Dövlət Sosial Müdafiə Fondunun işçilərinin sayı 2 dəfə çoxaldılıb - NAZİR

  • By admin
  • 08 Dekabr 2016 12:35
dsmf-2
2017-ci ildə pensiyalar indeksasiyalaşdırılacaq.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında “Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il üzrə büdcə” layihəsini müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF)-nin 2017-ci büdcəsi haqqında məlumat verən nazir bildirib ki,  büdcəsinin gəlir və xərclərinin 3 mlrd. 400 mln. manat proqnozlaşdırılıb. “DSMF-nin xərclərinin 37,4%-i və ya 1 mlrd. 270 mln. manatı dövlət büdcəsindən ayrılan transfert, 62,6%-i və ya 2 mlrd. 130 mln. manatı məcburi dövlət sosial sığorta haqları və sair daxilolmalar hesabına maliyyələşdiriləcək”.
Onun sözlərinə görə, bu, cari ilin gözlənilən icra göstəricisindən 248 mln. manat və ya 8%-ə yaxın çoxdur: “Fondun 2016-cı ilin gözlənilən icra göstəricisinə nisbətən 2017-ci ilin büdcə xərclərində proqnozlaşdırılan 248 mln. manat artımın 229 mln. manatı əmək pensiyası üzrə xərclərə, məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərə 5,6 mln. manat, digər xərclərə isə 13,4 mln. manat artım nəzərdə tutulur.
Növbəti ildə əhaliyə ödənişlər Fondun xərclərinin 97,6%-i səviyyəsində və ya 3 mlrd. 318 mln. manat proqnozlaşdırılır. Əhaliyə ödənişlərin 2017-ci il üçün nəzərdə tutulmuş proqnozu cari ilin gözlənilən icra göstəricisindən 234 mln. manat və ya 7,6% çoxdur. Əhaliyə ödənişlərin proqnoz məbləği əmək pensiyaları və sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə xərclərdən ibarətdir. Əmək pensiyalarının ödənişi xərcləri əhaliyə ödənişlərin 97%-ni təşkil edəcək”.
Nazir onu da deyib ki,  növbəti ildə əmək pensiyalarının sığorta hissəsinin 2016-cı ilin yekunlarına görə indeksləşdirilməsi nəzərə alınıb. Bununla yanaşı nazir deyib ki, 2017-ci ildə  əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə 127 mln. manatın sərf olunacağı nəzərdə tutulur: “2017-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin proqnozu 104,4 mln. manat təşkil edir ki, bu da 2016-cı ilin gözlənilən icra göstəricisinə nisbətən 5,6 mln. manat və ya 5,7% çoxdur. 2017-ci ildə digər xərclər 81,8 mln. manat məbləğində nəzərdə tutulur ki, bu da cari ilə nisbətən 13,4 mln. manat və ya 19, 6% yuxarıdır. Bu sahədə xərc artımı əsasən Fondun aparatının saxlanması istiqamətində proqnozlaşdırılıb. Belə ki, Fondun aparatının və onun yerli orqanlarının saxlanması xərclərinin proqnozu 2017-ci il üçün 40 mln. manat və yaxud hazırkı ilə nisbətən 13 mln. manat çox nəzərdə tutulub. Bu artım prezident İlham Əliyevin bu ilin martın 18-də verdiyi fərmanla Dövlət Sosial Müdafiə Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilməsi və ölkə başçısının 2016-cı il 24 iyun tarixli fərmanı ilə Dövlət Sosial Təminat Xidmətinin Dövlət Sosial Müdafiə Fonduna birləşdirilməsi nəticəsində aparılmış struktur dəyişikliyi ilə əlaqədar Fondun fəaliyyət sferasının genişlənməsi və işçi heyətinin sayının əhəmiyyətli dərəcədə artması ilə əlaqədardır. Əgər birləşməyə qədər Fondun işçilərinin sayı təqribən 2700 nəfər idisə, hazırda bu göstərici 4790 nəfər təşkil edir. Gördüyünüz kimi, bu artım işçilərin əmək haqlarının maliyyələşdirilməsinə yönəldiləcək”.
 Mürtəza
 Gununsesi.info