“Hər bir seçicimin səsi, sözü olacağam” – Afət Telmanqızı (MÜSAHİBƏ)

  • By admin
  • 05 Fevral 2020 17:41

125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd, əməkdar jurnalist Afət Telmanqızı seçki prosesi ilə bağlı Unikal.org-a müsahibə verib.

Gununsesi.orghəmin müsahibəni sizə təqdim edir:

 

– Afət xanım, öncə özünüz haqqında məlumat verin…

 -Mən Bakıda dünyaya gəlmişəm. Nəsimi rayonu, şəhid İlqar Əbülhəsənov adına 42 saylı orta məktəbi bitirmişəm. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin bakalavr və magistr pilləsini başa vurmuşam. Bir neçə xarici ölkədə jurnalistika ilə bağlı təlimlərdə iştirak etmişəm. Müxtəlif mətbu orqanlarda, o cümlədən elektron KİV-də çalışmışam.

– Nə üçün məhz Zəngilan-Qubadlı dairəsindən namizədliyinizi irəli sürdünüz?

– Mənim valideynlərim Zəngilan rayonundandır. Uzun illər əvvəl Bakıya gəlib, burada təhsillərini alıb, ailə həyatı qurublar. Köçkün olaraq Bakıya gəlməsək də, köçkünlük həyatını elə bizim ailə də yaşadı. Yəqin, sual olacaq ki necə? Həmin ərəfədə babam, nənəm, xalaların, dayılarım, bibilərim, bir sözlə, bütün doğmalarım köçkün kimi bizim mənzilimizə sığındılar. Onların yaşadıqları ağrını mən də yaşadım. Uşaqlıq illərimin keçdiyi torpağımın işğal olunması, həmçinin atamın, əmimin, doğmalarının məzarlarının işğal altında qaldığını bilməkdən böyük dərd ola bilməzdi. Mən də o elin övladı kimi hazırladığım reportajlarla, beynəlxalq toplantılarda Qarabağ gərçəyini lazım olan ünvanlara çatdırmaqla az da olsa, təsəlli tapırdım. Fəaliyyətimdə hər zaman Vətənim, millətim üçün faydalı ola biləcək işlər görməyə çalışdım.

 

– Təbliğat və təşviqat kampaniyasını aktiv və uğurlu aparan namizədlərdənsiniz. Seçicilərin sizə münasibəti necədir? Çünki sizin özünüzü onlara tanıtmağınıza ehtiyac yoxdur. Jurnalist kimi onlar sizi tanıyırlar.

– Doğrudur, özümü tanıtmaq problemim olmadı. Efìrdən tanıyırdılar. Hətta elə seçicilərim də olurdu ki, onlar hazırladığım reportajlar, sənədli filmlərin də adını mənə deyirdilər. Lələtəpədə, Tərtərdə digər qaynar nöqtələrdən hazırladığım filmlərìn də adını çəkən seçicinin diqqətindən gözəl nə ola bilər ki. Qapısını döydüyüm, görüşdüyüm seçicilərimdən çox böyük dəstək, sevgi, hörmət gördüm. Hətta onlardan bəziləri mənim təbliğatım üçün könüllü olaraq bizdən təbliğat materialları da  götürdülər. Hər bir seçicimə sonsuz təşəkkürümü çatdırmaq istəyirəm.

 

– Siz kampanıyanız dönəmində fərqli yanaşma da sərgilədiniz.

– Bəli, mən dəbdəbəli görüş yeri seçmədim. Kütləviyi göstərmək üçün qohum, dost-tanış aparıb say çoxluğu görüntüsü də yaratmadım. Buna ehtiyac da yoxdur. Seçicilərimin hər birinin qapısına getdim. Onları evlərində ziyarət etdim.

 

– Sizin üzləşdiyiniz problemlər oldumu?

– Bir problem odur ki, məcburi köçkünlər kompakt yaşamırlar. Bakının bütün rayonlarında, Sumqayıt, Gəncə, Hacıqabul, Şirvan, Sabirabadda hər yerdə seçicim var.  59 məntəqə 53 min 709 seçici  var. Amma çalışdım ki, hər bir ünvana gedəm, hər bir seçicimlə ünsiyyət quram. Bütün rayonlarda, hər yerdə seçicilərimlə görüşdüm. Bir neçə ünvan qalıb. Onlara da 3 gün ərzində baş çəkəcəm.

 

– Deputat seçilmək şansınızı necə qiymətləndirirsiniz?

– Yüksək. Seçicilərimin sevgisinə, mənə bu günədək fəaliyyətimə verdikləri dəyərə görə bu qənaətdəyəm. Hər bir seçicimin səsi, sözü olacağam.

Gununsesi.org