İlham Əliyevin istefaya göndərdiyi generallar kimdir? - FOTOLAR

  • By admin
  • 27 Fevral 2020 17:19

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin 3 generalını – Cəbrayılov Asif Mikayıl oğlu, Xəlilov Əsgər Sabir oğlu, Tağı-zadə Fərhad Sabir oğlu istefaya göndərib.

Gununsesi.org istefaya göndərilən generallarla bağlı araşdırma edib. Məlum olub ki, hər 3 general DSX-nin ən yüksək vəzifəli zabitləri olub.

General-leytenant Asif Cəbrayılov

– DSX rəisinin əməliyyat-axtarış işi üzrə müavini vəzifəsində çalışıb. 2014-cü ildə prezident İlham Əliyevin sərəncamı ilə general-leytenant hərbi rütbəsi verilib.  Bundan əvvəl  Milli Təhlükəsizlik Nazirliyində çalışıb. O, Azərbaycan konstitusiya dövlət quruluşunun müdafiəsində, milli təhlükəsizliyinin təmin edilməsində, xarici ölkələrin xüsusi xidmət orqanlarının kəşfiyyat, terror-təxribat və digər pozuculuq fəaliyyətinin qarşısının alınmasında, dövlət sərhədinin mühafizəsində xüsusi xidmətlərinə görə “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib. Bu gün ölkə başçısı tərəfindən Dövlət Sərhəd Xidmətinin 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

General-leytenant Əsgər Xəlilov

– 1955-ci ildə Şəki şəhərində anadan olub. 1972-ci ildə Şəki şəhər 8 saylı orta məktəbi bitirdikdən sonra Moskva şəhərində Ali Sərhədçilər Məktəbinə daxil olmuş və 1976-cı ildə oranı müvəffəqiyyətlə qurtarıb Sərhəd Zastavasında xidmətə başlamışdır. 1978 – 1980-ci illərdə Moskva şəhərində SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali məktəbində təhsilini artırıb və buranı bitirdikdən sonra Sərhəd Qoşunları kəşfiyyat orqanlarında xidmətini davam etdirib. 1986-cı ildə Bakı Əlahiddə Buraxılış Məntəqəsi rəisinin müavini vəzifəsinə təyin olunub və 1988 –1992-ci illərdə həmin məntəqənin rəisi vəzifəsində çalışıb. 1992-ci ildə Azərbaycan Respublikasının Sərhəd Qoşunları yarandıqdan sonra Bakı Əlahiddə Buraxılış Məntəqəsinin rəisi kimi hərbçi fəaliyyətini davam etdirib və 2009-cu ilədək Sərhəd Qoşunlarında müxtəlif yüksək vəzifələrdə işləyib. 2009-cu ildə Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini vəzifəsinə təyin olunub və Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə ona general-mayor yüksək hərbi rütbəsi verilib. 2017-ci ildən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmət rəisinin müavini və eyni zamanda Sərhəd Qoşunlarının komandanıdır. 2018-ci il avqustun 16-da general-leytenant hərbi rütbəsi daşıyır. “Hərbi xidmətlərə” medalı (2002); “Vətən uğrunda” medalı; “Azərbaycan Bayrağı” ordeni; “Hərbi xidmətlərdə fərqləndiyinə görə” III dərəcəli medalı ilə təltif edilib. Bu gün ölkə başçısı tərəfindən Dövlət Sərhəd Xidmətinin 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

General-leytenant Fərhad  Tağı-zadə

– Dövlət Sərhəd Xidməti rəisinin beynəlxalq əlaqələr üzrə müavini – Beynəlxalq Əlaqələr İdarəsinin rəisi  vəzifəsində çalışıb. 2016-cı ildə «İgidliyə görə» medalı ilə təltif edilib. Bu gün ölkə başçısı tərəfindən Dövlət Sərhəd Xidmətinin 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

 

Gununsesi.org