“Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda dəyişiklik edilib

  • By admin
  • 14 Oktyabr 2016 13:48

ev

Azərbaycanda hündürlüyü 12 metrə qədər olan, 2013-cü ilin yanvarın 1-dək tikilən evlərin qeydiyyata alınması üçün yeni prosedur tətbiq olunur.

Gununsesi. info xəbər verir ki,  “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8.0.9-cu maddəsinə yeni bəndlər əlavə edilib. Azərbaycan prezidentinin təqdim etdiyi layihəyə əsasən, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-ə qədər) inşa edilmiş tikililərə dair” adlı maddəyə edilməsi nəzərdə tutulan əlavədə qeyd olunur ki, aşağıdakı sənədlər qeyd olunan tarixədək göstərilən evlərin qeydiyyata alınması üçün zəmin yaradacaq:

– icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə – torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;

– məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə – torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;

Layihədə o da göstərilir ki, sənəd, 2013-cü il yanvarın 1-ə qədər inşa edilmiş hündürlüyü 12 metrədək olan yaşayış evlərinin qeydiyyat məsələlərini asanlaşdırmaq üçün təqdim olunur.

 Gununsesi. info