“G-20″liyin rəhbərləri koronavirusa qarşı “vahid cəbhədə” birləşdiklərini elan etdilər

“G-20″liyin rəhbərləri koronavirusa qarşı “vahid cəbhədə” birləşdiklərini elan etdilər

Bu gün dünyanın 20 ən böyük iqtisadiyyatına malik ölkələrin dövlət rəhbərləri koronavirus pandemiyasının yaratdığı qlobal böhranla bağlı videoəlaqə vasitəsilə sammit keçiriblər. Sammitin yekununda böhran və virusa qarşı mübarizə tədbirlərini əhatə edən koomunike qəbul edilib.

Gununsesiaz.info xəbər verir ki, G20 ölkələri pandemiyanın maliyyə sisteminə təsirlərini azaltmaq üçün dünya iqtisadiyyatına 5 trilyon dollardan yuxarı vəsait yatıracaqlarını bəyan ediblər.

Bildiriblər ki, G20 liderləri “pandemiyanın vurduğu sosial və iqtisadi zərəri minimuma endirmək üçün mümkün olan hər şeyi etməyi, bütün əlçatan siyasət alətlərindən istifadə etməyi” öhdələrinə götürürlər: “Hazırda biz öz iqtisadiyyatlarımızı dəstəkləmək üçün qətiyyətli addımlar atırıq. Biz məqsədli fiskal siyasət, iqtisadi tədbirlər və pandemiyanın sosial-iqtisadi, maliyyə zərərlərinə qarşı addımlar çərçivəsində dünya iqtisadiyyatına 5 trilyon dollardan artıq vəsait yönəldirik”.

İyirmilik rəhbərləri hesab edirlər ki, atılan addımlar dünya iqtisadiyyatına tezliklə ayaq üstə durmağa, iş yerlərini saxlamağa və iqtisadi artımı bərpa etməyə imkan verəcək. Dövlət rəhbərləri maliyyə nazirləri və mərkəz bankların rəhbərlərini pandemiyaya qarşı mübarizə məqsədilə beynəlxalq maliyyə qurumları ilə sıx əlaqədə işləməyi, lazım olanda operativ şəkildə onlara maliyyə dəstəyi verməyi tapşırıblar.

İyirmilik başçıları koronavirus pandemiyasına qarşı mübarizədə insan həyatının xilas edilməsi, əhalinin gəlirlərinin  və iş yerlərinin saxlanması, maliyyə sabitliyinin qorunması prioritetlərini əsas götürməklə “vahid cəbhədə” birləşəcəklərini bəyan ediblər: “Görünməmiş pandemiya – bizim qarşılıqlı bağlılığımızı, həssaslığımızı xatırladan güclü vasitədir. Virus sərhədləri tanımır – biz bu ümumi təhlükəyə qarşı vahid cəbhədən çıxış etməyi qəti şəkildə bəyan edirik. Biz insanların həyatını, gəlirlərini və iş yerlərini qorumaq, maliyyə sabitliyini bərpa etmək, iqtisadi artımı yenidən qaytarmaq və pandemiyadan sonra daha güclü olmaq üçün heç bir addımdan çəkinməmək niyyətimizi qəti olaraq bildiririk. Ticarətdə və istehsal zəncirində qırılmaları minimuma endirmək, həmçinin ehtiyacı olan ölkələrə kömək etmək son dərəcə vacibdir”.

Böyük İyirmilik rəhbərləri pandemiya ilə mübarizə tələb edərsə, əlavə addımlar atmağa da hazırdırlar. Onlar Ümumdünya Səhiyyə Təşkilatına pandemiyaya qarşı mübarizə üçün maliyyə ayırmaq barədə razılığa gəliblər.

Dövlət başçıları həmçinin pandemiya şəraitində ölkələrarası azad və stabil ticarəti təmin etmək, öz bazarlarını açıq saxlamaq qərarına gəliblər. Qeyd olunub ki, virusun yayılmaması üçün atılan məhdudlaşdırıcə addımlar məqsədli, proporsional, şəffaf və müvəqqəti xarakterli olacaq.

Qeyd edək ki, İyirmiliyə ABŞ, Avropa Birliyi, Böyük Britaniya, Türkiyə, Yaponiya, Kanada, Almaniya, Fransa, İtaliya, Rusiya, Avstraliya, Braziliya, Hindistan, Çin, İndoneziya, Meksika, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası, Argentina və Cənubi Koreya daxildir

 

 

 

Gununsesiaz.info

COMMENTS