“DTX-nın başqa istiqamətlərdə də uğurları var, sadəcə məxfilik baxımından açıqlanmır” - İlham İsmayıl Əli Nağıyevin bir illik fəaliyyətindən danışdı

  • By admin
  • 20 İyun 2020 22:58
“Onlara tövsiyə edərdim ki, əməliyyat boyu etika və qanun çərçivəsində hərəkət etmiş DTX-dan nümunə götürsünlər”
Bir il bundan əvvəl, 2019-cu il 20 iyununda dövlət başçısının sərəncamı ilə Əli Nağıyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə təyin edildi.
Bu bir il ərzində DTX-nın fəaliyyətini dəyərləndirmək üçün Moderator.az təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıla müraciət edib.
Gununsesi.org həmin müsahibəni diqqətinizə çatdırır:
 
– İlham müəllim, Əli Nağıyevin DTX rəisinin təyin olunmasından düz bir il keçir. Siz bu bir ildə təhlükəsizlik xidmətinin fəaliyyətini necə dəyərləndirərdiniz? Rəhbərliyin dəyişilməsi xidmətin fəaliyyətinə necə təsir edib?
– Xüsusi xidmət orqanları istənilən dövlətin əsas sütunlarından biridir. Bu tarixən belə olub. Dünyada ilk dövlətlər qurulanda da casusluq, xəbər çatdırma, kəşfiyyat bu gündən baxanda bəzən primitiv təsir bağışlasa da istənilən dövlətin ilk strukturlarından olub. Bu gün isə dünya informasiya ilə idarə olunur, informasiya ilə dünyanın təhlükəsizliyi qorunur, ona görə də böyük dövlətlərin hələ yalnız kəşfiyyata ayırdığı illik vəsait on milyardlarla hesablanır. Təbii ki, Azərbaycan Respublikasının da xüsusi xidmət orqanı olan Dövlət Təhlükəsizliyi Xidməti ölkənin, dövlətçiliyin ən vacib strukturu hesab edilir.
 Sualınızı birbaşa cavablandırmazdan öncə xüsusi xidmət orqanının bir dövlət üçün əhəmiyyətini vurğulamaqda məqsədim bu təşkilata təyin olunan rəhbərlərin necə bir məsuliyyət sahibi olduqları barədə təsəvvür yaratmaqdır. Təəssüf ki, müstəqilliyimizin ilk on illiyindən bir qədər sonra 11 il 3 ay ərzində Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik edənlər 1919-cuildən bəri fəaliyyət göstərən Azərbaycan xüsusi xidmət orqanlarının tarixinə qara səhifə yazdılar. Bu səhifəni təmizləmək elə də tez və asan başa gəlmir. Eldar Mahmudovdan sonra DTX-ya rəhbərlik etmiş Mədət Quliyevin bu qurumun nüfuzunu bərpa etmək üçün xeyli işlər gördüyünü də qeyd etmək lazımdır. Ən əsası, təhlükəsizlik orqanlarna rüşvətlə soxulmuş yararsız, qeyri-peşəkar kadrlar uzaqlaşdırıldı və bəziləri də cinayət məsuliyyətinə cəlb edildi.

Adətən, xüsusi xidmət orqanının fəaliyyəti məxfiliyə görə çox açıqlanmır, KİV-də nadir hallarda hansısa yekunlaşmış işlər barədə məlumatlar verilir. General-leytenant Əli Nağıyevin DTX-ya rəhbərlik etdiyi bu bir ili cəmiyyətin görmək istədiyi bir xüsusi xidmət orqanının fəaliyyəti kimi dəyərləndirərdim. Ona görə ki, on ildən çox müddətdə rüşvət və korrupsiya yuvasına çevrilmiş bir orqan, sözün əsl mənasında rüşvət və korrupsiyaya qarşı mübarizə aparan bir təşkilata çevrilə bilib. Bütün ölkənin  gözü qarşısında baş verən anti korrupsiya əməliyyatları, yüksək vəzifəli məmurların – icra başçılarının, nazirlərin, hərbi generalların, yerli idarəetmə orqanlarına rəhbərlik edənlərin ifşası qısa müddətdə sübut etdi ki, dövlətin təhlükəsizliyini təhdid edən korrupsiya və rüşvətə qarşı ən yaxşı mübarizəni, məhz DTX aparır. Təbii ki, bu uğurun qazanılmasında xidmət rəsinin rolu yüksəkdir. Mənim Əli Nağıyevi tərifləməyimə ehtiyac yoxdur. Onun gördüyü işlərin təbii ki, hamısı olmasa da, müəyyən hissəsi göz önündədir və ən əsası bu fəaliyyət cəmiyyət tərəfindən də müsbət qiymətləndirilir.
 
– Aparılan antikorrupsiya əməliyyatlarının peşəkarlığını necə dəyərləndirirsiniz, sizcə bu əməliyyatları Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi apara bilməzdimi? Həm də Əli Nağıyev əvvəl bu idarənin müavini vəzifəsində olub.
– Bu sual dəfələrlə jurnalistlər tərəfindən səsləndirilib. Amma, əməliyyatların peşəkarlıq səviyyəsi barədə sualınızın birinci hissəsi bu işə aydınlıq gətirir. Bu işlərin qüsursuz həyata keçirilməsi DTX-nın əməliyyat heyətinin və onlara rəhbərlik edən şəxsin daha peşəkar olması ilə əlaqədardır. Texnikanın yerləşdirilməsi, götürülməsi, nəzarət olunması, şahid bazası və sairə tədbirlər sadə məsələlər deyil. Bu ilk şərtdir. Eyni zamanda yuxarıda qeyd etdiyim kimi, nüfuzunu itirmiş təhlükəsizlik orqanının cəmiyyətdə nüfuzunu qaldırmaq heç kimin yox, məhz bu orqanın öz işi idi. Bu, həm dövlətə, dövlətçiliyə, həm də xidmətin özünə lazım idi.
Burda DTX-nı başqa orqanlardan fərqləndirən çox vacib bir detalı da vurğulamaq istəyirəm. Xüsusi xidmət orqanlarını fərqləndirən bir əlamət də əməkdaşların peşəkarlığı, çevikliyi ilə yanaşı eyni zamanda çox mədəni hərəkət etmələri, etikadan kənara çıxmamaları, qarşısındakı şübhəli şəxslə (cinayəti hələ sübut olunmadığı üçün) qanun çərçivəsində, ona hüquqlarının izah edilməsi, hətta mən deyərdim ki, xalqımızın da dəyərlərini gözləməklə rəftar edilməsi göstərir ki, rəhbərlik yalnız həbs olunmanı deyil, bütün qanun və qaydaları, hətta yazılmamış mənəvi qanunları qorumağı da şəxsi heyətə bir vəzifə olaraq tapşırıb. Bu nüansı xüsusi olaraq vurğulamağın səbəbini yəqin ki, dəyərli oxucu anladı- son günlər ictimai asayişi qoruyan güc strukturlarının bəzi əməkdaşlarının vətəndaşlara qarşı göstərdiyi qeyri-adekvat hərəkətlər yalnız qəzəb doğurdu və onlara tövsiyyə edərdim ki, milyonlarla rüşvət üstündə tutulmasına baxmayaraq, yenə də həmin şəxslərə qarşı bütün əməliyyat boyu etika və qanun çərçivəsində hərəkət etmiş DTX-dan nümunə götürsünlər.
– DTX-nın fəaliyyəti təbii ki, yalnız rüşvətə, korrupsiyaya qarşı mübarizə ilə bitmir.
– Tamamilə doğrudur. DTX daha çox əks-kəşfiyyat fəaliyyəti ilə məşğuldur, amma dövlətin təhlükəsizliyi geniş anlamdadır, yalnız xarici kəşfiyyata qarşı görülən əməliyyat tədbirləri ilə məhdudlaşmır. Terrorla mübarizə, kütləvi etiraza səbəb ola biləcək fəaliyyət, həyati vacib obyektlərin qorunması, iqtisadi təhlükəsizlik, səhiyyə, təhsil təhlükəsizliyi, ekoloji təhlükəsizlik, vəzifəli şəxslərin tutduğu mövqedən sui-istifadə hallarına yol verməsi və sairə. Yeri gəlmişkən, bu günlərdə İŞİD-ə qoşulmuş Azərbaycan vətəndaşı Adilov Salehin Türkiyə ərazisində tutulması ciddi uğurdur. Bir daha qeyd edirəm ki, DTX-nın son bir ildə başqa istiqamətlərdə də uğurları var, sadəcə məxfilik baxımından açıqlanmır.
Bundan başqa bildiyimə görə, yeni rəhbərlik peşəkar kadrların hazırlanmasına xüsusi önəm verir, xidmətin Akademiyasının rəhbərliyi dəyişdirilib, çünki qarşıya qoyulan təhlükəsizlik məsələləri yalnız peşəkar heyətlə həyata keçirilə bilər.
Bir məsələni də oxucuların diqqətinə çatdırmaq istərdim. DTX-nın keçirdiyi əməliyyatlar haqqında xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin zamanında yaydığı məlumatların da peşəkarcasına hazırlandığı xüsusi qeyd edilməlidir. Şaiyələrə, yalanlara imkan vermədən bir neçə mərhələdə informasiyanın ictimaiyyətə çatdırılmasına yəqin fikir vermisiniz. Əməliyyat keçirilməsi haqqında ilkin məlumatən yayılması, ardınca əməliyyatın necə keçirilməsi haqqında detallı videomaterialların çatdırılması da sübut edir ki, bu istiqamətdə də xeyli irəliləyiş var. Sonda Dövlət Təhlükəsizlik Xidmətinin bütün kollektivinə Azərbaycan Respublikasının təhlükəsizliyini təmin etmək yolunda uğurlar arzulayır və inanıram ki, peşəkar bir şəxsin rəhbərliyi dönəmində onlar bu çətin və şərəfli vəzifənin öhdəsindən layiqincə gələcəklər.
Gununsesi.org