İlham Əliyevdən rüşvət alan məmurlara həbs mesajı: Allahsızlıqdır, pullar mənimsənilir, bu cinayətlərə görə cavab verəcəklər

  • By admin
  • 16 Mart 2020 17:48

“Mən bu adamları vəzifəyə təyin etmişəm və vəzifəyə təyin edilərkən bir çox tapşırıqlar, tövsiyələr vermişəm. Onların arasında ən vacibi o idi ki, get, təmiz işlə, rüşvət alma, vətəndaşlara kobudluq göstərmə, təkəbbürlü olma, vətəndaşlara dayaq ol”.

Gununsesi.org xəbər verir ki, bunu ölkə başçısı İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edən zaman deyib. Daha sonra İlham Əliyev tənqidlərinə bunları əlavə edib:

“Onların dövlət mülkiyyətini talaması, sahibkarları incitməsi, sahibkarlardan pul alması, hər bir təyinata görə pul alması, məktəb direktorlarından, xəstəxanalardan aylıq haqq alması allahsızlıqdır və onlar bu cinayətlərə görə cavab verəcəklər. Biz işsiz qalan vətəndaşlar üçün şərait yaradırıq ki, onlar evinə çörək pulu aparsın.

O da böyük məbləğ deyil, minimum əməkhaqqı səviyyəsindədir. İndi minimum əməkhaqqı artıb, ona görə bu vətəndaşlar daha böyük məbləğ alırlar. Amma bəzi hallarda bu pullar mənimsənilir. Yaxud da Neftçala rayonundakı cinayətkarlıq hadisəsi barədə mənə məlumat verildi ki, ödənişli işlə təmin edilən 73 nəfəri öz təsərrüfatlarında qul kimi, nökər kimi işlədirdi.

Bu, nədir? Ağadır, bəydir, xandır? İndi bütün ölkə ona nifrət edir, onun və onun kimilərin biabırçı hərəkətlərinə görə. Hamı bilsin ki, məsələ bununla bitməyəcək. Birinci hadisə oldu, eşitmədilər, ikinci hadisə oldu, eşitmədilər.

Neçəsi həbs olunmalıdır ki, bunlar öz çirkin əməllərindən əl çəksinlər?! Bu proses davam etdiriləcək və hamı üçün də dərs olmalıdır. Ona görə bu biabırçı hallarla bağlı daha ciddi addımlar atılacaq”.

Gununsesi.org