Eldar Mahmudovun həbsi üçün daha nələr ortaya çıxmalıdır? -PƏRVİZ HƏŞİMLİ YAZIR

  • By admin
  • 19 May 2017 12:14

perviz1

“Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxslərinin işi üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində istintaq davam edir. İstintaq bütövlükdə 280 epizoddan ibarətdir. İstintaqın nəticəsində kimin həbs olunub-olunmayacağı bəlli olacaq”.

Bu sözləri hələ bir neçə ay əvvəl ölkənin Baş Prokuroru Zakir Qaralov bəndənizin “Tabeçiliyində olan 20 nəfər vəzifə cinayətlərinıə görə, həbs olunasa da özü azadlıqdadır. Niyə, Eldar Mahmudov həbs olunmur” sualına cavabında demişdi.

MTN-nin dağılmasından artıq bir ildən çox zaman keçir. Hər yerdə MTN cinayətlərindən söz düşəndə hamının bir-birinə verdiyi sual budur: “ÖZÜNÜ NİYƏ TUTMADILAR”.

Cavablar isə müxtəlifdir. Kimisi əlindəki şantaj materiallarını, kimisi azadlıqda olsa da məhbus həyatı yaşadığını deyərək, müxtəlif yozumlar verirlər.

MTN işi ilə bağlı Anti-Terror Mərkəzinin sabiq rəisi Elçin Quliyevin cinayət işi Eldar Mahmudovun həbsi məsələsini yenidən gündəmə gətirib.

Generalın ittiham aktından aydın olur ki, Eldar Mahmudovu həbs etmək üçün nazirlikdəki korrupsiya faktları yetərlidir. İfadələrdən məlum olur ki, “mənbələrə mükafat və yardım” adıyla nazirliyin büdcəsindən milyonlarla vəsait mənimsənilib. Bu pulların mənimsənilməsində Eldar Mahmudovun xüsusi  payının olduğu da ifadələrdə təsdqini tapır.

Göründüyü kimi Baş Prokurorun gözlədiyi nəticə ortadadır amma Eldar Mahmudov məsuliyyətdən kənar qalmaqda davam edir. Baxmayaraq ki, Eldar Mahmudov çoxdan həbsə alınmalı idi.

Düzdür, hüquqi dövlətdə məsuliyyət fərdidir. Ancaq o, iddia edə bilməz ki, başqasının əməlinə görə niyə məsuliyyət daşımalıdır.

Burada söhbət MTN-də  çalışan hansısa bir əməkdaşdan deyil, nazirliyin ali zabit heyətinə daxil olan 21 nəfərin törətdiyi vəzifə cinayətlərindən gedir. Belə olan halda məntiqlə bu qurumun başında duran adam həmin mütəşəkkil cinayətkar qruplaşmanın başçısı kimi məsuliyyətıə cəlb olunmalı idi.

Görünür, zamana ehtiyac var…

 

Pərviz Həşimli

Sabiq vicdan məhbusu