Fermerlərə 110 milyon manata yaxın subsidiya verilib

  • By admin
  • 12 Mart 2020 16:47

Bu günə qədər Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə 361 min nəfərdən artıq fermer payızlıq əkinlərini bəyan edib.

Gununsesi.org xəbər verir ki, bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

Onun sözlərinə görə, həmin şəxslərə payızlıq əkin subsidiyaları veriləcək:

“Subsidiya sənədləri təsdiqlənən şəxslərin subsidiyalarının ödənilməsinə başlanıb. Martın 20-dək əkin sahələrini bəyan edən fermerlərə subsidiyaların verilməsi prosesi başa çatacaq. Bu günə qədər artıq 110 milyon manata yaxın vəsait verilib”.

V.Hüseynov bildirib ki, kartlara köçürülən subsidiyaların 25 faizini fermer nağd şəkildə alır:

“Qalan 75 faizini isə Elektron İnformasiya sistemi üzərindən istifadə edə bilər. Vəsaitin 75 faizi ilə fermer ting, gübrə və ya mexanizatorların haqqını ödəmək üçün istifadə edəcək. Hazırda Kənd Təsərrüfatı Nazirliyinin səyyar xidməti fəaliyyətə başlayıb. Xidmət 6 ədəd avtobusla bölgələrə yollanıb. Səyyar xidmət bölgələrə gedərək fermerlərə subsidiya kartlarını şəxsən təqdim edirlər. Hazırda Səyyar xidmət İsmayıllı rayonunda kəndbəkənd gəzərək fermerlərə subsidiya kartları paylayır”.

Gununsesi.org