Deputatdan seçicilərinin kredit problemləri ilə bağlı banklara müraciət: Borcluların sayının çox olmaması…

  • By admin
  • 28 Mart 2020 17:41

“Bu gün Biləsuvar əhalisinin borclandığı bir sıra bank və kredit təşkilatlarına müraciət edərək, insanların düşdüyü çətin vəziyyəti nəzərə alaraq, bu dövr ərzində seçicilərimə kredit faizlərinin hesablanmaması, problemli kreditlər üzrə isə güzəştlərin tətbiqini xahiş etdim”.

Gununsesi.org xəbər verir ki, bunu Biləsuvardan seçilən millət vəkili Bəhruz Məhərrəmov deyib.

Həmin müraciətin mətnini olduğu kimi, təqdim edirik:

“Biləsuvar rayonu COVİD-19 virusu ilə mübarizə tədbirləri çərçivəsində ölkədə çox haqlı olaraq tətbiq edilən karantin tədbirlərindən, xüsusən də İranla sərhədlərin bağlanmasından ən çox əziyyət çəkən bölgədir. Ölkədəki həssas vəziyyəti, əhalinin durumunu nəzərə alaraq Biləsuvar rayon sakinlərinin təşkilatınızdan götürdüyü kreditlər üzrə faizlərin hesablanmasını mümkün zaman çərçivəsində dayandırılmasına, problemli kreditlərə isə yenidən baxılmasına dair qərar verməyinizi Sizdən xahiş edirəm. Təbii ki, özəl sektor olaraq Sizin işinizə müdaxilə etməyə nə imkanımız, nə hüququmuz yoxdur, həmçinin bu, etik də olmaz. Üstəlik, rəhbərlik etdiyiniz qurumu da maliyyə itkilərinə məruz qoymaq iqtisadiyyatımıza zərbə olar. Lakin rayonu təmsil edən deputat kimi, borcluların sayının da çox olmaması, borc məbləğlərinin isə böyük olmadığını nəzərə alaraq, Sizin səsimə səs verəcəyinizə inanıram. Gün – həmrəylik günüdür”.

 

 

Gununsesi.org