Hasarlar haqqında düşüncələr

  • By admin
  • 11 Avqust 2016 17:26

Fexreddin-M

Batumi şəhəri başı meşəliklərlə örtülmüş dağlara, ətəyi Qara dənizə söykənən gözəl şəhərdir. Şəhərin təbiəti, insanlarının mehribançılığı, küçələrinin, çimərliklərin səliqə-sahmanı şəhəri turistlərə cazibədar etmişdir. Şəhərin həm köhnə, həm müasir tikililəri şəhərsalma mədəniyyətinin nümunəsidir. Küçələrin, tikililərin simmertiyası nəticəsində dənizin hava axını şəhərin hər bir guşəsinə çatır. Küçələrin genişliyi və qurluşu hava axınını rahat tənzimləyir. Yuz kilometrlərlə uzanan dənizkənarı çimərliklər insanların ümumi istifadəsindədir, ən əsası heç bir hasar yoxdur. Sanki Insanlara gətirdiyi faydadan və xidmətdən zövq alan dəniz dalğaları şəhərin ritmi ilə bir harmoniya yaradır. Bir sözlə şəhər enerji ilə qaynayır. Dənizkənarındakı ən izdihamlı yerdə daimi hərəkətdə olan və qovuşan Əli və Ninonun heykəl kompozisiyası ümumbəşəri dəyərlərin, sevginin simvoludur: Sanki insanları hasarlara, sədlərə aludə olmamağa, azadlıq və insanlıq dünyagörüşü ilə yaşamağa çağırır. Şəhər məhz həmin dünyagörüşə sadiqliyini nümayiş etdirdiyindən gözəldir.

 Şəhərin dənizkənarı sahillərində diqqəti çəkən ən mühüm cəhət yaşıllıqlar, təmizlik, səliqə-sahmandır. Ən vacibi qeyd etdiyimiz kimi dənizin insanların üzünə açıq olması, heç bir hasarın mövcud olmamasıdır. Dənizin insanlara açıqlığı Xəzərlə müqaisədə kədərli və təzadlı fikirlər yaradır. Qara dənizdən fərqli olaraq Xəzər sahillərin daş hasarlara əhatələnməsi, villaların dəniz sahillərini fəth etməsi hasar təfəkkürünün və sevgisinin ifadəsidir. Məişətimizin, həyatımızın, pisxologiyamızın atributuna çevrilən hasar söhbəti düşündürücü və kədərli mövzudur.Formasına, təyinatına görə hasarların təsnifatı çoxcəhətlidir. Dəniz sahillərindəki villaları əhatə edən və dənizə qədər uzanan hündür hasarlar sahibləri üçün bir “möhtəşəmlik” ifadə edir. İnsan nəfəsi dəyməyən villaların bəziləri faydasızlıqdan miskin görünür. Kasıb insanların evinin hasarları da kasıbdır. Taxta və paslı dəmirlərdən quraşdırılmış bu hasarlar bir-iki sotda torpağa sığınan kiçik evləri və daxmaları əhatə edir, qatardan bu təzadlar daha qabarıq nəzərə çarpır. Qatar bəzi yerlərdə həmin evlərin həyətindən keçir. Bu daxmalalarda doğulan, böyüyən uşaqlar dünyaya hasarlardan baxır, dünyanı hasarlardan dərk edirlər. Ətraflarında ucsuz – bucaqsız boş torpaq sahələri olduğu halda maraqları naminə insanları dəmir yol relsləri arasında daim qorxu içərisində yaşamağa vadar edən məmurlarımız Mirzə Cəilin obrazlarının müasir davamçılarıdırlar.

Bəzi hasarların təyinatı bilinmir. Misal üçün, Şixov çimərliyindən Qobustan qəsəbəsinə qədər uzanan Xəzər boyu hündür silsiləvari daş hasarların təyinatını başa düşmək olmur. Dənizin havasını və gözəl görüntüsünü insanların üzünə qapayan daş hasarlar onların sahibləri üçün nəyi ifadə edir?!

Yaxud şəhərlərin girişində uzunömürlü ağacları, yaşıllıqları məhv etməklə yerində daş hasarlar inşa etmək nə üçündür?! Bu sulların nə formal məntiqlə, nə də intuitif məntiqlə cavabı yoxdur.

Hasar sevgisi bəzən komik vəziyyət yaradır. Bu baxımdan Koroğlu metrosunun avtobus dayanacağındakı dəmir dirəklər və torlardan hazırlanmış çoxsaylı paralel hasarlar unikallıq numunəsidir. Sərnişinlər avtobusdan düşüb başqa avtobusa minmək üçün hasarlar labirnitibdə xeyli firlanmalı olurlar. Düşünürsən, nə yaxşı ki, bunu daş hasarlar formasında etməyiblər, sağ olsunlar.

Artıq bizdə hasar cinayətləri haqqında da danışmaq olar. Misal üçün, avtobusda, metroda bir-birinə toxunmaq səbəbi ilə və ya adi danışıq zamanı söhbətlərin bir-birinə uyğun gəlməməsi, yəni fiziki, söz hasarına toxunmaq qanlı “razborkalara” çevrilir. Yəni səbəbsiz, motivsiz, mənasız danışıqdan, davranışdan yaranan cinayətlərin, hasar söhbətlərinin, həbsxanalrada, qəbirastanlıqlarda qurbanları artmaqda davam edir.

Umumiyyətlə, məişətimizdəki, həyatımızdaki bizi müşayət edən hasarlar qeyri-normallıq və patalogiyadır.

Hasarlar söhbətində qorxulu başqa şeydir. Yəni qorxulu, daha çox pisxologiyamızda, düşüncələrimizdə olan hasarlardır. Qohumbazlığın, dostbazlığın, yerlibazlığın, ictimai-laqeyidliyin və biganəliyin yaratdığı hasarlardır.

İctimai varlıq ictimai şüuru müəyyən edir. Bu materialist yanaşmanın əksi daha çox həqiqəti ifadə edir. ictimai şüur da ictimai varlığı müəyyən edir. Düşüncələrimiz maddi həyatda ifadə olunur. Öz nöbəsində ətrafımızdakılarda şürumuza təsir edir.

Danışığımzda ən çox geniş yayılan söz “MƏN” dir. Mən sözü izoliyasiya, təkəbbür ifadə edən sözdür. Fikrimizcə bu söz də hasar təfəkküründən irəli gəlir Və instikt olaraq qohumbazlığa, yerlibazlığa rəvac verir. MƏN sözünü ictimai sözə və əmələ çevrə bilmirik. MƏN- eqosentrizmdir, materialist düşüncədir. Ona görə materialist düşüncə tərzidir ki, maddi maraqlarla yaşayır. Qohumbazlığa, yerlibazlığla nəfəs alması onun maddi maraqları ilə bağlıdır, əgər qohumları və yerliləri onun maddi maraqlarına xidmət etmirlərsə belələri də MƏN üçün mövcud deyillər. MƏN təfəkküründə məkan təsəvvürü deformasiyalıdır. Çünki onun məkanı- evi, villası, bağları və s. maddi rifahlardır. Vətəninin, dünyanın dərdlərinin ona heç bir aidiyyatı yoxdur. MƏN təfəkkürünün zaman anlayışı da deformasiyalıdır. Çünki onun üçün bu gün var, gələcək mövcud deyil. Ona görə də gələcək cəmiyyətin, tarixin, inkişafin ona heç bir aidiyyatı yoxdur. MƏN təfəkküründə dəyərlər anlayışı da deformasiyalıdır. Yəni, MƏN ədaləti özünə münasibətdə tələb edir. Başqalarına qarşı ədalətsizliyin, qanunsuzluğun ona heç bir aidiyyatı yoxdur.

İctimai, ümumi (BİZİM) adlı təfəkkür tərzi bütün bunların əksi olan yanaşmadır, zaman, məkan, dəyərlər sisteminə keyfiyyətcə başqa baxışlar sistemidir. İctimai təfəkkür üçün hazırki zaman və gələcək mövcuddur. Gələcəyi daha yaxşı etmək üçün hazırki məqamdan istifadə etmək istəyidir. İctimai təfəkkür üçün məkan məfhumu da genişdir.

Qloballaşma yer kürəsini kiçiltmişdir. Ona görə də yer kürəsinin hər hansı bir guşəsində baş verən faciələri özününkü kimi qəbul edir.

Dəyərlər sistemi də fərqlidir. Ədalətsizliyin formasından, kimə yönəlməsindən aslı olmayaraq onu qəbul etmir və ədalətsizliyə biganə qalmır. Məsələnin əsas mahiyyəti bundan ibarətdir ki, MƏN təfəkkürü ictimai problemləri həll edə bilmir və ona qadir deyil. İctimai təfəkkür isə əksinə bütün qlobal səviyyədə MƏN problemlərini həll edir.

Beləliklə, problemlərimizin kökündə MƏN təfəkkürünün sosiallaşmaması, qloballaşmaması, ictimai-ümumi təfəkkür səviyyəsinə çatmamasıdır. Ona görə də həyatımızda MƏN təfəkkürü ictimai düşüncə ilə konfrontasiyada yaşayır. Belə düşüncə tərzi isə müasir dünyanın inkişaf tendensiyasına uyğun deyil. Çünki qloballaşan dünya MƏN təfəkkürün qəbul etmir, qlobal təfəkkürü zəruriləşdirir. Qlobal təfəkkürün isə bir meyarı vardır: obyektiv həqiqət !

MƏN təfəkkürünün sosiallaşmaması , ictimai məzmun kəsb etməməsi onunla nəticələnmişdir ki, böyük insan potensialına malik olan cəmiyyətimiz, istedadlı insanlarımız potensiallarını üzə çıxara bilmirlər. Belə ki, yaxşı alimlərimiz var, elmi məktəblərimiz yoxdur, yaxşı iqtisadçılarımız var, iqtisadi məktəbimiz yoxdur, yaxşı hüquqşunaslarımız var, hüquqşunas məktəbimiz yoxdur, futbolçularımız var, futbol komandamiz yoxdur və s. Ona görə də ciddi uğurlarımız yoxdur. Elmdə, texnikada, mədəniyyətdə, ictimai həyatın bütün sahələrində dünyada meydana gələn böyük nailiyyətlər kollektiv zəkanın məhsuludur.

Dünyada proseslər və hadisələr çox surətlə dəyişir. İnkişafın surəti bütün təsəvvürləri aşır. Qloballaşma, informasiya cəmiyyəti bütün sərhədləri dağıdır. Həqiqət bundan ibarətdir ki, qlobal dünyada MƏN, hasar təfəkkürü ilə yaşamaq olmaz. Müasir dünyada inkişafın siyasi aksioması: birincisi, insan hüquqları və əsas azadlıqlarının təminatı., ikincisi, demokratiyadır. Başqa yollar yolsuzluqdur…