Hərbi polisin sabiq rəisindən ittihamlara cavab - RÖVŞƏN MƏHƏRRƏMOV DEYİR Kİ...

  • By admin
  • 28 Yanvar 2020 23:29

 

Müdafiə Nazirliyinin Hərbi Polisinin sabiq rəisi Rövşən Məhərrəovun nazirlik rəhbərliyi ilə bağlı təniqidi çıxışları mediada və sosial şəbəkədə böyük rezonansa səbəb olub.

Buna cavab olaraq, bir sıra media orqanlarında sabiq polisi rəisi haqqında korrupsiya və rüşvət ittihamları yer alıb, paytaxtın bir sıra ünvanlarında yerləşən əmlakların ona məxsus olduğu iddia edilib.

Gununsesi.org-a açıqlamasında Rövşən Məhərrəmov bu ittihamlara cavab verib.

Onun sözlərinə görə, Müdafiə Nazirliyindəki rüşvət və məmur özbaşınalığı ilə bağlı bəzi faktları ictimaiyyətə açıqlaması ona qarşı hücumlara səbəb olub: “Bu faktlarla əlaqədar xüsusilə dövlət başçımıza, eləcə də bəzi dövlət qurumlarının rəhbərlərinə rəsmi müraciət etdikdən sonra isə əks qüvvələr mənə qarşı əməlli-başlı təxribat aparmağa başlayıblar. Təəssüf edirəm ki, bu aciz qüvvələrə bəzi kütləvi informasiya vasitələri də qoşulub. Təbii ki, özünə hörmət edən media heç zaman nəyinsə qarşılığında heç bir fakta əsaslanmayan şər-böhtan xarakterli material dərc etməz. Amma sizə də məlum olduğu kimi, xarici ölkədə qeydiyyatda olan və Müdafiə Nazirliyinin maraqlarına xidmət edən XEBERIM(com) saytı hər zaman belə qüvvələrin əlində bir vasitə olub. Bu işlərin başında duranlar nazirlik rəhbərliyində olanlardır.  Həmin saytda mənim barəmdə dərc olunmuş şər-böhtan xarakterli materiala cavab olaraq bildirim ki, əvvəla mən 7 ildir ki, ehtiyatda olan zabitəm. Xidmətdən uzaqlaşdıqdan sonra bizneslə məşğul olmağa başlamışam və bu qanuna zidd deyil. Hazırda ailəmi şəxsi biznesimdən əldə etdiyim gəlirlə dolandırıram, bəziləri kimi dövlət büdcəsini talamıram, əsgərin pulunu yemirəm, şəhidin qəbri üçün ayrılmış torpağı mənimsəmirəm. Digər tərəfdən, saytda yerləşdirilmiş mülk şəkillərinin birmənalı olaraq mənim əmlakımla bağlılığı yoxdur. Bu cür dezinformasiyanı yaymaq “ağıl” olmalıdır. Üçüncüsü, tutaq ki, materialda qeyd olunduğu kimi, mənim bir neçə mənzilim, biznesim, torpağım var. Bundan kimə nə? Mən bunları orduya məxsus əraziləri mənimsəmək yolu ilə əldə etməmişəm! Mən ki, bəziləri kimi dövlətə məxsus torpağı zəbt edib orada villa ucaltmamışam. Mərdəkan qəsəbəsində Hərbi Dəniz Qüvvələrinə məxsus sanatoriyanın qarşısında Elxan İbrahimov özünə villa tikdirib. Mən bu barədə hardasa nəsə demişəmmi? Deməmişəm! Bu yalanları yayan qorxahlara bir daha çatdırmaq istərdim ki, məni məcbur etməyin ki, bildiyim bütün məlumatları ictimaiyyətə açıqlayım. Mübarizəni bu cür çirkin yolla aparmayın! Sözünüz varsa, dediklərimin əksini sübut edən faktlarınız varsa, buyurun çıxın meydana. Ona-buna qara yaxmaqla, başqasının ailəsinə dil uzatmaqla, böhtan atmaqla ictimaiyyətdə çaşqınlıq yaratmağa çalışmayın. Elin gözü tərəzidir. Xalq hər şeyi görür və bilir. Siz korrupsiya, vəzifədən sui-istifadə halları ilə bağlı çıxıb ictimaiyyətə rəsmi açıqlama vermək, barənizdə deyilənlərin həqiqətə uyğun olmadığını sübut etməyə çalışmaq əvəzinə oturub mənim şəxsi həyatımı araşdırırsınız, şərəf və ləyaqətimizi alçaldırsınız, şəxsi əmlakımın siyahısını tutursunuz. Mən sizinlə mübarizə aparıram, ailənizlə yox! Mənim gözəl ailəm var, gözəl də ailə başçısıyam. Siz gedin öz ailə üzvlərinizin nə işlə məşğul olduğunu araşdırın, övladlarınıza nəzarət edin. Yüksək dövlət məmurunun oğlu Gəncədə Bakı şəhərinin hərbi hissəsinin filialında qulluq edə-edə xarici dövlətə necə gedib-gəlir? Dövlət başçısının övladı ən çətin yerdə son günə kimi hərbi xidmət keçdiyi halda sizin övladlarınız bircə gün belə hərbi hissələrdə qalmırlar. Bəlkə buna cavab verəsiniz? Əgər siz bu yolla müharibə aparmaq qərarına gəlmisinizsə, o zaman mən də bəzilərinin anasının, qaynanasının milli mənsubiyyəti ilə bağlı sahib olduğum faktları açıb ortaya qoyaram. Məni buna məcbur etməyin! Bu cür çirkin oyunlara son qoymasanız, jurnalistləri toplayıb mətbuat konfransı keçiriəcəyəm və bu məsələlərlə bağlı bütün faktları açıqlayacam. Müdafiə Nazirliyinin rəhbər şəxslərinin ölkədə və xaricdə olan bütün mülkləri barəsində, Müdafiə Nazirliyi ilə bağlı rüşvət faktları barəsində bildiyim məlumatlar, əminəm ki, media nümayəndələrinə maraqlı gələcək. Mənim çıxışlarımda qeyd olunan bəzi faktlarla bağlı hazırda dövlət qurumları tərəfindən araşdırma getdiyi üçün çəkilib bir kənarda sakit nəticəni gözləyirəm. Siz isə çirkin əməllərlə məni qıcıqlandırmağa çalışırsınız”.

Rövşən Məhərrəmov sonda onu da deyib ki, ailə üzvləri təhdid altındadır. Onun sözlərinə görə, nazirlik rəhbərliyini tənqidindən sonra özü, yaxınları izlənir.

Gununsesi.org