Musa Musayev YAP-da islahatlar təklif edir

  • By admin
  • 14 Fevral 2020 12:12

“Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov, habelə partiyamızın Siyasi Şurasının üzvü Hadı Rəcəblinin deputata seçildiyi dairələrdə nəticələrin ləğv edilməsi təəssüfləndirici haldır. O baxımdan ki, ölkəmizin hakim partiyasının iki nüfuzlu simasının qatıldığı seçkilərdə qanunsuzluqlar aşkarlanıb”.

Bu sözləri Gununsesi.org-a açıqlamasında Naftalanın keçmiş İcra başçısı, keçmiş deputat, YAP Siyasi Şurasının üzvü Musa Musayev deyib. Onun sözlərinə görə, hakim partiyanın tanınmış simalarının bu şəkildə yenilgisi YAP-da islahatları zəruri edir.

“Mən hələ xeyli zamandır ki, YAP-da islahatların önəmini qeyd etmişəm. Hesab edirəm ki, yaşananlar partiya adına utanc gətirən hallardır. Çünki bu qanunsuzluqlar, ədalətsizliklər partiyanın sıravi üzvlərinin deyil, iki tanınmış simasının qatıldığı dairələrdə baş verib. Ona görə də, YAP nüfuzunu yüksəltmək və cəmiyyətdə mövqeyini gücləndirmək üçün bir sıra qərarlar qəbul etməlidir”.

 

 

Gununsesi.org