“Bu ilin 5 ayında Azərbaycan iqtisadiyyatına 5 milyard manat pul qoyulub”

  • By admin
  • 12 İyun 2020 14:40

İlk xəbər iyunun 10-da, saat 14:40-da verilib

Bu ilin yanvar-may aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 2,8% azalaraq 4 907,6 milyon manat təşkil edib.

Gununsesi.org  bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Son 1 ildə neft-qaz sektoruna yatırılmış investisiyalar 19,8% artıb, qeyri-neft-qaz sektoruna yönəldilən vəsait 16,7% azalıb. İstifadə olunmuş vəsaitin 3 282,3 milyon manatı və yaxud 66,9%-i məhsul istehsalı sahələrinə, 1 115,5 milyon manatı və yaxud 22,7%-i xidmət sahələrinə, 509,8 milyon manatı və yaxud 10,4%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 2 891,6 milyon manatını və yaxud 58,9%-ni daxili vəsaitlər təşkil edib, 2 965,5 milyon manatı və yaxud 60,4%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 62,1%, büdcə vəsaitləri 21,4%, əhalinin şəxsi vəsaitləri 6,5%, bank kreditləri 5,4%, büdcədənkənar dövlət fondlarının vəsaitləri 2,4%, sair vəsaitlər isə 2,2% təşkil edib.

5 ay ərzində Bakıda “Yeni klinika” tibb müəssisəsi, 3 saylı DOST mərkəzi, modul tipli xəstəxana kompleksi, Naxçıvan MR-da 2 ambulatoriya-poliklinika müəssisəsi, Sumqayıt şəhərində 2 tibbi maska istehsalı müəssisəsi, qoruyucu kombinezonların istehsalı müəssisəsi, Gəncə və Şəki şəhərlərinin hər birində 200 çarpayılıq xəstəxana binası, Ağstafa, Goranboy, Kürdəmir, Qazax və Tovuz rayonlarında “Azərxalça” ASC-nin filialı, Kürdəmir və Tovuz rayonlarında “Asan Həyat” kompleksi, Ağstafa rayonunda Aqrar Sənaye Kompleksi, Qazax rayonunda əhəng zavodu, Şəmkir rayonunda “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi, Tovuz rayonunda Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəmzləri Muzeyi və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.

Gununsesi.org