Donald Tramp: “Ruslar Venesuelanı tərk edir”

  • By admin
  • 06 İyun 2019 18:58

Rəsmi Moskvadan təkzib gəldi 

“The Washington Post” yazır ki, ABŞ prezidenti Donald Tramp deyir ki, Rusiya Venesueladan çıxır, Rusiya isə söyləyir ki, bu, doğru deyil.
Qəzet yazır ki, Donald Tramp bazar ertəsi Twitter üzərindən belə bir xəbər yayıb: “Rusiya tərəfi bizi məlumatlandırıb ki, onlar öz adamlarının böyük bir hissəsin Venesueladan çıxarıb”.

Buna cavab olaraq çərşənbə axşamı rəsmi Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib:“Rusiya tərəfindən bu məsələ ilə bağlı nə rəsmi, nə də qeyri-rəsmi acılama olmayıb”.

Qəzet yazır ki, Rusiya tərəfi Venesuela prezidenti Nikolas Maduronu müdafiə edir. ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton və ABŞ-ın dövlət katibi Mayk Pompeo Venesuelaya verdiyi hərbi, diplomatik və iqtisadi dəstəyə görə Rusiyanı dəfələrlə ittiham edib. Rusiyanın dəstəyi, prezident Nikolas Maduronu iqtidardan uzaqlaşdırmaq üçün cəhd göstərən ABŞ-ın ürəyincə deyil.
Cənab Peskov deyib ki, Donald Tramp Twitter hesabındakı həmin bəyanatın nəyə əsaslandığı ona bəlli deyil.

“The Washington Post” yazır ki, təxminən 100 hərbçi Rusiyadan təyyarə ilə Karakasa gəlib. ABŞ tərəfi hesab edir ki, onlar daha çox Venesuelada yerləşdirilmiş S-300 müdafiə sistemi ilə əlaqədar olaraq Venesuelaya yollanıb və onlar öz işlərin bitirdikdən sonra ölkəni tərk edəcək.

Cənab Peskov deyib: “Biz bilmirik ki, “Rusiya öz adamlarının böyük bir hissəsin Venesueladan çıxarıb” nə deməkdir. Bu faktdır ki, Venesuelada rusiyalı mütəxəssislər çalışır, onlar oraya göndərilmiş müəyyən qurğulara nəzarət edir və bu iş nəzərdə tutulmuş cədvələ əsasən həyata keçirilir ”.

Rəsmi Kremlin sözçüsü zənn edir ki, Donald Tramp “The Wall Street Journal”ın xəbərinə əsasən belə qənayətə gələ bilərdi. Bu dərgi bildirib ki, Rusiyanın “Rostek” şirkətinin Venesuelada olan işçilərinin sayı min nəfərdən bir neçə on nəfərə qədər ixtisara düşüb. Ancaq “Rostek” bu məlumatı təkzib edib.

Qəzet bildirir ki, Rusiya tərəfi Nikolas Maduronu Venesuelanın qanuni prezidenti kimi müdafiə edir və bu ölkə Latın Amerikasında Rusiyanın əsas dayağıdır. ABŞ isə özünü müvəqqəti prezident elan etmiş Milli Asambleyanın sədri Xuan Quaydonu müdafiə edir.

Rusiyanın silah istehsal edən nəhəng şirkəti “Rosoboronexport” şirkəti isə bəyan edib ki, onlar Venesuela ilə əlaqələri daha da dərinləşdirmək fikrindədir.

Rusiyanın “İnterfax” agentliyi isə bildirib ki, “Rosoboronexport” şirkəti ilə yanaşı digər Rusiya şirkətləri də Venesuela hökuməti ilə hərbi-texniki əməkdaşlığı genişləndirməyi planlaşdırıb.