“Necə olur ki, mülk sənə aiddir, altındakı mülkiyyət yox?!” - CAVİD QURBANOV PREZİDENTƏ MÜRACİƏT OLUNMASINI TƏKLİF ETDİ

  • By admin
  • 17 Noyabr 2016 16:16

cavid

Millət vəkili, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 17-də keçirilən iclasında ölkədə tikinti sahəsində yaranan problemləri gündəmə gətirərək, bu sahədə təkmilləşməyə ciddi ehtiyacın olduğunu vurğulayıb.

Gununsesi.info xəbər verir ki, C. Qurbanov qeyd edib ki, bu gün ev və ya tikinti özəl olaraq vətəndaşa məxsusu olsa da, onun altındakı mülkiyyət ona məxsus ola bilmir. “Bu, necə ola bilir- mülkiyyət sənə aiddir, ancaq altındakı mülkiyyət yox?! Ona görə də təklif edirəm ki, ev, obyekt tikintisi aparılan zaman heç olmasa, tikintinin altındakı mülkiyyəti (yəni- torpağı-red.) özəlləşdirilsin. Yəni, tikintinin altındakı torpaq mülkiyyətinin də tikinti aparıldığı ərazi qədər və ya bir az ondan artıq hissəsinin özəlləşdirilməsinə imkan verilsin”- deyə, o bildirib.

Millət vəkili Vahid Əhmədov və Tahir Mirkişili isə qeyd edib ki, bu yaxınlarda Tikinti və Şəhərsalma Məcəlləsinə edilən dəyişikliklərdə bu məsələlər müəyyən mənada öz əksini tapıb.

Belə ki Şəhərsalma və Tikinti Məcəlləsinə edilən dəyişikliyə əsasən  tikinti aparan şəxs ilk növbədə torpağı özəlləşdirib, onun sənədlərini əldə etdikdən sonra tikinti apara bilər.

C. Qurbanov isə sual edib ki, belə olan təqdirdə, bəs rayon icra hakimiyyətlərinin tikinti aparmaq üçün verdiyi sərəncamlar nəyə lazım olacaq?

“Ona görə də bu anlaşılmazlığın, problemin aradan qaldırılması və qanunvericiliyin daha da təkmilləşdirilməsi ilə bağlı ölkə rəhbərliyinə millət vəkilləri adından müraciət ünvanlayaq”.

Mürtəza

Gununsesi.info