İlk dəfə qardaşları ilə efirə çıxan Röya: “Onlar türk vətəndaşı oldular” – VİDEO

  • By admin
  • 15 İyun 2020 15:03

“Anam biləndə ki, mən ifaçılığa başlamışam, İstanbuldan Bakıya gəldi. Atamla aralarında mübahisə yarandı. Anam atama bunları dedi: “Mən sənə qızımızı əmanət etmişəm, sən isə onu müğənniliyə çəkirsən. Özün tarçı və xanəndə, mən isə ingilis dili müəlliməsi. Bizim ailəmizdən müğənni çıxa bilməz. O kişini (bəstəkar Vaqif Gərayzadə – red.) tanıyırıq? Qızımızı hara aparıb-gətirdiyini bilirik?” Atam isə ona cavabında dedi: “O kişi musiqi aləminin məşhur simasıdır. İnanıram ki, balam bir atanın yanına gedib-gəlir. Sən bu işlərə qarışma, artıq mən varam”.

Gununsesi.org Oxu.Az-a istinadla xəbər verir ki, bu sözləri ötən gün 38 yaşını qeyd edən Xalq artisti Röya Ayxan “İctimai” televiziyada yayımlanan “Gəl qonaq ol!” proqramında qonaq olarkən deyib.

Ailə üzvləri ilə ilk dəfə kamera önünə keçən sənətçi səmimi etirafları ilə diqqət çəkib.

Röya atasının ona aldığı açıq-saçıq libasa görə anası ilə münaqişə yaşadığını bildirib:

Röyanın anası Telli xanım

“Atam mənə ilk dəfə kürəyi açıq libas aldı. Anam həmin geyimi görəndə dəli olmuşdu. Gecə yatanda anamın yüksək səslə söylədiyi “Bu paltarı cırmaq lazımdır. Röya bu paltarı geyinməyəcək” kəlmələrini eşitdim (gülür). Lakin zaman keçdikcə anam məni hamıdan daha çox dəstəkləməyə başladı. Sənətə gəldiyim 5-6 ildən sonra anam İstanbulda mağazanın önündən keçəndə görüb ki, çox sayda insan disklərimi alır. Yaxınlaşıb satıcıya deyib ki, bu qız mənim övladımdır. Sonra zəng vurub mənə bunları danışanda ona dedim: “Nə oldu, bəs məni qəbul etmirdin?”

Verilişdə qardaşları Ayxan və İsmayılla bir masa ətrafında əyləşən Xalq artisti onlardan da söhbət açıb:

Röyanın qardaşı Ayxan

Röyanın qardaşı İsmayıl

“İsmayılı hamı tanıyır. Çünki o daim mənim yanımda olub. Birlikdə mənimlə verilişlərə çıxıb. Amma Ayxanı heç kim görməyib. Çox adam elə zənn edir ki, oğlumun adı Ayxandır, bu səbəbdən də onun adını soyadım kimi götürmüşəm. Amma əslində, bu belə deyil. Qardaşım Ayxan dünyaya gələndən problemli uşaq olub. Hər zaman qorxmuşuq ki, xəstələnər. Ona bir şey olar… Bu səbəbdən onun adını soyadım kimi götürmüşəm ki, hər zaman yanımda yaşasın. Ayxanın 30 yaşı var. Sağlam oğlandır.

İndi atamın ən xoşbəxt günləridir. Çünki İsmayıl ilə Ayxan dörd yaşından İstanbulda yaşayıb. İsmayıl tez-tez Bakıya gəlsə də, Ayxan cəmi iki dəfə gəlib. Atam onlarla görüşmək üçün hər zaman İstanbula gedib. Karantin müddətində qardaşlarım hərbi xidmətlərini başa vurdular. Türk vətəndaşı olmaq üçün Bakıdan çıxıb İstanbula getmək istədikləri vaxt koronavirus pandemiyası ilə əlaqədar sərhədlər bağlandı. Qardaşlarım Bakıda qalmalı oldular. Atamın arzusu sanki çin oldu. Neçə illərdir oğullarının həsrətini çəkir, onları doyunca görə bilmirdi. İndi üç aydan çoxdur ki, Ayxan ilə İsmayıl atamın yanındadır”.

R.Ayxan “Xalq artisti” fəxri adına layiq görülsə də, həyatında heç bir dəyişikliyin olmadığını söyləyib:

“Yekəxanalıq, özünü öymək, mənəm-mənəmlik mənlik deyil. “Xalq artisti” adını zəhmətimin qarşılığında almışam. Amma həyatımda heç nə dəyişməyib. Eyni kətan köynəkdə, cins şalvarda yenə də dədəmin qızıyam. Hamı kimi mən də problem yaşayan bir insanam. Allah müğənniləri seçir, ulduz edir, amma onlara həyatında çox şeylər vermir. Bir az nələrsə verir, onunla da dadını çıxarırıq. Çox istərdim ki, atamın böyük həyət evi olsun. Onu da sənin üçün edəcəyəm (gülür)…

Proqramın gedişatında verilişin aparıcısı Saleh Bağırovun “Fikir vermisən, ən yaxşı aşpaz kişilər olur” fikrinə Röya “Bəli, elə də olmalıdır. Qadının işi uşaq dünyaya gətirməkdir” deyib, bu mövzuda olan düşüncələrini belə davam edib: “Mənə deyirlər ki, “Oğlun Hüseyn təkdir. Bəlkə həyatına kimsə gələr, yenidən ana olarsan…” Cavab olaraq söyləyirəm ki, “Heç zaman. Bundan sonra yenidən ailə qurub, övlad sahibi olmaq həvəsim yoxdur”.

Gununsesi.org