“Bu, Ədliyyə Nazirliyinin “kaprizi” deyil” -FAİQ QURBANOV AVROPA MƏHKƏMƏSİNİN AZƏRBAYCANI GÖZLƏYƏN KÜTLƏVİ QƏRARLARINDAN DANIŞDI

  • By admin
  • 10 Noyabr 2016 13:27

faiq

“Qeyri-Hökümət Təşkilatları, onların sənədlərində hər hansı problem olarsa,  qanunun tələblərini yerinə yetirməlidirlər. Yəni, bu Ədliyyə Nazirliyinin “kaprizi” deyil, qanunvericiliyin tələbidir”.

Bu haqda Gununsesi.info-ya  Ədliyyə Nazirliyinin İnsan haqları və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Faiq Qurbanov Avropa Məhkəməsinin birləşmək azadlığının pozuntusu ilə bağlı Azərbaycandan göndərilən 25 QHT-nin işi ilə əlaqadar kommunikasiyalara start verməsinə münasibət bildirərkən deyib.

QHT-lərin qeydiyyata alınmamasının səbəblərinə aydınlıq gətirən F.Qurbanov qeyd edib ki,  QHT-lər  hesab edirlər ki, şkayət edə bilərlər, etsinlər.

Bu, onların hüquqlarıdır: “Amma bu, heç də o demək deyil ki, Ədliyyə Nazirliyi  ölkəni Avropa Məhkəməsi ilə üz-üzə qoyur. Sadəcə, Ədliyyə Nazirliyi qanunların tələblərinə riayət edir, bu işləri həyata keçirərkən də  qanunvericiliyin tələblərinə uyğun  olaraq, onların görülməsini tələb edir.  Bu da  Ədliyyə Nazirliyinin vəzifəsidir və bunu da etməlidir. Ona görə də hesab etmirəm ki, burada emosional  şüarlar irəli sürmək lazımdır və belə məsələləri gündəmə gətirmək doğru addımdır”-deyə, açıqlamasında bildirib.

Kommunikasiya mərhələsində  yenidən bu işlərə baxilmasına gəlincə, Ədliyyə Nazirliyinin səlahiyyətlisi bildirib ki, əgər qeydiyyata alınmayan  QHT-lər  həmin mərhələdə sənədlərini qaydaya salarlarsa,  tələblərə uyğun təqdim edərlərsə,  qanunvericiliyin tələblərinə riayət edərlərsə, onların qeydiyyata alınmalarında problem olmayacaq: “Ədliyyə Nazirliyinə yenidən təkrar müraciət etməkdə isə onlar özləri bunda maraqlı olmalıdırlar ki, dövlət qeydiyyatına alınsınlar. Qeyd edim ki, Azərbaycanda, ümumiyyətlə, QHT-lər   dövlət qeydiyyatına alınmasa belə,  fəaliyyət göstərə bilirlər. Onların fəaliyyətlərinə qarşı heç bir məhdudiyyət qoyulmur.  Sadəcə,  onlar hüquqi şəxs statusu ala, hesab aça  bilmirlər. Eyni zamanda, bunlar öz sənədlərini  qanunvericiliyin tələblərinə uyğun  təqdim etsələr,  o zaman qeydiyyata alınmalarına heç bir problem yoxdur, Ədliyyə Nazirliyi bu  işlərə  baxacaq”-deyə, o, bildirib.

Onuda qeyd edək ki, Avropa Məhkəməsi hökumətə onun qarşısında qoyduğu suallar ətrafında mülahizələrini təqdim etmək üçün 2017-ci ilin fevralın 6-na qədər vaxt verib.

Azərbaycandan göndərilən kommunikasiyalardan 21 iş üzrə şikayətçiləri hüquqşünaslardan İntiqam Əliyev, 2-si üzrə Yaşar Ağazadə, 1-i üzrə Azər Nağıyev, bir iş üzrə isə Fariz Namazlı təmsil edir. Şikayətlərdə əsasən İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 11-ci (birləşmək azadlığı hüququ) maddələrinin pozuntusu qoyulur.
İ.Əliyevin apardığı işlərdə isə bu maddələrdən əlavə Konvensiyanın 34-cü maddəsinin pozuntusu da qaldırılıb. Bu hissədə İ.Əliyevin həbsi zamanı onun evindən və ofisindən cinayət işi ilə bağlılığı olmayan məhkəmə sənədlərinin götürülməsi şikayətçilərin fərdi şikayət hüququnu həyata keçirmələrinə əsassız mane kimi qaldırılıb.

Şikayətçilər arasında Mehman Əliyev, Mətanət Əzizova, Elçin Abdullayev, Rövşən Mahmudov, Azad İsazadə, Mehriban Vəzir, Xalid Kazımov, Samir İsmayılov və digər tanınmış şəxslər var.

Bu işlərdə şikayətçilər təsisçisi olduqları QHT-lərin Ədliyyə Nazirliyi tərəfindən təsis sənədlərində çatışmazlıq olması əsası ilə qanunsuz olaraq dəfələrlə geri qaytarılmasını, bu pozuntularla bağlı verdiyi şikayətlər üzrə ədalətli araşdırılmadığını iddia edirlər.

Avropa Məhkəməsi Azərbaycana qarşı birləşmək hüququnun pozuntusu ilə bağlı 6 qərar verib. Qərarlardan 4-ü QHT-lərin qeydiyyatınndan imtina, ikisi isə QHT-lərin ləğvi ilə bağlıdır. Qeydiyyatından imtina olan işlər arasında ölkənin nüfuzlu hüquqşünaslarının (Ənnağı Hacıbəyli, Əyyub Kərimov, Vidadi Mirkamal, Namizəd Səfərov, Əlövsət Əliyev, Rəşid Hacılı və b.) təsisçisi olduğu Azərbaycan Hüquqşünasları Forumunun işi də var.

Xatırladaq ki,  2016-cı ildə birləşmək hüququnun pozuntusu ilə bağlı daha 10-a yaxın şikayət üzrə kommunikasiya ya başa çatıb, ya da başa çatmaq üzrədir. Bu işlərin arasında keçmiş siyasi məhbuslar Anar Məmmədlinin və Bəşir Süleymanlının təsisçisi olduğu iki təşkilatla bağlı 2008-ci ilin prezident seçkiləri ərəfəsində qeydiyyatı ləğv edilmiş Seçkilərin Monitorinqi Mərkəzi və qeydiyyatından imtina olunmuş Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin işləri də var.

Nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan birləşmək azadlığının ən çox pozulduğu ölkələrin siyahısındadır.

Gülnaz Qənbərli

Gununsesi.info