Cəlal İsayev: “Koronavirus bəzən heç bir əlamət olmadan da keçə bilər” – Baş infeksionistdən vətəndaşlara xəbərdarlıq

  • By admin
  • 01 Aprel 2020 13:27

“Koronavirus xəstəliyi özünü fərqli simptomlarla büruzə verir. Bəzən bu xəstəlik insanda heç bir əlamət olmadan da keçə bilər”.

Gununsesi.org Oxu.Az-a istinadla xəbər verir ki, bunu Respublikanın baş infeksionisti, ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Cəlal İsayev Baku TV-nin efirində Azərbaycanda koronavirus infeksiyası ilə bağlı mövcud vəziyyətdən danışarkən deyib.

O bildirib ki, insanlar maksimum dərəcədə ehtiyatlı olmalı, yalnız yüksək hərarəti əsas götürməməlidir:

“Xəstəliyin simptomları müxtəlif ola bilir. Belə ki, koronavirusa xas olan kliniki simptomlar arasında hərarətin yüksəlməsi (37,5 – 38 və daha yüksək dərəcə), boğazda qıcıqlanmaların olması, asqırma, öskürək, tənəffüs çətinliyi və digər zökəm əlamətlərini saymaq olar.

Bəzən bir qrup insanlarda, orqanizmdən asılı olaraq, qusma, ishal ilə də müşahidə edilə bilər. Bu əlamətlər meydana çıxarsa, heç kim deməsin ki, bu, başqa xəstəlikdir. Mütləq təcili yardıma müraciət etsinlər. Zərurət olarsa, test və xəstəxana şəraitində müalicə tətbiq olunsun. Çünki bu vəziyyətdə yalnız mütəxəssislər qərar verə bilər ki, siz virusa yoluxmusunuz, yoxsa yox.

Çünki koronavirus özünü fərqli simptomlarla büruzə verir. Bəzən sadalanan əlamətlərdən yalnız biri olur, bəzən isə insanda heç bir əlamət olmadan keçə bilir. Orqanizmdən asılı olaraq, xəstəlik yüngül və ağır şəkildə irəliləyir. Bu səbəbdən, insanlar özlərində halsızlıq, ümumi vəziyyətin pisləşməsini hiss edirsə, 103-ə zəng vurulmalıdır”.

Gununsesi.org