Heydər Əliyev-Müstəqil, müasir Azərbaycanın banisi - ƏHƏD ABIYEV YAZIR

  • By admin
  • 11 Dekabr 2018 13:04

Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev mərhun prezident, ulu öndər Heydər Əliyevin haqqında müəllif yazısı ilə çıxış edib.

Gununsesi.org həmin məqaləni təqdim edir: 

Heydər Əliyev – müasir və müstəqil Azərbaycanın banisi, yaradıcısı, qurucusu, xalqımızın Ümummilli lideri, dahi və müdrik Şəxsiyyət, dünya şöhrətli siyasətçi… Ulu öndərin atdığı hər bir tarixi addımı bilavasitə bir amala – Azərbaycan dövlətinin və xalqının müstəqillik məfkurəsinin yaradılmasına yönəlmişdi. Əbəs deyil ki, bu dahi Şəxsiyyət Azərbaycan xalqı, ölkəmizin müstəqilliyə qovuşması uğrunda canını, sağlamlığını belə əsirgəməyib, bu yolda nəinki Özünün, hətta ailə üzvlərinin həyatını təhlükədə qoymaqdan çəkinməyib və biz, bu tarixi məqamların təhlilini apardıqca hər dəfə yeni şərəf səhifəsini açmış oluruq.
Azərbaycan xalqının qan yaddaşına daxil olan 20 Yanvar faciəsi zamanı, demək olar ki, müqəddəratı həll olunmuş xalqının səsinə hər kəsdən əvvəl səs verən məhz bu dahi Şəxsiyyət – Ulu öndər Heydər Əliyev oldu. O zaman Ümummilli liderimiz Moskvada, Kremldə xüsusi nəzarət altında olsa da, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək, bu qanlı təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri ən sərt şəkildə ittiham etdi, qoşunların Bakıdan çıxarılması tələbini irəli sürərək, bütün dünyaya qanlı yanvar olayları ilə bağlı səs saldı. Məhz Heydər Əliyev Özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, bu addımı atdı, hər şeydən əvvəl Vətən, xalq qarşısında Öz vətəndaşlıq və milli mövqe missiyasını həyata keçirdi və bu yolda hətta canını əsirgəməyəcəyi gerçəkliyini ortaya qoymuş oldu. Əgər həmin tarixi bəyanat olmasa idi, xalqımız və dövlətimiz, sözün həqiqi mənasında, daha ağır məşəqqətlərə uğraya, hətta öz müstəqilliyini belə, elan edə bilməzdi. Bu, bir aksiomdur və onu danmaq, sadəcə, mümkün deyil.
Ulu öndər Heydər Əliyev sakitliyi və rahatlığı deyil, Vətəninin taleyini düşünürdü. Buna görə də Ulu öndər Vətənə qayıtmaq istəyirdi. Naxçıvanlılar da qədim diyarın yetişdirdiyi böyük dövlət xadiminin gəlişini səbirsizliklə gözləyirdilər. Onun 1990-cı il iyulun 22-də möhtəşəm qayıdışını doğulub boya-başa çatdığı Naxçıvan torpağı, əhali hədsiz sevgi, məhəbbət və inamla qarşıladı. Ulu öndər Heydər Əliyev doğma torpağa gəlişi ilə insanların sabaha inamını özlərinə qaytardı, ağır blokada şəraitində olmasına baxmayaraq, bu qədim diyarı dirçəltməyə başladı. Məhz Naxçıvanda bu gün Cənubi Qafqazın ən böyük siyasi təşkilatı – Yeni Azərbaycan Partiyasının əsası qoyuldu və məhz Naxçıvanda üçrəngli bayrağımız dövlət rəmzi olaraq qəbul olundu.
Həmin dövrdə Azərbaycanda da vəziyyət olduqca acınacaqlı idi. Ölkəmizdə yaranmış siyasi və iqtisadi böhran, o dövrdəki naşı hakimiyyətin siyasi səriştəsizliyi müstəqilliyimizi yenidən itirmə təhlükəsi ilə qarşı-qarşıya qoydu, hətta ölkəmizin parçalanmasına, bir dövlət kimi yox olmasına zəmin yaratdı. Bir tərəfdən təcavüzkar Ermənistanın Azərbaycana qarşı iddiaları, bu iddiaları çərçivəsində torpaqlarımızın bir hissəsini işğal etməsi, digər tərəfdən isə hakimiyyət daxilində siyasi çəkişmələr, eləcə də bölgələrimizdə separatçılıq meyillərinin cücərməsi ölkəmizi hər gün, hətta saatbasaat qaranlıq uçuruma doğru sürükləyirdi. Siyasi böhranla yanaşı, hökm sürən iqtisadi böhran, ərzaq qıtlığı, insanların çətin sosial durumu vəziyyəti hər gün daha da gərginləşdirirdi.
Məhz belə bir vaxtda xalq bu acınacaqlı və olduqca təhlükəli vəziyyətdən çıxış yolunu Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsində gördü və bu tələblə küçələrə axışmağa başladı. “HEYDƏR XALQ – XALQ HEYDƏR!” tarixi şüarı da məhz o məqamlarda Azərbaycan xalqının birmənalı şüarına çevrildi. Nəticədə 1993-cü ilin iyun ayında xalqın istəyi və tələbi ilə Heydər Əliyevin Naxçıvandan Bakıya gələrək, yenidən hakimiyyətə qayıdışı müstəqil Azərbaycan tarixində dönüş nöqtəsi oldu.

Похожее изображение
Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması, müstəqilliyin və dövlətçiliyin möhkəmlənməsi istiqamətində çətin işləri həyata keçirməyə başladı və bütün bunlar əməli şəkildə reallaşdırıldı. Qısa müddət ərzində qanunsuz silahlı dəstələr və separatçı qüvvələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, müharibədə uzunmüddətli atəşkəsə nail olunmaqla erməni təcavüzü dayandırıldı. Məhz bu siyasətin həyata keçirilməsi ilə dahi Şəxsiyyət, bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla, müstəqilliyin möhkəmlənməsinin və ölkənin yeni inkişaf dövrünün əsasını qoydu.
İlkin çətinliklər geridə qoyulduqdan və ölkə üçün çox zəruri olan ictimai-siyasi sabitləşməyə nail olunduqdan sonra demokratik prinsiplərin və təsisatların yaradılması və təkmilləşdirilməsi, dövlət aparatının möhkəmləndirilməsi və iş qabiliyyətli dövlət idarəçilik təsisatlarının formalaşdırılması, cəmiyyətdə yeni davranış norma və stereotiplərinin yaradılması, yeni – açıq və demokratik vətəndaşlığın formalaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, həyat qabiliyyətli tarazlı xarici siyasət modelinin yaradılması istiqamətində əməli işlərə başlanıldı. Azərbaycanın demokratik dəyərlər əsasında dayanıqlı inkişafını təmin etmək istiqamətində Ulu öndər Heydər Əliyev tərəfindən atılan ən mühüm addımlardan biri də müstəqil Azərbaycanın yeni Konstitusiyasının qəbulu oldu.
Ulu öndər Heydər Əliyevin qarşısında dayanan əsas vəzifələrdən biri də xarici siyasət prioritetləri, eləcə də beynəlxalq münasibətlərin qurulması məsələsi idi. Belə ki, müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri və ABŞ ilə, yeni müstəqil dövlətlər və Rusiya ilə, türkdilli dövlətlər və Türkiyə ilə, müsəlman dünyası və İranla, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrinin yaxın dövr üçün prioritetləri müəyyənləşdirildi və tədricən həyata keçirilməyə başlandı. Qısa müddət ərzində bir çox ölkələrlə qarşılıqlı səmərəli əməkdaşlıq quruldu. Balanslaşdırılmış xarici siyasət sayəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirməyə başladı. Ulu öndərin çoxsaylı xarici səfərləri, ikitərəfli və beynəlxalq səviyyədə imzalanmış mühüm saziş və sənədlər, beynəlxalq və regional təşkilatlarla aparılan gərgin iş ölkəmizin inkişafının sürətləndirilməsinə mühüm töhfəsini verməyə başladı. Eyni zamanda 1993-1995-ci illərdə Azərbaycan Prezidentinin bir sıra xarici ölkələrə səfərləri, keçirdiyi görüşlər, eləcə də dünyanın ayrı-ayrı dövlətlərindən respublikamıza gələn nümayəndələrlə aparılan danışıqlar Ermənistanın Azərbaycana təcavüzü haqqında həqiqətlərin beynəlxalq aləmə çatdırılması baxımından əhəmiyyətli rol oynadı.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu, Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. Dahi siyasətçi Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi. Onun rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edildi, 100-dən çox Fərman və Sərəncam imzalandı, 30-a yaxın Dövlət Proqramı təsdiq edildi.
Azərbaycanın o zamankı məhdud imkanlarını nəzərə alan Ulu öndər Heydər Əliyev iqtisadiyyatda ciddi dönüşə nail olmaq üçün respublikanın malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib hesab edirdi. Ümummilli lider neft və qaz hasilatının artımına ölkənin qarşıdakı iqtisadi və sosial çətinliklərinin aradan qaldırılmasında əsas vasitələrdən biri kimi baxırdı. Belə bir şəraitdə maliyyə vəsaitinin məhdudluğu xarici şirkətlərin və investorların cəlb olunmasını strateji zərurətə çevirmişdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından dərhal sonra xarici investorlarla neft müqavilələri üzrə fəal danışıqlara başlandı və çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi. 1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. Sonradan haqlı olaraq “Əsrin müqaviləsi” adlandırılan bu saziş, həqiqətən, müstəqil Azərbaycanın neft salnaməsinə əbədi həkk olundu. “Əsrin müqaviləsi” adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və böyük siyasətçi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürü oldu.
Ümummilli lider Heydər Əliyevin düşünülmüş iqtisadi siyasəti nəticəsində müstəqil Azərbaycanda makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlanıldı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı.
Ulu öndər Heydər Əliyev aqrar siyasətə də böyük önəm verir, bu istiqamətdə islahatların həyata keçirilməsi üçün müvafiq tədbirlərini görürdü. Məhz Onun təşəbbüsü və rəhbərliyi ilə 1995-ci ildən başlayaraq, iqtisadiyyatın bazar münasibətləri əsasında qurulması, aqrar islahatların həyata keçirilməsi, sovxoz və kolxozlara məxsus torpaqların, mal-qaranın və əmlakın kəndlilərə paylanması, qiymətlərin sərbəstləşdirilməsi və s. tədbirlər aqrar bölmənin inkişafına təkan verdi, kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri aparıldı, yeni sahələr yarandı, məzmunca fərqli münasibətlər formalaşdırıldı. Məhz Ümummilli liderin təşəbbüsü ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının əvvəlki vergi borcları silindi, onlara uzunmüddətli vergi tətillərinin verilməsinə başlandı.
Ulu öndər Heydər Əliyevin diqqət yetirdiyi sahələrdən biri də özəl sektor idi. Belə ki, ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu vurğulayan Ulu öndər Heydər Əliyev deyirdi: “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur”.
Ümummilli lider Heydər Əliyevin ölkənin gələcək inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrdən biri də ölkə regionlarının tarazlı və davamlı inkişafının təmin edilməsi oldu. Ulu öndər Heydər Əliyev Azərbaycanın davamlı inkişafı baxımından regionların inkişafını və bölgələrdəki potensialdan səmərəli istifadəni vacib hesab edirdi. Regionların inkişafı istiqamətində qəbul edilən mühüm qərarlar və bu qərarlardan doğan vəzifələr ardıcıllıqla həyata keçirilir, artıq əsas diqqətlərdən biri də paytaxtımızdan bölgələrimizə doğru yönəlməyə başlandı. Çətinliklərə baxmayaraq, Ulu öndər Heydər Əliyev tez-tez rayon və bölgələrimizə səfərlər edir, aparılan işlərlə yaxından maraqlanır, əhali ilə yaxından təmaslarda olur, problemləri dinləyib, onların yerindəcə həll edilməsinə tapşırıqlarını verirdi.
Beləliklə, Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində 1995-ci ildən Azərbaycanda inkişafın yeni mərhələsi – bərpa və dinamik inkişaf dövrü başladı. 1995-2003-cü illər ərzində ümumdaxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 22,4 faiz, kənd təsərrüfatı istehsalı 52,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq əməkhaqqı 6,2 dəfə artdı, inflyasiya səviyyəsi 2-3 faizə qədər endirildi. Bu dövrdə iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard ABŞ dolları həcmində investisiyanın qoyulması təmin olundu.
Bu gün azərbaycançılıq həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideyaya çevrilmişdir. Ümummilli lider bütün dünyada yaşayan soydaşlarımıza bu ideya ətrafında birləşməyi təlqin edir və bildirirdi ki, azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafını təmin etməkdən ibarətdir. Ulu öndərimiz xaricdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlamış, Azərbaycan diaspor cəmiyyətlərinin problem və qayğılarına böyük həssaslıqla yanaşmışdı.
Ulu öndər Heydər Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında mənəvi, siyasi birliyin və həmrəyliyin təmin olunması, Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsinin ətraflı müzakirəsinin zəruriliyini nəzərə alaraq 2001-ci ilin may ayının 23-də xüsusi Sərəncam imzaladı, həmin Sərəncama uyğun olaraq 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilmiş Dünya azərbaycanlılarının I qurultayı soydaşlarımızın azərbaycançılıq ideyası ərtafında sıx birləşməklə təşkilatlanması baxımından tarixi əhəmiyyət kəsb etdi. Bu addım diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoydu.
Ulu öndər Heydər Əliyev bu sahədə sistemli dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə 2002-ci ildə “Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə” Fərman imzaladı. Komitənin yaradılması xaricdəki Azərbaycan cəmiyyətlərinin, birliklərinin və dərnəklərinin fəaliyyətinin vahid mərkəzdən koordinasiyasına, habelə onların dövlət qayğısı ilə əhatə olunmasına geniş imkanlar verdi. Dövlət komitəsinin yaradılması dünya azərbaycanlılarının konsolidasiyasında, diaspordan lobbiyə doğru inkişafında yeni mərhələnin başlanğıcını qoydu.
Bu gün Ulu öndərimiz bizim aramızda cismən olmasa da, Onun əbədi ideyaları hər birimizin qəlbində yaşamaqdadır. Eyni zamanda, bu ideyalar məhz Onun layiqli davamçısı, siyasi varisi, Prezident İlham Əliyev cənabları tərəfindən uğurla, qətiyyətlə, məqsədyönlü şəkildə reallaşdırılmaqdadır. Azərbaycan xalqı da əbədiyaşar Liderinin ideya və arzularını Cənab Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməklə yaşadacaq, həyata keçirəcəkdir.

Картинки по запросу ilham əliyev əhəd abıyev

Əhəd Abıyev,
Daşkəsən rayon
İcra Hakimiyyətinin başçısı