Dini baxış: Birbaşa, səsli, vasitəli – İlahi vəhyin növləri

  • By admin
  • 24 Yanvar 2020 18:11

Vəhy sözünün lüğətdəki mənası müxtəlifdir: işarə, yazı, risalə, müraciət, gizli söz, tələsmək…

 

Qurani-Kərimdə vəhy sözü dörd mənada işlənmişdir:

1. Gizli işarə. “Beləliklə o, mehrabdan qövmünün yanına çıxdı və onlara işarə etdi ki, səhər və axşam Allahı pak sifətlərlə mədh edin (və ya namaz qılın. Və onlar bu işarədən başa düşdülər ki, övlad vədinin həyata keçməsi yaxınlaşıb)”. (“Məryəm (s.ə)” 11).

2. Hidayət. Yəni, təbii yol göstərəndir ki, bütün insanların fitrətinə qoyulmuşdur. Qurani-Kərim bu haqda buyurur: “Və Rəbbin bal arısına vəhy etdi (onun təbiətində bu əməlin şövq və qüdrətini qoydu) ki: “Dağlardan, ağaclardan və qurulan çardaqlardan (özünə münasib) evlər götür!”.

“Sonra bütün meyvələrdən (və ağac və bitkilərin şirəsindən) ye. Beləliklə Rəbbinin (xam maddələri bala çevirmək barəsində olan instinkt) yollarını ram və itaətkarlıqla get və pətəklə meyvənin olduğu yer arasındakı get-gəldə Allah tərəfindən ilham olunmuş yolları bir kəsə əziyyət etmədən qət et”.

Onların qarınlarından insanlar üçün şəfalı rəngarəng içməli maddələr çıxır. Həqiqətən bunda (bu şərbət və dərmanın düzəldilmə mexanizmində və onu düzəldənin yaşayış tərzində) düşünən bir dəstə üçün bir nişanə vardır”. (“Nəhl” 68-69).

3. İlham. Bəzən mömin insan elə xəbər alır ki, onun mənşəyinin nə olduğunu bilmir. Bu xəbər adətən onun qəlbinə nazil olur və o, bu xəbərin haradan gəldiyini bilmir. Əslində bu xəbər Allah Təala tərəfindən bəndənin qəlbinə nazil olan ilhamdır. Necə ki, Həzrət Musanın (ə) anasının qəlbinə nazil olmuşdur. “(Ona ilham etdik) ki: Onu bir sandığa qoy və onu dənizə at. Sonra (Bizim əzəli istəyimiz belə oldu ki,) gərək dəniz onu, Mənim və onun düşməninin götürməsi üçün sahilə atsın. Və (bir sıra xeyirlərə görə və) həmçinin (öhdənə yüksək məqam götürəcəksən deyə) Öz nəzarətim altında tərbiyə alıb yetişməyin üçün Öz tərəfimdən (qəlblərə) sənin məhəbbətini saldım”. (“Taha” 39).

4. Risali vəhy. Bu vəhy ancaq peyğəmbərlərə (ə) aiddir və Qurani-Kərim bu haqda çox söz demişdir. O cümlədən: “Və beləcə biz sənə ərəbcə bir Qur’an vəhy etdik ki, Ummul-qura (Məkkə) və onun ətrafındakılara (həm vəhyin mərkəzinin, həm də dünyanın digər cəmiyyətlərin insanlarına) xəbərdarlıq edəsən və barəsində şübhə olmayan toplantı günündən (Bərzəx ruhlarının bədənlərlə, ilk insanların son insanlarla, insanların cin və şeytanlarla, boynunda vəzifə olanların öz əməlləri ilə, əməl sahiblərinin əməllərinin cəzası ilə bir yerə toplanacağı gün ilə) qorxudasan. Bir dəstə Cənnətdədir, bir dəstə alovlu odda”. (“Şura” 7).

Bu vəhyin isə 3 növü vardır:

a) Müstəqim vəhy. Vasitə olmadan peyğəmbərin (ə) qəlbinə nazil olar.

b) Səs vəhyi. Bu vəhy səs şəklində peyğəmbərin (ə) qulağına çatar ki, ondan başqa heç kəs o səsi eşitməz.

c) Mələk vasitəsilə edilən vəhy. Cəbrayil mələyin (ə) Həzrət Peyğəmbərə (s) nazil etdiyi ayələr kimi.

 

Gununsesi.org