Gəncədə müəllimlərdən rüşvət toplanması iddiasına Təhsil İdarəsindən - REAKSİYA

  • By admin
  • 16 May 2020 11:05

 

Gəncənin Təhsil İdarəsi pandemiya dövründə adıçəkilən şəhərdə müəllimlərdən pul yığılması barədə Gununsesi.org-un xəbərinə reaksiya verib.

Təhsil idarəsindən saytımıza göndərilən mövqeni təqdim edirik: 

Hörmətli Gününsəsi.org saytının redaksiyası!
Ötən gün saytınızda “Gəncə Şəhər Təhsil İdarəsi müəllimlərdən rüşvət yığır?” sərlövhəli xəbər yayımlanmışdır. Dərc edilmiş yazıda qeyd edilmişdir ki, Gəncə Şəhər Təhsil İdarəsi orta məktəblərdən pul yığma kampaniyasına start vermişdir və guya mövcud tətil səbəbindən işə gəlməyən müəllimlərdən onlardan on-line dərsləri lazımınca keçməmələri, dərslərə qoşulmamaları əsas gətirilərək 30-40 və ya 50 manat “haqq” ödəmələri tələb edilir.
Bununla əlaqədar bir daha xatırladırıq ki, Koronavirus (COVİD – 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə ölkə üzrə bütün təhsil müəssisələrində tədris martın 3-dən dayandırılmışdır. Gəncə şəhər Təhsil İdarəsi olaraq Nazirlər Kabineti Yanında Operativ qərərgahın bu istiqamətdə bütün tövsiyyə və tapşırıqlarına ciddi riayət olunur. Hazırda bütün məktəblərimiz müəllim və şagirdlərin üzünə bağlıdır və dərslərin on-line formatda keçirilməsi birbaşa Azərbaycan Təhsil Nazirliyinin nəzarəti altındadır.
Karantin dövründə Gəncə TŞ-nə dərslərin on-line tədrisi barədə ciddi şikayətlər daxil olmamışdır. Eləcə də, ötən dövr ərzində hansısa müəllimdən rüşvət alınması və tələb olunması məsələsi heç bir həqiqəti əks etdirmir. Xəbərdə iddia edilən xüsusatlar barədə Gəncə Təhsil İdarəsinə hansısa şikayət və məlumat daxil olmamışdır.
Nəzərə almağınızı və mövqeyimizi dərc etməyinizi xahiş edirik.
Hörmətlə; Gəncə Şəhər Təhsil İdarəsi