“Dövlət idarəetməsi təkmilləşdirilməlidir ki, rüşvətxorları ifşa etmək asan olsun” – Deputat

  • By admin
  • 16 May 2020 15:54
“Ölkəmizdə insanlar rüşvət verməsə, rüşvətxorlar dövlət idarəetməsindən çəkilib biznesə gedəcəklər”.
Gununsesi.org xəbər verir ki, bu fikirləri açıqlamasında Moderator.az-a “Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası”nın sədri, deputat Qüdrət Həsənquliyev səsləndirib. O qeyd edib ki, korrupsiyaya qarşı mübarizənin effektivliyi üçün rüşvət alanlarla yanaşı, rüşvət verənlərin də həbs olunması son dərəcə zəruridir.
Qüdrət Həsənquliyev daha sonra deyib: “Dövlətimizin təhlükəsizliyinə, onun iqtisadi inkişafına və beynəlxalq nüfuzuna qarşı böyük təhdidə çevrilmiş korrupsiyaya qarşı ölkə Prezidentinin ciddi dəstəyi ilə DTX tərəfindən səmərəli mübarizə aparılır. Artıq bu işə Prokurorluq orqanları da qoşulub, törədilən cinayətə görə, cəzanın labüdlüyü prinsipi təmin edilir. İnsanlarımızın kütləvi şəkildə buna inanacağı təqdirdə korrupsiyaya ciddi zərbə vurulacaq. Ölkəmizdə insanlar rüşvət verməsə, rüşvətxorlar dövlət idarəetməsindən çəkilib biznesə gedəcəklər”.
Deputat həmçinin söyləyib ki, bununla yanaşı, dövlət idarəetməsi təkmilləşdirilməlidir ki, rüşvətxorları ifşa etmək asan olsun.
“İnsanların kütləvi şəkildə korrupsiyaya bulaşması və onun nəticəsi olaraq kütləvi həbsi onların ailə üzvləri, yaxınları üçün ciddi mənəvi sarsıntılara səbəb olur. Ona görə də dövlət cinayətkarları cəzalandırmaqla yanaşı, onun profilaktikası istiqamətində də ciddi qərarlar qəbul etməlidir”, – deyə partiya sədri bildirib.
Onun sözlərinə görə, ailələr isə hər hansı üzvünün həbsindən mənəvi iztirab yaşamamaq üçün aza qane olmalı, onları qanun pozuntularından çəkindirməlidirlər.
“Əgər kimsə iş yerini itirmək qorxusu səbəbindən qanunları pozmağa məcbur edilirsə, bu barədə Prezidentə açıq müraciət etməlidir. Yalnız cəmiyyətin açıq və ciddi  dəstək verəcəyi halda, Prezidentin korrupsiyaya qarşı başlatdığı bu müharibədə biz qalib gələ bilərik”, – deyə Qüdrət Həsənquliyev əlavə edib.