Cavid Qurbanov: “Biz Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirmək istəyirik”- VİDEO

Cavid Qurbanov: “Biz Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirmək istəyirik”

cavid

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, millət vəkili Cavid Qurbanov CBC telekanalına müsahibə verib.

Gununsesi.info həmin müsahibənin tərcümə olunmuş variantını oxucularına təqdim edir:

-Salam, cənab Qurbanov. Bizə vaxt ayırdığınız üçün təşəkkür edirik. Və ilk sualımızı vermək istərdik: 

Azərbaycan dəmir yollarının modernləşdirilməsi prosesində əsas istiqamətlər və prioritet işlər hansılardır?

-Azərbaycan dəmir yollarının ümumi uzunluğu təxminən 4000 kilometrdir. Bunlardan bir hissəsi stansiya yolları və s., digər hissəsi – uzunluğu 2 kilometrdən çox olan əsas, baş magistral yollardır. Bu yollar bizi Gürcüstan, Rusiya Federasiyası və İranla birləşdirir. Həmçinin Ermənistan istiqamətində olan yollar da mövcuddur. Bizə məxsus yolların bir hissəsi (söhbət Dağlıq Qarabağ ərazisindən keçən yollardan gedir) hazırda işğal altındadır. Ölkə ərazisindən “Yeni İpək yolu” adlandırdığımız “Şərq-Qərb”, “Şimal-Cənub” və “Cənub-Qərb” nəqliyyat dəhlizləri keçir. “Şərq-Qərb” dəhlizi – Çindən Qazaxıstanı, Xəzər dənizini, Azərbaycanı və Gürcüstanı keçərək Avropaya və yaxud Bakı-Tbilisi-Qars yolu vasitəsi ilə Türkiyəni, Bosfor boğazını keçərək Avropaya, Londona qədər uzanır. Digər dəhliz – “Şimal-Cənub” dəhlizi – Fars körfəzini Baltik dənizindəki Fin körfəzi ilə birləşdirir. Üçüncüsü – “Cənub-Qərb” nəqliyyat dəhlizi – İranın Bəndər-Abbas limanından başlayıb, Azərbaycan və Gürcüstan ərazilərindən keçərək Baltikaya, Avropaya qədər uzanır. Təəssüflər olsun ki, yollarımız uzun zaman təmirsiz qalıb. Lakin, biz Dünya Bankından, Çexiyanın Kommersiya bankından, Fransa bankı tərəfindən 2 milyard dollar kredit cəlb edə bildik. Bunun sayəsində hazırda Gürcüstan istiqamətindəki yollar yenilənir, enerji təchizatı təmin olunur. Bu da 1000 km (500 km – Gürcüstan istiqamətində, 500 km – əks-istiqamətdə) yolun təmiri deməkdir. Əsas məqsəd – nəqliyyat dəhlizlərinin işini normal şəkildə təşkil etməkdir. Həmçinin, dəmir yollarında sürəti yüksəltmək lazımdır. Belə ki, 2015-ci ildə sürət olduqca aşağı idi. Hazırda isə biz qərb istiqamətində sürəti saatda 60 km-ə qədər yüksəldə bildik. Gələcəkdə də bu iş eyni qaydada davam etdiriləcəkdir. Bundan başqa, biz “ALSTOM” şirkətiylə 50 ədəd elektrik lokomotivin alınması üçün müqavilə imzaladıq. Eyni zamanda vaqon parkını da yeniləyirik: artıq 3100 vaqon alınıb, əlavə olaraq da 24 lokomotiv. Hazırda “Stadler” şirkətindən Bakı və Sumqayıt şəhərlərini birləşdirən 5 elektrik qatarı da almışıq.

-Cənab Qurbanov, cavabınızdan bəlli olur ki, əsas önəm beynəlxalq istiqamətlərə verilir.

-Əsasən elədir.

-Bəs ölkədaxili istiqamətlərdə yeni yolların tikintisi nəzərdə tutulurmu? Məsələn, Bakı vağzalını Heydər Əliyev adına Beynəlxalq hava limanıyla birləşdirən yeni dəmir yolu layihəsi kimi.

-Binə qəsəbəsi istiqamətində dəmiryol xəttimiz mövcuddur. Onu sadəcə bərpa edib, yeniləyib, hava limanı ərazisinə qədər uzatmaq lazımdır. Hava limanı rəhbərliyi Cahangir Əsgərovla bu işi razılaşdırmışıq, onlar bizə texniki şərtlər təqdim etdilər. Biz layihə üzərində işləyirik, sənədlər paketini hazırlayırıq. Bu cür dəmiryol xətti mütləq olmalıdır. Belə dəmiryol xətləri, dünyanın bir çox böyük şəhərlərində özünü təhlükəsizlik, rahatlıq baxımından tam doğruldur. Təkcə bu deyil. Vaxtı ilə dəmir yolları Şahdağ, Qəbələ kimi kurort zonalarına qədər uzanırdı. Bunu da gələcəkdə bərpa etməyi planlaşdırırıq.

-Siz sürətin saatda 60 km-ə qədər yüksəldilməsindən bəhs etdiniz. Bəs dəmir yolunun yük keçirmə qabiliyyəti nə dərəcədə yüksəlməkdədir?

-Vaxtı ilə Azərbaycan dəmir yollarının yük keçirmə qabiliyyəti 100 milyon ton təşkil edirdi. Bu sovet dönəmində idi. Hazırda isə yük axını azalıb. 2015-ci ildə bu göstərici təxminən 15 milyon, 2016-cı ildə 16 milyon ton təşkil edirdi, bu il isə, ümid edirik ki, bu göstərici 17 milyon tona qədər yüksələcəkdir. O ki qaldı sürət məsələsinə, bilirsiniz ki, Azərbaycan ərazisi bir o qədər də böyük sayılmaz – Bakıdan Gürcüstan sərhədinə yolun uzunluğu 500 km, İran sərhədinə – 313 km, Rusiya sərhədinə isə – 205 km təşkil edir. Buna görə sərnişin qatarları üçün saatda 160-200 km sürət bizi tam qane edəcəkdir. Bunun üçün də infrastruktur yaratmaq, yol təsərrüfatını yeniləmək lazımdır. Məsələn, yol təsərrüfatında 6 milyonluq şpal təsərrüfatı mövcuddur. Yalnız bir istiqamətdə 1000-ə yaxın yoldəyişən qurğu dəyişdirilməlidir. Bütün bunlar da böyük vəsait, zaman, insan əməyi tələb edir. Biz bu işləri görürük.

-Siz beynəlxalq maliyyə qurumlarının ayırdığı 2 milyard dollarlıq kredit haqqında bəhs etmişdiniz. Nə qədər vəsait artıq istifadə olunub?

– Bu vəsaitin 900 milyonu artıq istifadə olunub. Bir kreditin icrası 2019-cu ilin sonlarında bitir. Bu kredit ayrı-ayrı, lokal hissələrdən ibarətdir. Məsələn, bu ilin sonuna qədər biz yol bərpasının 80 faizini yerinə yetirməyi nəzərdə tuturuq.

-Cənab Qurbanov, bəs bu ilin xərcləri nə qədər olacaq?

-Bu il üçün hazırda smeta üzərində iş gedir. Bu smeta Nazirlər Kabineti yanında yaradılmış, baş nazirin birinci müavini Yaqub Eyyubovun sədrliyində olan komissiya tərəfindən təsdiqlənəcək. Biz smetanı hazırladıq və yalnız onun təsdiqindən sonra mən sizə konkret xərclərdən bəhs edə bilərəm. Məsələn, deyə bilərəm ki, dəmiryolçuların maaşlarında artım gözləniləndir.

-Biz daha əvvəl hərəkət heyəti haqqında danışmışdıq. Bu sahədə hansı yeniliklər gözlənilir? Məsələn, bu il alınması nəzərdə tutulan yeni vaqonlarının sayı haqqında nə deyə bilərsiniz?

-Bu işi üzərimizə götürdükdə, onun fəaliyyətinin Prezidentin siyasətinə uyğun olmadığını gördük. Ona görə də bütün sahələri yeniləməyə başladıq. Yeni məsləhətçilər dəvət etdik. Dünyanın ən məşhur dörd şirkətindən olan Deutsche Bahn, KPMG bizimlə məsləhətçi qismində çalışırlar. Biz yeni mühasibat sistemini işə saldıq. Eyni zamanda, biz hərəkət heyətini yeniləyirik. 18473 vaqonumuz, 330 elektrik lokomotivimiz var. Əvvəllər lokomotivlərin cəmi dördü ya beşi 10-15 illik, yəni nisbətən yeni hesab olunurdu, qalanı isə 30-40 ilin lokomotivləri idi. Hazırda isə yeni və təmir olunmuş köhnə lokomotivlər daha çoxdur. Məsələn, artıq əminliklə deyə bilərik ki, 20-25 milyon ton yük daşımaq qabiliyyətindəyik. Qürurverici amildir ki, artıq “Stadler” markalı qatarlarımız var. Artıq qatarlarımız saatda 100-120 km sürətlə gedə bilir. Bunlar hamısı yenilikdir, proqressdir.

-Sərnişinləri cəlb etmək, onların məhz Azərbaycan dəmir yollarından istifadə etmələri üçün daha nələr həyata keçirilir?

-Biz sərnişinləri necə cəlb edə bilərik? Məsələn, Gəncə istiqamətini götürək. Təyyarə ilə ora maksimum üç saata çatmaq olar, amma bunun üçün əvvəl hava limanına getmək lazım, gözləmək lazım, hava şəraiti uçuş üçün əlverişli də ola bilər, əlverişsiz də. Digər tərəfdən isə, şəhərin ortasında rahatca dəmiryol vağzalına daxil olub, bir dəqiqə belə gözləmədən, komfortlu qatara minib, üç saatdan sonra Gəncədə olursunuz. Wi-fi-nız var, istəsəniz gəzin, istəsəniz oturun, yatın, pəncərədən təbiəti seyr edin. Mən demirəm ki, təyyarə və ya avtobus pisdir. Sadəcə insan həmişə daha yaxşı və rahat şərait axtarır. Ona görə də gərək bu cür şərait yaradılsın. Biz Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirmək istəyirik. Hesab edirəm, bu ilin avqustunda Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə veriləcək. Buradan artıq Çindən gələn qatarlar keçəcək. Hava şəraitinin sərt olduğuna görə Türkiyədə bu layihə üzrə işlər bir qədər ləngiyib. Bu qış Qarsda az qala 47 dərəcə şaxta müşahidə olunub. Ümumiyyətlə, bu il qış çox sərt keçdi. Hazırda isə tuneldə 90 metrlik betonlama işi qalır.

-Lap az iş qalıb…

-Bəli, iki həftəlik. İki həftəyə bu işi bitirib, sonra da 4 km yol salınacaq. Bununla, demək olar ki, bütün işlər yekunlaşır. Bundan başqa, görmüşdünüz yəqin ki, bu yaxınlarda İrana gedən xəttin açılışı olub. Cənab Prezidentin tağşırığı ilə biz öz ərazimizdə 8,5 km dəmir yolu çəkdik, körpü tikdik, indi də İran tərəfinə öz ərazisində tikinti aparmaqda köməklik edirik. Hətta, Azərbaycan Dəmir Yolları İran tərəfində 1,5 km dəmiryol xəttini və 35 hektar ərazini 25 illik icarəyə aldı. Bunu bizim müştərilərə daha yaxşı şərait yaratmaq üçün etdik. Yüklər Azərbaycanda dayanmadan İran tərəfinə Azərbaycan Dəmir Yollarının xidmət göstərdiyi əraziyə ötürüləcək. Biz hamını ora öz biznesini, terminalları qurmağa dəvət edirik.

– “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi mövzusuna toxunmuşkən, sərhəddəki Astara-Astara dəmir yolunun və dəmiryol körpüsünün tikintisi artıq bitib. Orada başqa nə işlər qalıb?

-Bəndər-Abbas dəniz limanından bizim sərhədimizə qədər yolun uzunluğu 2000 km təşkil edir. Bu yola daxil olan 167 km-lik Astara-Rəşt dəmiryol xəttinin tikintisi qalır. Hazırda cənab Prezidentin razılığı ilə kreditin verilməsi üzrə müqavilə işlənib hazırlanır. Çox güman ki, bu xəttin tikintisini biz İran tərəfi ilə birgə həyata keçirəcəyik. Bu tikinti isə 1 milyard dollar sərməyə tələb edir. Məbləğin yarısını İran höküməti ödəyəcək, qalan tikinti xərclərini isə Azərbaycanın verdiyi kredit hesabına maliyyələşdirmək planlaşdırılır. Həmçinin, bu bizə çoxdankı arzumuzu həyata keçirməyə – Naxçıvanı dəmir yolu vasitəsi ilə Azərbaycanın digər əraziləriylə birləşdirməyə imkan verəcək.

-Bilet satışlarında qiymət siyasətiniz haqqında nə deyə bilərsiniz? Bahalaşmanı gözləyək, yoxsa ucuzlaşmanı?

-Məsələ orasındadır ki, bu təkcə bizim istəklərimizlə olmur. Məsələn, əvvələr biz elektik enerjisi üçün 1.2 milyon ödəyirdiksə, indi bu rəqəm iki dəfə artaraq 2.5 milyon oldu. Amma biz yenə də çətinliklərin olduğunu başa düşürük, yüklərin tranzit qiymətlərini hökumətlə razılaşdırırıq. Tərəfdaşları cəlb etmək üçün tranzit qiymətlərini aşağı salmağa çalışırıq. Məsələn, Gürcüstan dəmir yolları ilə müqavilə imzalayaraq biz artıq vahid dəmir yolu kimi fəaliyyət göstəririk. Əməkdaşlıq haqqında razılığa gəlmişik. Hər iki tərəfə aid qatarlar 8 gün ərzində bir-birimizin ərazisində əlavə ödənişlər etmədən dayana bilər. Məsələn, tərəfdaşlarla razılığa gələrək biz türkmən neftinin, Qazaxıstan qazının qiymətlərini endiririk.

-Deməli, daha sərfəli şərait yarada bilirsiniz…

-Sumqayıta marşrut açılanda gündə bu marşrutdan 500 nəfər istifadə edirdisə, indi artıq 6000 sərnişin istifadə edir. Onu da nəzərə alaq ki, marşrut təkcə səhər və axşam işləyir, gündüzlər isə fəaliyyət göstərmir. O da ona görədir ki, bu yolla gündüz yük daşımaları həyata keçirməyə məcburuq. Bu vəziyyəti aradan qaldırmaq üçün biz dairəvi yolu yeniləməliyik. Hazırda dairəvi yolda intensiv işlər davam edir. Ümidvaram ki, yaxın gələcəkdə, üç-dörd ilə biz saatda 100-120 km sürətə çatacayıq.

-Hamını maraqlandıran suallardan biri də sürət qatarları ilə bağlıdır. Məsələn, Paris-Bordo, Madrid-Barselona marşrutlardakı kimi sürətli hərəkət Azərbaycan miqyasında mümkündürmü?

-Mən hesab edirəm ki, Bakıdan Qazaxa 500 km-lik yolu qatar 4 saat ərzində qət etməlidir. Bu mənim arzumdur. Ümid edirəm ki, nə vaxtsa bu olacaq. Bunun üçün bizim lazımi şəraitimiz mövcuddur. Əvvələr Bakıdan Sumqayıta qatarlarımız 2 saata çatırdısa, indi həmin yolu iki dayanacaqla 40 dəqiqəyə qət edə bilir. Biz ki bunu bacara bilmişik. Gəncə və yaxud Ağstafaya qədər isə təxminən 460 km yol var. Əgər qatarın orta sürəti saatda 120 km olarsa, yuxarıda qeyd etdiyimiz mümkün olacaq. Sadəcə infrastruktur yaratmaq lazımdır. İlk olaraq, dəmiryol xətti, daha sonra – kontakt şəbəkəsi, işarəvermə sistemi, təhlükəsizliyin təmin edilməsi, bir sözlə, əsas məsələləri həll etmək lazımdır. Xaricilər bunu necə etdilər? Onlar ayrı bir dəmir yolu tikib, sürət qatarlarını bu xəttə buraxıblar. Bu milyardlarla vəsait deməkdir. Biz isə bu ilin sonuna kimi Gəncə istiqamətində sürəti artırmağa çalışacayıq. Əlbəttə, saatda 300 km olması mümkün deyil, çünki yenə deyirəm, bu cür sürət üçün ayrı, hasarlanmış dəmiryol xətti olmalıdır.

-Cənab Qurbanov, xaricdəki aktivlərdən söhbət açmaq istərdim. Yaxın gələcəkdə Azərbaycan dəmir yolları xaricdə nəyisə almağı planlaşdırırmı?

-Hazırda bizim bu cür imkanımız yoxdur. Məsələn, Avstriya ildə 100 milyon tona yaxın yük daşımaq qabiliyyətindədir, biz – 16-17 milyon. Amma onlar təkcə öz ərazisində deyil, digər ölkələrdə də fəaliyyət göstərir, bir neçə şirkət açıblar, Konstansa limanının bir hissəsinə sahibdirlər. Dəmir yolu olaraq biz də, məsələn, Gürcüstandakı hansısa bir limanın hissəsini almaq istərdik. Nəqliyyat elə bir sahədir ki, fəaliyyət göstərdikcə gəlir də gətirir. Çinlə-Qazaxıstan sərhədindəki “Dostık” məntəqəsində nəsə əldə etmək olardı. Məsələn, Qazaxıstan tərəfi buraya 500 milyonluq sərmayə qoyub, terminal tikiblər. Gələcəkdə uyğun vəsaitimiz olarsa, əlbəttə, bunu da həyata keçirə bilərik.

-Və sonuncu sualımız: indi ölkədə aktiv şəkildə dövlət obyektlərinin özəlləşdirmə prosesi gedir. Azərbaycan dəmir yollarının özəlləşdirilməsi mümkün olacaqmı?

-Biz dövlət müəssəsi sayılırıq, səhmlərimiz dövlətə məxsusdur. Cəmiyyətimiz açıq deyil, biz onu satışa çıxara bilmərik. Amma respublika rəhbərliyi, cənab Prezident lazım bilsə, bu istiqamətdə addımlar atıla bilər. Gələcəkdə hesab edirik ki, sərnişin daşımalarını, lokomotiv xidmətini ayırıb kiçik holdinqlər yaratmaq olar. Onlar yenə də Azərbaycan dəmir yollarının tərkibində, lakin daha müstəqil fəaliyyət göstərə bilərlər. Digər tərəfdən, biz sərmayəçilərə həmişə açığıq, onlarla əməkdaşlıq etməyə hazırıq.

-Müsahibə verdiyiniz üçün bir daha təşəkkür edirəm. Sizə uğurlar arzulayırıq.

-Sağ olun. Sizə və telekanalınızın rəhbərliyinə minnətdarlığımı bildirirəm.

Həmin videomüsahibəni təqdim edirik:

Gununsesi.info

COMMENTS