Dürrənin, yoxsa Xavərin Vurğunu: Səməd Vurğunun ilham pərisi əslində kim idi?  – LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 21 Mart 2020 11:46

 

 

Uşaqlığım bəzən hansısa mahnının zümzüməsində bir anlıq gözlərim önündə canlanır.  Zeynəb Xanlarovanın oxuduğu ” Tərlanım” mahnısı da  belələrindəndir. Yəqin xatırlayırsız :

Tərlanım, tərlanım gözəl tərlanım

sənə qurban olsun bu düşgün canım.

Görünsə gözünə o Dürrə xanım

De ki , Vurğun gədalara dönübdür.

Mahnıda isə: ” Deyin ki, Vurğun  Məcnuna dönübdür”-deyə oxuyurdu Zeynəb xanım. Və mən Zeynəb xanımı da, bu mahnını da bizi dünya  ilə əlaqələndirən o boz- qara sehirli qutuda az qala hər gün  gözləyirdim. Zeynəb oxuyanda evimiz şənlənirdi, bu öz yerində. Həm də Dürrənin Səməd Vurğunun sevgilisi olduğunu  anamdan dönə-dönə eşitməli olurdum. Elə-belə dedi-qodu səviyyəsində yox, şeirlə,nəzmlə. Anam sanki Səməd Vurğunun Dürrə ilə bağlı yazdığı şeirlərin hamısını əzbər bilirdi.

Zalım əcəl, nə tez kəsdi bərəni

Ziyarət eylərəm yarı görəni.

Vurğunam, görsəniz əgər Dürrəni

Deyin ki, satmasın əğyarə məni. 

O illərdə hər bir evdə “Azərbaycan dastanları” kitabı vardı. Mən o kitabı elə hey vərəqləyirdim. “Abbas və Gülgəz”, “Əsli və Kərəm”, ” Şah Abbas və Zöhrə”…Elə bilirdim ki, səhifələrin arasından  mütləq ” Vurğun və Dürrə” dastanı da qarşıma çıxacaq. Bu,  heç vaxt çıxmadı, əksinə,  Zeynəb xanımın oxuduğu “Tərlanım” mahnısı  da  günlərin bir günü   efirlərdən yığışdırıldı. Çox sonralar Şəmistan Nəzərlidən eşitdim ki, bu mahnını Səməd Vurğunun həyat yoldaşı Xavər xanımın  yuxarılara şikayəti əsasında yığışdırıblar. Mahnıda Dürrənin adı çəkilir deyə. Hər halda,  ən dəqiqini  Zeynəb Xanlarova bilər. Amma  araşdırmaçı jurnalist Şəmistan Nəzərli də çox şeylər bilirdi  və  faktlarla danışırdı. Deyirdi ki,  “Səməd Vurğunun ilk məhəbbəti” adlı yazısını 1976-cı ildə  dərc olunmaq üçün “Ulduz” jurnalına verəndə baş redaktor Əhməd Cəmil açıqlamışdı bu faktı ona. Demişdi ki, Xavər xanım qısqanc qadındır,əgər  Zeynəb Xanlarova kimi bir məşhur  müğənninin repertuarından o mahnını çıxarda bilmişdisə,  bu yazının da dərcini əngəlləyə bilər. Həqiqətən də yazı dərc olunmur. Şəmistan müəllim deyir ki, Xavər xanım onu evə çağıtdırır, qızı Aybəniz, oğlu Yusifin də iştirakıyla onların söhbəti baş tutur. Və Xavər xanım deyir ki, nə ilk məhəbbət, nə zad? Səməd Vurğunun ilk məhəbbəti də, son məhəbbəti də o özüdür. Şəmistan Nəzərlinin” Xavər xanım, Dürrə Səməd Vurğunun 1922-1930-cu illərdəki  ilk məhəbbətidir, sizi isə 1934-cü ildə Abdulla Şaiqin evində məşhur folklorçu Hümbət Əlizadənin toyunda  görüb sevib. Əlbəttə, Dürrənin məhəbbəti  siz Xavər xanımın saf məhəbbətinə kölgə salmır” sözləri də Xavər xanıma təsir etmir və nəticədə Şəmistan Nəzərli “Ulduz” jurnalı üçün hazırladığı yazını cırıb atır. Deyir çıxanda Yusif Səmədoğlu da arxamca gəldi  və məndən soruşdu ki, o yazının nüsxəsi qalırmı səndə. Deyir dedim ki qalır. Dedi ki, anama fikir vermə, qadın hikkəsidir.   Saxla, vaxt gələr lazım olar.

İllər sonra Şəmistan müəllim o yazını çap etdirir. Çünki Səməd Vurğunu ciddi şəkildə tədqiq etmişdi, həyat və yaradıcılığını gözəl bilirdi. Yazırdı ki, Səməd Vurğun Dürrəni Qazax Seminariyasında oxuyandan sevirdi. Qız da həmin seminariyada oxuyurmuş. Üstəgəl, eyni  evdə  qalırmışlar. Dürrənin atası Əsəd xozeyinin  Qazaxda ikimərtəbəli mülkü varmış. Anası Məhbub xanımı  28 yaşında itirən Səməd  və qardaşı Mehdixana  dayı dedikləri Əsəd xozeyin evinin alt mərtəbəsində sığınacaq vermişdi. Çünki Əsəd xozeyinin əmisi qızı Nabat xanım Səməd Vurğunun ana babası Mehdixan Vəkilovun birinci arvadı olmuşdu. Nabat xanım  cavan vəfat etdikdən sonra Mehdixan Vəkilov Aişə xanımla evlənmişdi və 1918-ci ildə Salahlıdan Qazaxa köçən Aişə xanımla nəvələrinə-Səməd və Mehdixana Əsəd xozeyin evində yer vermişdi.

Səmədə isə təbii ki, qızını verə bilməzdi. Çünki, Dürrəni o illərdə Qazax Firqə Komitəsinin katibi Heydər Zeynalov da sevirdi və  Dürrə də vəzifəsi, maşını, var-dövləti olan Heydəri seçir. Danışırlar ki,   məşhurluğun zirvəsində olduğu illərdə poeziya gecələrinin birində alqışlar altında səhnəyə qalxan Səməd Vurğuna Dürrə söz atır. Deyir ki, çox öyünmə, səni şair edən mənim məhəbbətim olub. Səməd Vurğun isə ona belə deyir: Əgər elədirsə, ərin Heydəri niyə şair eləmirsən?

Dürrə onu şair eləməsə də, Vurğun edə bilir. Şairə bu  təxəllüsü elə məhz Dürrəyə sevgisi qazandırır.

Səməd Vurğun 1927-ci ildə yazırdı: ” Mən onu bir qadın kimi sevmədim.Buna şahid mənim uduzmağımdır. O isə məni düşünməkdə aciz qaldı. O məni düşünmək istəyirdi, fəqət görə bilməyirdi. Onun gözlərini ictimai həyatın pərdələri örtmüşdü.”

Şairin qardaşı Mehdixan Vəkilov da yazırdı ki, Dürrə ərə getdikdən sonra da Səməd onu bir xəyal kimi izləyirdi. “Əski dildarını seyr etməkdən ruhi bir qida alırdı. Vurğun Dürrəni görmək üçün saatlarla onun gələcəyi yolda dayanırdı.” 

Mirqasım Əfəndiyevə görə isə, Səməd Dürrənin ərə getmək xəbərini Qubada eşitmiş, bu xəbərdən sarsılmış və  dostları onu dəfələrlə Qudyalçayın sahilindəki sıldırımlıqlardan, dağlardan tapıb gətirmişdilər. O özünü öldürmək istəyirmiş…

Dürrəni sevəndə Vurğun dedilər

Adıma min cürə uyğun dedilər…

Nə yaxşı ki, Dürrəyə görə özünü öldürmədi. Az da olsa yaşadı. 50 yaşında yüz ilin işini gördü. 20-ci əsrə öz damğasını vurdu. Düzdür, bu günün  yeni şairləri nə onu, nə üslubunu bəyənirlər. Mübahisə etmirəm, onların da öz arqumentləri var. Amma ortalıqda bu boyda reallıq da. Səməd Vurğun  SSRİ boyda imperiyanın diqqətini çəkən şair idi!

Bəs görəsən Dürrə necə?  Vurğuna görə nə vaxtsa peşimançılıq çəkdimi? Məncə bu sualı ona verən jurnalist olmadı.

Dürrə Səməd Vurğundan 18 il sonra dünyadan köçdü.  1974-cü ilin  qışında.

P.S. BU yazını Səməd Vurğunun doğum günü üçün yazdım. 21 mart onun anadan olduğu gündür. Bizə ədəbiyyatı sevdirən şair həm də ürəyində bir qadın sevgisi gəzdirib. Məncə ən ciddi yaradıcılıq  həm  də qadındır. O səbəbdən Vurğun bir də belə yadımızda qalsın dedim.

Ləman Ələşrəfqızı

Gununsesi.org