İcra başçısı vətəndaşın pulunu “atıb”

  • By admin
  • 24 May 2016 08:23

v_isayev-berde-ib-300x240

Yasamal rayon sakini Elgiz Cəfərov üzləşdiyi haqsızlıqla bağlı “Azadlıq” qəzetinə müraciət edib. Elgiz Cəfərovun şikayəti Bərdənin icra başçısı Vidadi Isayevdəndir. Şikayətçi yazır ki, bir neçə il əvvəl rəhbərlik etdiyi briqada ilə Bərdədə abadlıq işləri görüb:”43 nəfərlə öz doğma rayonum olan Bərdəyə getdim.

Getdiyimiz gün Bərdə Rayon Icra Hakimiyyətinin təmir tikinti işlərinə rəhbərlik edən Mahmud məllimlə (sonradan məlum oldu ki, icra başcısının bacanağıdır) şifahi əqd bağladım. Elə həmin gün də görüləcək işlərlə tapşırığını verdi. Bizim işimiz yol kənarı hasarların, mağazaların, idarə binalarının fasadını yeniləmək idi. Işin qiymətini danışıb razılaşdıq. Mahmud müəllim dedi ki, burada heç kimdən pul istəməyin. Gördüyünüz işlərin hesabatını icra hakimiyyətində işləyən Vüqar adlı şəxsə təqdim edin, pulu isə məndən alın. Biz də razılaşdıq. Ilk günlərdə hər şey normal idi. Ustalara pul lazım olanda Mahmud müəllimə deyirdik verirdi. Lakin iş yekunlaşanda bizi incitməyə başladılar. Bizə tapşırılan işləri tam bitərəndən sonra icra başçısı Vidadi Isayevin qəbuluna getdim. Onların bizə 5300 manat borcu qalmışdı. Vidadi Isayev dedi ki, narahat olmayın. Dedi ki, siyahını Mahmud müəllimə verəcək və biz də pulu ondan götürəcəyik. Getdik şəhər parkına, orada zəng edib Mahmud məllimi çağırdı. Mən bir qədər kənarda idim. Onlara yaxınlaşmaq istəyəndə icra başçısının qoçuları qarşımı kəsdi. Mənə dedilər ki, əgər burdan uzaqlaşmasan səni içəri soxacağıq, alacağın pulun üstünə də 5300 qoyub polisdən özünü qurtarasan. Mən də ordan uzaqlaşdım. Səhəri gün icra başçısının müavini Vidadi Imanquliyevi tapdım. O, mənə cəmi 800 manat pul verdi və tələb etdi ki, Bərdəni tərk edim. Bildirdi ki, əks halda məni həbs etdirəcəklər. Ordan uzaqlaşdım, ustalar haqlarını tələb etməyə başladılar, mən də məcbur qalıb faizə pul götürüb borcu ödədim. Və həmin gündən sonra Bərdədən uzaqlaşaraq gəlib Bakıda işləyib borcumu qaytarmağa çalışdım. Ancaq müəyyən vaxta qədər o pulun faizini qaytara bildim. Əsas məbləğ olan 6000 dollar qalırdı, faizi dollarla götürmüşdüm, o vaxt dolların kursu 0.78 manat idi, sonralar bəzi ayları verə bilmədim. Borc 8000 dollar oldu. Məcbur qalıb keçən ilin yayda ata evimizi satdırıb o borcu bağladım”.

Elgiz Cəfərov bildirir ki, məsələ ilə bağlı Bərdənin deputatı Zahid Oruca müraciət edib. Deputat ona köməklik edəcəyini bildirib: “Zahid müəllim Vidadi Isayevlə görüşməyimə kömək etdi. Zahid müəllimin şahidliyi ilə icra başçısına hər şeyi olduğu kimi danışdım. Icra başçısı bütün məsuliyyəti Mahmud müəllimin üzərinə atdı. Dedi, gedin onu verin məhkəməyə. Qayıdıb gəldik Bakıya. Zahid müəllim Vidadi Isayevin bacanağı olan həmin Mahmuda zəng etdi və ondan mənimlə görüşüb dərdimi dinləməyi xahiş etdi. Mahmud müəllimlə görüşdüm. O da məsuliyyəti Vidadi Isayevin üstünə atdı. Dedi ki, o bütün işləri Vidadi Isayevin tapşırığı ilə etdiyini bildirdi. Həmçinin dedi ki, həmin işlər üçün dövlət büdcəsindən pul ayrılsa da, Vidadi Isayev xərcləri obyekt sahiblərinin və idarə müdirlərinin üzərinə qoyub. Sonra da idarə müdirlərini işdən qovub, onların yerinə qohum-əqrabasını təyin edib. Nəticədə isə zərbə bizə dəyib”.