Ceyhun Cəfərov sakinlərlə görüş keçirdi - FOTOLAR

  • By admin
  • 22 Avqust 2019 12:44

Bu gün Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun rayonun Qarabucaq qəsəbəsində əhali ilə növbəti səyyar görüş-qəbulu keçirilib.

Gununsesi.org xəbər verir ki, görüşdə rayonun Qarabucaq qəsəbə inzibati ərazi dairəsinə daxil olan Qarabucaq qəsəbə, Qarabucaq və Qurd Bayram kəndlərinin sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Səyyar qəbul-görüşdə sakinlərin təbii qaz, içməli su təminatı, sosial müdafiə, torpaq məsələləri, kəndin örüş sahəsinin sərhədlərinin müəyyən edilməsi, məşğulluq məsələləri ilə əlaqədar təklifləri və şikayətləri diqqətə çatdırılıb, onların hər biri barədə aidiyyəti təşkilatların rəhbərinə tapşırıqlar verilib, qaldırılmış məsələlərin çoxu elə qəbul zamanı öz həllini tapıb.

Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov vurğulayıb ki, Kürdəmir rayonunda 62 yaşayış məntəqəsindən 59-u qazlaşdırılıb. İlin sonunadək 2300 nəfərdən çox əhalinin yaşadığı Qarabucaq qəsəbəsi və qəsəbə ərazi dairəsinə daxil olan Qarabucaq və Qurdbayram kəndlərinə də “mavi yanacağ”ın verilişi təmin ediləcək ki, bununla da rayonumuzun bütün yaşayış məntəqələrinə təbii qazın verilişi başa çatdırılacaqdır.

Rayon rəhbəri Prezidentin Sərəncamlarına əsasən rayonda “Asan Xidmət” mərkəzi, 563 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksi, “Azərxalça” ASC-nin Kürdəmir filialı üçün bina və digər sosial obyektlər tikildiyini və kənd yollarının yenidən qurulduğunu qeyd edib.

Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov görüşdə qaldırılan təkliflərin tezliklə həyata keçiriləcəyini əminliklə qeyd edərək, cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verib.

Gununsesi.org