İcra başçısı: Aramızda elə məmurlar var ki, yardımları mənimsəyir

  • By admin
  • 14 May 2020 12:21

“Ölkə prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatlara qədər idarəetmə sistemində yerlibazlıq, qohum-əqrəbasını vəzifələrə təyin etmək adi hal almışdı. Bu da dövlətçiliyimizi parçalamaq və xəyanət deməkdir. İcra orqanlarında yerliçilik, qohum-əqrəbalarının idarəetmə sisteminə daxil edilməsi rüşvətxorluğa və korrupsiyaya zəmin yaradır”.

Gununsesi.org xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında Daşkəsən rayonunun icra başçısı, keçmiş deputat Əhəd Abıyev deyib. O, qeyd edib ki, bu gün aparılan çox doğru kadr islahatları bütün Azərbaycan xalqını sevindirir:

“İlham Əliyevin qayğısının nəticəsidir ki, xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə də imkansız ailələr dövlət tərəfindən yardımlarla təmin olunurlar. Təəssüf ki, aramızda elə məmurlar var ki, yardımları lazımi ünvanlara çatdırmır, mənimsəyirlər. Bəziləri də xüsusi karantin rejimini pozaraq saxta arayışlar verirlər”, – deyə Əhəd Abıyev vurğulayıb.

İcra başçısı qeyd edib ki, şəxsən özü Daşkəsənin Zağallı kənd icra nümayəndəsi Hətəm Əzizovu qanunsuz əməllərinə görə işdən çıxarıb:

“Hətəm Əzizov vəzifə səlahiyyətlərindən istifadə edərək vətəndaşlara qanunsuz arayışlar verib. Bununla da xüsusi karantin rejiminin qaydalarını pozub. Onun bu əməlləri aktlaşdırılıb. Mənim 43 saylı əmrimlə işdən çıxarılıb. Barəsində toplanmış materiallar isə Daşkəsən rayon Prokuroluğuna göndərilib.

Onu da qeyd edim ki, bu gün bəzi icra başçılarının qanunsuz əməllərini əsas gətirərək sosial şəbəkələrdə bütün icra başçılarına qarşı qarayaxma kampaniyası aparılır, uydurma materiallar dərc edilir. Bu cür addımlar təəssüf doğurur”.

Gununsesi.org