Hüquq müdafiəçilərindən Allahşükür Paşazadə bəyanatı

  • By admin
  • 13 İyun 2020 10:42
Bir qrup hüquq müdafiəçisi və QHT rəhbərləri QMİ sədri Hacı Allahşükür Paşazadəyə qarşı aparılan kampaniyaya etiraz olaraq bəyanat yayıb.
Gununsesi.org həmin bəyanatı təqdim edir:
Təəssüf ki, bu çətin zamanda, insanların bir-birinə daha çox ehtiyacı olduğu bir vaxtda sosial şəbəkələrdə tanınmış insanların təhqir olunması bizi çox narahat edir. Xüsusən, mənəvi dəyərlərimizin təməli olan islam dininə qarşı sanki bir səlib yürüşü başlayıb. Bütün Qafqazın Şeyxini heç bir fakta söykənməyən böhtan dolu aşağılayıcı ifadələrlə təhqir edirlər. Onlar başa düşməlidirlər ki, təhqir etdikləri insan çox yüksək mərtəbədə yer tutan bir dövlət adamı – hər hansı bir məmur deyil, əlinə Qurani-Kərimi götürərək Qanlı Yanvar faciəsini ilk olaraq dünya ictimaiyyətinə çatdıran, cani Qorbaçova sərt ittihamlarla dolu məktub göndərən, Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizin dəfnini dini adət-ənənələrimizlə təşkil edən bir din xadimidir.
Hesab edirik ki, bu təhqir Hacı Allahşükür Paşazadənin şəxsinə deyil, Quran sədaları altında dəfn etdiyimiz ata-babalarımızın, gənc ömürlərini bizlərin azadlığı uğrunda, Qarabağ uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhlarını incidərək mənfur düşmənlərimizin dəyirmanına su tökməkdir.
Biz bəzi sosial şəbəkələrdə yayılmış bu böhtanları dinimizə qarşı yönəlmiş bir qəsd olaraq qəbul edir və sərt etirazımızı bildirir, heç bir fakta söykənməyən, əsası olmayan, insan ləyaqətini alçaltmağa yönəlmiş bu cür informasiyalardan təkzib vermələrini və bütün Qafqaz müsəlmanlarından üzr istəmələrini tövsiyə edir və gözləyirik:
D.Əliyeva adına AQHMC İB-nin sədri Novella Cəfərova,
Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti-AMB İB-nin sədri Səadət Bənənyarlı,
İnsan Hüquqüları və Qanunçuluğun Müdafiəsi İB-nin sədri Səidə Qocamanlı,
D.Əliyeva adına AQHMC İB-nin sədr müavini Nabat Qəniyeva,
Jurnalistlər Ekstremal Şəraitdə İB-nin sədri Firuzə Əsədullayeva,
Din və Maarifçilik Mərkəzinin sədri Əntiqə Qurbanova.

 

Gununsesi.org