratdığı yeni situasiyaları dəyərləndirə və fəaliyyətlərini bu gerçəkliyə uyğun qura bilmirlər. İranda da inanırdılar ki, hələ də xalqı aldada bilirlər.

– İran indi bölgəsəl gücdür və Orta Doğuda çox qabağa gedə bildi. Onun daxildən sarsılması belə asandırmı sizcə?

– Doğrudur. İran son 10 ildə əsaslı şəkildə bölgəsəl gücə çevrildi və bu Qərbi, İsraili, Səudiyyəni narahat etməyə bilməz. İranın bölgəsəl gücə çevrilməsinə təsir edən üç amilə diqqət yetirməkdə fayda var: birincisi, daxili amil, yəni ölkənin teokratik yapısı və burdan qaynaqlanan məzhəbçilik siyasəti; ikinci Rusiyanın 1993-cü ildən yürütdüyü Avrasiyaçılıq siyasəti, yəni Kremlin İrana düşmən kimi yox, bölgədə imkan yaradan bir dövlət kimi baxması, Qafqaz, Orta Asiya və Orta Doğuda Moskva-Tehran işbirliyinin yaranması; üçüncüsü ABŞ-ın post-sovet məkanında, ardından isə Orta Doğuda yol verdiyi ciddi yanlışlar.
Diqqət yetirsəniz görərsiniz ki, bu üç amildən birində dəyişmə baş verməsi yetərlidir ki, İran bölgəsəl güc imkanlarını itirsin. Yəni, İranın bölgəsəl güc olması toplumun gücünə, sərt gücə, ekonomik gücə, elm və texnologoyinın gücünə dayanmır, məzhəbçilik isə dayanıqlı yumşaq güc ola bilməz. Bu gün baş verən hadisələr deyilənlərin nə qədər gerçək olduğunu göstərir. Bu baxımdan ABŞ, ya da İsraillə rəqabət aparan bir dövlət hakimiyyətin hansı siyasi yapıya malik olmasının, hansı yöntəmlərlə yönəldildiyinin, toplumun hansı durumda olmasının fərqinə varmalıdır.

 Dövlətin Orta Doğuda pul xərcləməsi onun bölgəsəl güc olmasına xidmət edir. Ölkə vətəndaşları bu gerçəkliyi anlamırmı?

– Təbii ki, anlamamış olmazlar. İran əhalisi Həşdi Şabi, Hizbullah kimi hərbi birliklərin neft və qaz gəlirləri ilə yaradıldığını və ayaqda tutulduğunu, ölkə içində kasıbçılığa və işsizliyə, eləcə də korrupsiyaya bu məsələlərin əsas səbəbi olduğunu yaxşı bilir. Gerçəklik isə budur ki, İranın bölgəsəl güc olma potensialı yoxdur. Onun iqtisadiyyatı imkan vermir ki, daxildə və xaricdə 100 minlərlə əsgər saxlasın, onu silah sursatla təchiz etsin. Belə siyasətdən göründüyü kimi xalq əziyyət çəkir və o da bir yerə qədər dözür. Xalqın rifahı hesabına uzun müddət belə siyasət yürütmək olmaz.

– Qarışıqlıqda xarici güclərin əli ola bilməzmi?

– Xarici gücün barmağı hər zaman tapılır. Amma “ərəb baharı” kimi bir planın olmasını iddia etmək yanlışlıqdır. Böyük Ortadoğu Projesində də İranın bölünməsi deyilən bir tezis yoxdur. İran qapalı rejimdir və içəridəki xəfiyyə sistemi də pis çalışmır. Digər tərəfdən indiki halda Trampın dedikləri bəlkə də teokratik rejimin xeyrinədir. Amerika yumşaq gücünü, Tramp isə hörmətini o qədər zədələdi ki, dünyada çoxları düşünür ki, keşkə baş verənlərlə bağlı Tramp fikir bildirməyə.

 İranın dağılmasını istəyən və istəməyən kimlərdir?

– ABŞ 1995-ci ildən Rusiyanın dağılmasını istəmədi, İranın dağılmasını da heç istəməyib. Səbəb Avrasiyada Türkiyənin çəkisinin artmasından qaynaqlanan qorxudur. Avropa Birliyi və İsrail də İranın dağılmasını deyil, teokratik rejimin dəyişməsini istəyir ki, ölkənin içinə qapılar açılsın. Rusiya, Türkiyə, İraq, Suriya, Livan Orta Doğuda baş verənlərdən dolayı İranda sabitliyin tərəfdarıdırlar, onları da anlamaq çətin deyil. İran Suriyadakı kimi bir durumla üzləşərsə, Orta Doğuda yeni və daha gərgin hadisələr baş verəcək. Ermənistan, Azərbaycan, Türkmənistan, Pakistan, Əfqanıstan kimi qonşu yönətimlər də İranın daxilində stabilliyin olmasının, hər şeyin əvvəlki kimi qalmasının tərəfdarıdırlar.

– Belə bir şəraitdə optimal olan variant hansıdır?

– İranın Suriyanın gününə düşməsi arzuolunmayan bir variantdır. Referendumun keçirilməsi və ölkənin siyasi yapısının dinc şəkildə dəyişdirilməsi ən uyğun olandır məncə. Amma indiki yönətimi bu referendumun keçirilməsinə məcbur etmək lazımdır.

– Güney Azərbaycan nə etməlidir?

– İranda yaşayan bütün xalqlar öncə ölkənin teokratik yapısını dəyişdirməlidirlər. Hamı bu prosesə qoşulmalıdır, töhvə verməlidir. Hər kəs öz gələcəyinin qurulması prosesində iştirak etməlidir. Xaos və qarışıqlıq olmadan bu mərhələnin başa vurulması həm İran, həm də çevrəsi üçün çox yaxşı olardı. Onsuz da bu gec tez baş verəcək. İndiki beynəlxalq vəziyyətin diqtə etdiyi optimal variant budur. Amma hansı beynəlxalq vəziyyətin mövcud olmasından asılı olmayaraq çevrə dövlətləri İrandakı hadisələrə münasibət bildirən zaman xalqın istəklərini də görməzdən gələ bilməz. Xaricdən heç kim xalqın istəklərinə qarşı çıxmamalıdır. Ox yaydan çıxıb, xalqın səsinə qulaq vermək lazımdır.

– Amma Azərbaycan məsələsinə baxışda fikirlər çox haçalanır…

– Bu məsələdə fikirlər hər zaman haçalanıb. Bir yol, bir strategiya olmalıdır və xalq da onu bilməlidir. Təəssüf ki, indiyə qədər bu olmayıb. Baxın, Güneyli soydaşlarımızın xarcdə fəaliyyət göstərən birlikləri nə qədər fərqli və bir-birlərinə tərs fikirlər söyləyir. Daxildə də durum eynidir. Azərbaycan Cümhuriyyətindəki siyasilər də çeşidli yollar təklif edir, tövsiyyələr verir. Güneydə xalqın beyni zaman-zaman çox qarışdırılıb. İndi şəraitə uyğun bir strategiya lazımdır. Bu isə öncə rejimin dəyişdirilməsi, ölkədə demokratiyanın bərqərar olmasıdır. Demokratiyanın önü açıq, imkanları çoxdur. O, Güney üçün də böyük imkanlar yaradacaq. Amma demokratiyanın ağıllı, yetkin, aktiv, mübariz vətəndaş tələb etdiyini də unutmaq olmaz.

Gununsesi.info