Eldar Mahmudov 11 il nazir işlədiyi müddətdə dövlətin təhlükəsizliyindən başqa hər işlə məğul olub - EKSPERT

  • By admin
  • 05 İyun 2020 19:22

 

 

Azərbaycanın keçmiş milli təhlükəsizlik nazirinin övladlarının Britaniyada dəbdəbəli daşınmaz əmlak əldə etməsi ilə bağlı məlumat Azərbaycanda yenidən rezonans doğurub. Aparılan jurnalist təhqiqatı nəticəsində məlum olub ki, bura Londonda 21 milyon dollara alınmış ev də daxildir.

Amma Azərbaycanın rəsmi qurumları, hələlik, bu barədə rəsmi məlumat verməyiblər.

Milli Təhlükəsizlik Nazirliyinin istefada olan polkovnik-leytenantı İlham İsmayıl isə deyib ki, keçmiş nazir Eldar Mahmudov Azərbaycanın “milli təhlükəsizliyi ilə məşğul olmayıb.

Sadəcə MTN adlanan xüsusi xidmət orqanının rəhbəri olub və işlədiyi 11 il 3 ay ərzində dövlətin təhlükəsizliyindən başqa hər işlə məşğul olub. Onun komandasının məhkəmə prosesləri də sübut etdi ki, nazir və tabeçiliyindəkilər ölkənin dövlət strukturlarının rəhbərlərindən və bizneslə məşğul olanlardan şantaj yolu ilə rüşvət alıblar. Üstəlik qohumu Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyevlə əlbir olub, büdcə vəsaitini mənimsəməklə məşğul olublar. Yəni, Londonda Mahmudovlar ailəsinə mənsub milyonlarla ölçülən pulun mənbəyi onun aylıq maaşı deyil, qeyd etdiyim fəaliyyətlə bağlıdır.

Bu hadisələrin ölkənin insan hüquqlarına, ölkənin təhlükəsizliyinə təsirlərinə gəldikdə İlham İsmayıl deyir ki, rüşvətlə bu dövlətin ən müqəddəs sahələrinə də təsir etmək mümkündür: “Sərhədçiyə rüşvət ver, sərhədi poz, ordunun əsgər və zabit heyətinə pul ver, satqınçılıqda, casusluqda istifadə et və sairə. Bunun qarşısını kim almalıdır? İlk növbədə xüsusi xidmət orqanı. O isə adı çəkilən qurumların özündən rüşvət alaraq təhlükəsizliyə zərbə vuran əməllərin qarşısını almayıb, ona şərait yaradıb. 2015-ci ilin oktyabrından məlum olan bu cinayətlərin başında duran Mahmudov istintaq prosesinə ifadə vermək üçün dəvət olunub, amma hansı keyfiyyətdə heç bilinməyib. Əgər Mahmudov azadlıqdadırsa, deməli belə bir açıqlamanı gözləmək sadəlövhlük olar. Cinayətkar o vaxt həbs edilmir ki, bütün sübutlar ortada olsa da, onu ittiham edənlər bu cinayətlərə ya şərikdirlər, ya da əvvəldən xəbərləri olub. Və yaxud, ola bilsin ki, Mahmudov da belə bir perspektivin olacağına hazırlıq görüb. Hazırlıq isə yuxarıda qeyd etdiyim kimi, bəzi şəxslərə qarşı ifşaedici materiallara malik olması ilə bağlı ola bilər və belə söz-söhbət cəmiyyət arasında geniş yayılıb. Tutulan və tezliklə azadlığa buraxılan generalların qanunsuz topladıqları əmlaklarının müsadirə olunub-olunmaması cəmiyyətə açıqlanmadı, bu işdə şəffaflıq yoxdur. Belə bir hal başqa müsadirə proseslərində də müşahidə olunur. Təhlükəsizlik orqanı bu sistemin bir parçasıdır və korrupsiyaya uğramış bütün strukturlardan fərqli olaraq onu təmiz, saf bir ada kimi qorumaq mümkün olmazdı. Əksinə, öz imkanlarına, xidməti fəaliyyətinin metod və vasitələrinə görə MTN-nin bu korrupsiya və digər cinayətlərin başında gəlməsi qanunauyğunluq kimi xarakterizə olunmalıdır”.