Həbsdəki sabiq icra başçısı koronavirusa yoluxub? - MÜAYİNƏ TƏLƏB EDƏN MƏHKUMLAR KARSERƏ SALINIR

  • By admin
  • 16 May 2020 22:24

 

 

Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Gədəbəyin keçmiş icra hakimiyyəti başçısı, hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan Saleh Rüstəmov özündə koronavirusun ilkin əlamətlərinin olduğunu bildirib.

Gununsesi.org bildirir ki, bu barədə Amerikanın Səsinə Saleh Rüstəmovun qardaşı Tale Rüstəmov bildirib.

“Bu gün Saleh zəng etmişdi. Dedi ki, bədənində səpkilər əmələ gəlib. Həkimlər bildirir ki, bu koronavirusa yoluxmanın ilkin əlamətləridir. Müəssisədə qızdırmalı xəstə çoxdur. Artıq iki həftədəir cəzaçəkmə müəssisəsindəki məhbusları test etmirlər. İki həftə əvvəl gəlib infeksiyaya yoluxmuş xəstələri aparıblar. İndi həmin xəstələrlə əlaqədə olanları yoxlamırlar. Bununla yanaşı, cəzaçəkmə müəsisəsinə dərman, ərzaq, sabun və paltar qəbul edilmir. Məhbuslar qış paltarlarında qalıb. Paltarlarını dəyişə bilmir. Ərzaq məsələsində çətinlik çəkirlər. Cəzaçəkmə müəssisəsində ərzaq və siqaret çox baha qiymətə satılır,” o Saleh Rüstəmova istinadən bildirib.

Tale Rüstəmovla telefon danışığında Saleh Rüstəmov bildirib ki, koronavirusa yoluxma həyəcanı məhbusları emosionallaşdırıb.

“Məhbuslar hirslidir. Kim müalicə tələb edir, cərimə təcridxanasına salırlar. Emosinallaşmış məhbuslar demək olar ki, hər gün bir-biri ilə mübahisə edir,” o qeyd edib.

Mayın 12-də Ədliyyə Nazirliyi penitensiar müəssisəlrədə, o cümlədən 13 saylı koloniyada 33 nəfərin yoluxduğunu bildirib.

Elmar

Gununsesi.org