BMT məruzəçisi siyasi məhbuslara baş çəkib

  • By admin
  • 20 Sentyabr 2016 08:31
mishel
Azərbaycanda səfərdə olan BMT-nin İnsan Haqları üzrə xüsusi nümayəndəsi Mişel Forst cəzaçəkmə müəssisələrində siyasi məhbuslarla görüşür. BMT nümayəndəsi artıq siyasi məhbuslarla görüşlərini başa çatdırmaq üzrədir. O, sentyabrın 20-də həmçinin Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənəniyarlı ilə görüşəcək.
Bu barədə “Yeni Müsavat”a S.Qocamanlı məlumat verdi. Hüquq müdafiəçisi görüşdən sonra M.Forstın siyasi məhbuslarla görüşlərinin səbəbləri barədə mətbuata açıqlama verəcəklərini bildirdi.
BMT nümayəndəsinin görüşdüyü siyasilərdən biri – 2 saylı cəzaçəkmə müəssisəsində məhbus həyatı yaşayan REAL sədri İlqar Məmmədovdur. Görüşdən sonra İ.Məmmədov ailəsi ilə əlaqə saxlayıb.
REAL sədrinin həyat yoldaşı Vəfa Məmmədova dedi ki, BMT nümayəndəsi həbsxanada İ.Məmmədovu ziyarət edərkən əsas müzakirə istiqaməti insan haqları olub: “İlqar görüşdən razı qaldığını və yüksək səviyyədə müzakirələr apardıqlarını, ətraflı söhbət etdiklərini bildirdi. İlqarın hələ də Ali Məhkəməsindən xəbər yoxdur. Qanunsuz olaraq məhkəmə müddəti uzadılır. Çox güman ki, İlqar bununla bağlı da BMT nümayəndəsi ilə söhbət edib. Özünün vəziyyəti hər zamankı kimi yaxşıdır”.
M.Forst 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Müsavat başqanının müavini Fərəc Kərimli ilə 1 saylı Bakı İstintaq Təcridxanasında görüşüb. Vicdan məhbusunun atası Raqif Kərimli görüşdən sonra gecə oğlunun təzədən cəzaçəkmə müəssisəsinə qaytarıldığını söylədi: “Xəbər tutduq ki, Fərəci Kürdəxanıya aparıblar. Sonradan məlum oldu ki, BMT nümayəndəsi ilə görüş üçün ora aparıblar. Həmin gün gecə Fərəci geri qaytarıblar. Səbəbi məlum deyil ki, Fərəclə nə üçün orada görüşüb. Çünki digər siyasi məhbuslarla saxlanıldıqları yerlərdə görüşüblər.  Görünür, 14 saylı cəzaçəkmə müəssisəsinin yolunun bərbad olduğu, saxlanma şəraitinin dözülməz olduğu üçün belə qərar alıblar. Fərəcin amnistiyası ilə bağlı heç bir xəbər yoxdur. Oktyabrın 15-də icra müddəti başa çatır. Gözləyirik, görək necə olacaq”.
AXCP sədrinin müavini, jurnalist Seymur Həzi də BMT nümayəndəsi ilə görüşüb. Bazar günü oğlu ilə görüşən Məşgül Həziyev bunları dedi: “Elə bir yenilik yoxdur. Ümumi vəziyyəti yaxşıdır. Bütün dostlara salam söylədi. Seymur da Mişel Forstla görüşüb. Görüş barədə mənimlə söhbət etmədi”.
Bir ay öncə həbs edilən və barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilən “Azadlıq” qəzetinin yayım işləri üzrə direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirli ilə bağlı iş Avropa İnsan Haqları Məhkəməsinə göndərilib. Bu barədə onun vəkili Aqil Layıcov məlumat verib.