Hikmət Hacıyev: “Xocalı soyqırımı insanlıq əleyhinə cinayətdir”

  • By admin
  • 24 Fevral 2020 15:39

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Azərbaycan Respublikasının beşdə bir hissəsi işğal edilib, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb və 20 mindən artıq soydaşımız hərbi əməliyyatlarda həlak olub.

Gununsesiaz.info-nun məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Məcburi köçkün qadınların ədalət çağırışı: sülh və təhlükəsizlik məsələləri gündəmində onların ehtiyaclarının qarşılanması” adlı tədbirdə deyib.

H.Hacıyev bildirib ki, bugünkü tədbir, eyni zamanda Azərbaycan xalqının ağrılı bir yarası olan Xocalı soyqırımının növbəti ildönümünə təsadüf edir: “Xocalı soyqırımı insanlıq əleyhinə cinayətdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində işğal pislənir, Azərbaycanın beynəlxalq səvviyədə tanınmış ərazi bütövlüyü təsbit edilir. Bu qətnamələrdə Azərbaycanın üzləşdiyi humanitar aspektlər də əksini tapıb. Qətnamələrdə Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxması tələb olunur. BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə bağlı qətnamələri icra edilənə qədər qüvvədədir”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Azərbaycan münaqişənin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquqa uyğun həllinin tərəfdarıdır.

H.Hacıyev vurğulayıb ki, Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb və onların sırasında 106 qadın, 63 uşaq və 70 qoca var: “Xocalıda 1275 nəfərin əsir götürülməsi, 787 nəfərin şikəst olması və 150 nəfərin itkin düşməsi ilə nəticələnmiş hadisələr baş vermişdir. Dünyanın 16-dan artıq ölkəsi, o cümlədən də çoxsaylı yerli parlamentlər, yerli qanunverici orqanlar səviyyəsində Xocalı soyqırımı kimi tanınıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edilib ki, bu qətnamələrdə də Ermənistanın Azərbaycana qarşı güc istifadə etməsi kəskin şəkildə pislənilir, hərbi təcavüz yolu ilə torpaq əldə edilməsinin qəbuledilməzliyi vurğulanır, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi bir daha təsbit edilir. Həmçinin bu qətnamələrdə humanitar aspektlər və Azərbaycanın üzləşdiyi humanitar fəlakət amilləri də öz təsbitini tapıb. Bu qətnamələrdə tələb olunan ən vacib məqam isə Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasıdır. Bu qətnamələr icra olunmayana qədər onlar qüvvədədir. Azərbaycan tərəfindən qaçqın və məcburi köçkünlərin, xüsusilə də məcburi köçkün qadınların hüquqlarının təmin edilməsi, onların cəmiyyətdə inteqrasiyası və rolunun möhkəmləndirilməsi istiqamətində bütün zəruri tədbirlər görülür. Həmçinin, beynəlxaıq səviyyədə üzərimizə götürdüyümüz öhdəliklərdən çıxış edərək, xüsusilə BMT Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsinin icrası ilə bağlı 2020-2023-cü illəri əhatə edən Milli Fəaliyyət Planının layihəsi hazırlanıb. Bu xüsusda Azərbaycan Respublikasının aidiyyatı dövlət orqanları, xüsusilə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rolunu qeyd etmək istərdik. Bu prosesə vətəndaş cəmiyyətinin nümayəndələri və bu sahədə aktiv olan qeyri-hökumət təşkilatları da cəlb olunmaqla Milli Fəaliyyət Planının layihəsi hazırlanıb ki, hazırda dövlət qurumlarnın iştirakı ilə onun son mərhələyə çatdırılması istqamətində iş aparılır”.

Gununsesiaz.info