“Biznesimi və haqqımı necə qoruyum?”– Cəlilabadlı sahibkarın düşündükləri...

“Biznesimi və haqqımı necə qoruyum?”

sahibkar
Kamran Mahmudov
Cəlilabaddan olan sahibkar Elşad Təhməzovun dediyinə görə, onun biznesini əlindən almağa, ələ keçirməyə çalışırlar. O, bununla razılaşmadığına görə hədələnir, təqib və təzyiqlərlə, hətta həbs təhlükəsi ilə üz-üzə qalıb. Sahibkar bununla bağlı dəfələrlə rəsmi şəxslərə və aidiyyatı qurumlara müraciət etsə də, hələ ki problem öz həllini tapmayıb. Əli hər yerdən üzülən sahibkar dəfələrlə intihar edəcəyi ilə bağlı yerli media orqanlarına müraciət etməli də olub.
“KOMPENSASİYAMI ÖDƏMƏYİBLƏR”
Sosial şəbəkələrdə tez-tez Cəlilabad rayonundan olan iş adamı Elşad Təhməzovun çıxışlarına rast gəlirdim. Sosial şəbəkələrdəki çıxışlarında həmin iş adamı həyəcan təbili çalırdı. Ona təhlükə olduğunu, başına qorxulu bir iş gətiriləcəyini, qaçaq kimi gizlənə-gizlənə yaşamaqdan bezdiyini, intihar edəcəyini bildirirdi. O, ölkə başçısına, onun xanımına, hüquq-mühafizə orqanlarına müraciət edib, kömək istəyirdi. Onun bu çıxışlarına bəzi media orqanları da öz səhifələrində yer ayırırdılar. Məhz bu üzdən Elşad Təhməzovu tapıb, onun problemi ilə maraqlanmaq istədim. Əvvəlcədən deyim ki, onu tapmaq o qədər də asan olmadı.
Elşad Təhməzovu elə sosial şəbəkələr üzərindən axtarmağa başladım. Amma jurnalist olduğuma inandırmaq xeyli uzun çəkdi. Hər kəlməmə şübhə ilə yanaşdı, məni onu təqib edənlərdən birinin adamı olduğu zənn etdi. Xeyli çək-çevirdən sonra jurnalist olduğuma inandı və görüşmək üçün razılıq verdi. Amma bir şərtlə: görüş yerini və vaxtını özü təyin edəcək, görüşəcəyimiz məkan  barədə yazacağım məqalədə söz açılmayacaq. Yəni tam məxfi. Onu da deyim ki, Elşad Təhməzovla Cəlilabada yaxın rayonlardan birində görüşməyi planlaşdırdıq və nəhayət, görüş baş tutdu.
 
Bu arada ilk təəssüratımı da yazmağı özümə borc bilirəm:
Adamın hələ də içində mənimlə bağlı şübhələr olduğu aydın sezilirdi. Amma bunu səmimi söhbətimizə sızdırmamağa çalışırdı. Elə şübhə ilə bağlı əvvəlcə özü söz açdı. Daim təqibdə olduğunu, öldürüləcəyi, oğurlanacağı ilə bağlı təhlükəli mesajlar aldığını vurğulayıb, mənə nəyə görə inanmadığına aydınlıq gətirməyə çalışdı. Hətta üzrxahlıq etdi. Anlayışla qarşıladığımı deyib söhbətə girişdim. Əvvəlcə tanışlıqdan başladıq. İndi bir sahibkarın haqqını qorumaq uğrunda apardığı mübarizə və başına gətirilənlər barədə siz də yaxından tanış olacaqsınız:
-Təhməzov Elşad Zakir oğlu – 1987-ci il aprelin 12-də  Cəlilabad rayonunda  anadan olub. Ali təhsillidir. Bir müddət Azərbaycan Dövlət Sığorta şirkətinin Cəlilabad rayon filialının rəhbəri vəzifəsində çalışıb. Ona qarşı təqiblər başlayanda da həmin şirkətdə çalışırmış. Bu fəaliyyəti ilə yanaşı, son bir ildə ailəsinə məxsus, daha doğrusu, atasının sahib olduğu Cəlilabad rayonunda yerləşən mal-qara bazarına Elşad Təhməzov nəzarət edirmiş: “Ötən il atamın səhhətində problemlər yarandığından ona məxsus bazarın idarəçiliyini mən həyata keçirməyə başladım”.
Ümumi sahəsi 5 hektar olan mal-qara bazarında həftədə bir dəfə iri və xırdabuynuzlu heyvanların alqı-satqısı olurmuş. Bazarın içərisində ofis, çayxana, kafe, ibadət otağı, istirahət otağı, iki tualet və tikintisi başa çatmayan daha bir çayxana varmış.  Ötən il həmin bazarın yaxınlığında dövlət hesabına uşaq baxçası tikilmək qərarı verilib.
sahib
Elşad Təhməzov bildirir ki, rayon İcra Hakimiyyəti onlara bu qərarı açıqlayanda etiraz etməyib: “Bizə bildirdilər ki, sizə başqa yerdən yer verək, burada dövlət əhəmiyyətli obyekt tikilir. Biz problem yaratmadıq. Bazarı köçürdük”.
Bazarın köçürülməsinə görə sahibkara 365 min manat kompensasiya vəd olunub.
 Bundan başqa rayonda “Zibillik dərəsi” adlanan yerdə yeni bazar üçün 5 hektar sahə ayrılıb. Bir xeyli müddət keçsə də, kompensasiya ödənilmədiyindən sahibkar öz hesabına, rayondakı ailəsinə məxsus evin birini sataraq banklardan kredit götürərək ərazidə yeni bazarın tikintisinə başlayıb: “Mən orda 35 min manatlıq obyekt tikdirmişəm. 150 minə yaxın isə yerin daşlarla üzlənməsi, hasarlanma, texnika işləri və digər usta, fəhlə puluna, quyu qazılmasına, işığın çəkilməsinə xərc çəkmişəm. Köhnə bazarda 65 min manatlıq ofisim, kafem söküldü. 10 min manatlıq çay evim söküldü. Bunların heç birini ödəmədilər. Kompensasiyanı isə bu günə qədər hələ ödəməyiblər”.

kohne
 

“BAZARI TƏHVİL VERMƏSƏN, BAŞINA OYUN AÇACAĞIQ”
Elşad Təhməzov deyir ki, yeni bazara köçəndən və bazar fəaliyyətə başlayandan sonra problemləri də başlayıb. Sahibkarın dediyinə görə ilk əvvəl ona rayonun polis idarəsinin rəis müavini Eldar Səfərov xəbərdarlıq edib: “Bazarı köçürəndən sonra Eldar Səfərov məni çağırıb dedi ki, niyə mənim bunlardan xəbərim yoxdur. Özünü ağıllı apar. İşləmək istəyirsənsə mənim dediklərimlə razılaşacaqsan. Mən razılaşmadım”.
Deyir, rəis müavininin istəyi o idi ki, ondan hər ay haqq alsın. Sahibkar deyir ki, buna etiraz edəndən sonra daha böyük problemlərlə üzləşməli olub. 3 gündən sonra onu yenidən polis idarəsinə dəvət edib, haqqında cinayət işi açıldığını söyləyiblər.
bazar
Sahibkar rəsmi çağırış tələb edəndən sonra bir müddət onu axtarmayıblar: “3 ay sonra məni Lənkəran şəhər Prokurorluğundan axtardılar. Bildirdilər ki, sizin haqqınızda cinayət işi açılıb və sənədləri biz Cəlilabad rayon Prokurorluğuna göndəririk. Məni hansı cinayət işi ilə bağlı çağırıldığımı demədilər, mənə hədə qorxu gəldilər. Məndən rüşvət tələb edirdilər. Dedim, heç kimə bir manat pul verməyəcəm. Göndərin məhkəməyə. İş getdi məhkəməyə”.
Açılan cinayət işinə gəlincə, Elşad Təhməzov deyir ki, bu, qurama bir işdir. Belə ki, 5 il öncə Bakıda olarkən Cəlilabad rayon polis şöbəsindən ona zəng vuraraq, barəsində şikayət olduğunu söyləyiblər.
Şöbədən bildiriblər ki, şikayətçilər onu azyaşlı uşağa təcavüz etməkdə günahlandırırlar:  “Bunu həmin vaxt atamdan aylıq haqq almaq üçün etmişdilər. Özləri atama demişdilər ki, sən aylıq  ödəmirsən. Ona görə də biz oğluna ilişirik ki, səndən aylıq alaq. Məndən şikayət etmiş adam da öz adamları idi. Polis şöbəsində xadimə işləyirdi. Guya ki, mən həmin qadının yaxın qohumuna sataşmışammış”.
dam
Sahibkar deyir ki, onun Eldar Səfərova etirazından sonra 5 il əvvəl ona qarşı irəli sürülmüş həmin qondarma cinayət işi yenidən gündəmə gətirilib. Məhkəmə prosesi davam etdiyi dönəmlərdə isə ona qarşı hazırlanmış yeni “sürprizlə” qarşılaşıb: “Məhkəmə prosesi davam etdiyi bir vaxtda bazara bir nəfər gəlib işçilərə bildirib ki, bu bazar artıq mənimdir. Bundan sonra mənim üçün işləyəcəksiniz”.
Elşad Təhməzov bildirir ki, xəbər ona çatan kimi bazara yollanıb və həmin adamla görüşə bilib: “Həmin adam mənə dedi ki, bazarı mənə təhvil ver. Mənim yuxarılarda adamım var.  Bazarı razılıqla mənə verməsən, buranı dağıdacam. Sənin də başına oyun açacam”.
“KREDİTİN BİRİNİ EVİMİ SATIB ÖDƏMİŞƏM”
Elşad Təhməzov deyir ki, bir gün sonra onu məhkəməyə dəvət ediblər. Dediyinə görə ona belə bir şərt qoyublar: ya bazarı təhvil verməlidir, ya da onu həbsə göndəriləcək. Bundan sonra dəfələrlə təhdid və şantajlara məruz qalıb. Bu il iyun ayının 14-də polis basqını ilə üzləşib. Ofisə gələn polis işçiləri əllərində heç bir sanksiya olmadan Elşad Təhməzova bildiriblər ki, yuxarıdan verilən əmrə görə onlarla şöbəyə getməlidir: “Həmin vaxt anladım ki, polislər məni şöbəyə bazarın təhvil verilməsi ilə bağlı sənədlərə zorla imza atdırmaq üçün aparmaq istəyirlər”.
“Mən həmin vaxt polislərlə birgə aşağı endim. Mənim oturduğum otaq ikinci mərtəbədə yerləşirdi. Birinci mərtəbəyə çatanda telefonumun otaqda qaldığını bəhanə edib, onu götürmək üçün icazə istədim. Polislər əvvəl tərəddüd etsələr də, düşündülər ki, binanın yalnız bir çıxışı var. Yəni qaçmağım mümkün deyil. Mənsə ikinci mərtəbənin pəncərəsindən tullanıb qaçdım”, – deyir sahibkar.
O vaxtdan bəri də rayona gedə bilmir. Bilir ki, getsə, onu müxtəlif bəhanələrlər həbs edəcəklər. Ya da bazarı öz əli ilə təhvil verməlidir: “İndi mən bazara bu qədər maya qoymuşam, yeni obyekt tikdirmişəm. Kreditlər götürmüşəm. Kreditin birini evimi satıb ödəmişəm. İndi də deyirlər ki, bazarı ver bizə, səndən əl çəkək. Bu gün də hələ adımda kreditlər var”.
 
“HEYDƏR ƏLİYEV FONDUNUN ADI İLƏ BU GÜNƏ QƏDƏR MƏNDƏN ALDIQLARI 43 MİN 850 AZN-i MƏNİMSƏYİBLƏR” 
Sahibkar deyir ki, bazar fəaliyyətə başladığı gündən Cəlalabad Rayon İcra Hakimiyyətinin tapşırığı ilə hər həftə müəyyən məbləğdə Heydər Əliyev Fondunun adına vəsait ödəməli olub: “Həftədə 800-850 manat haqq alırdılar. Adını da qoyurdular ki, Heydər Əliyev Fondunun adına alırdıq. Mən də böyük məmnuniyyətlə ödəyirdim. Mənə demişdilər, ödədiyim pullarla bağlı mənə çek ödəniləcək ki, sahibkarlıq fəaliyyətimlə bağlı gələcəkdə mənə güzəştlər edilsin. Rayon İcra Hakimiyyətinə ödənilirdi pullar”.
Sahibkar deyir ki, həmin pulların fonda ödənilmədiyini və mənimsənildiyini sonradan öyrənib: “Hər həftənin bazar ertəsi fond adından bu pul məndən alınırdı. Birbaşa nağd şəkildə rayon İcra Hakimiyyətinə ödəyirdim.  Bu vaxta qədər 43 850 AZN pul ödəmişəm. Çekləri tələb edəndə məlum oldu ki, 1 manat da olsun fonda pul köçürülməyib. Heydər Əliyev Fondunun adı ilə aldıqları pulu mənimsəyiblər”.
Elşad Təhməzov bazar fəaliyyətə başladığı dövrdən bu yana icarə müqaviləsi də bağlaya bilməyib. Deyir, hər gün bir bəhanə ilə bunu etməkdən imtina edirdilər. Fond adı ilə ondan alınan pulların çeklərini də dəfələrlə rayon icra hakimiyyətindən istəyib: “Mənə hər dəfə deyirdilər ki, ilin sonunda digər sahibkarlar kimi sən də qəbzləri alacaqsan. İndi düşünürəm ki, mənim kimi rayondakı digər sahibkarları da aldadıblarmış. Heydər Əliyev Fondu adı ilə məndən alınan pulların çekini istədiyimə görə, obyektimə görə kompensasiyanın ödənilməsini tələb etdiyimə görə, aylıq haqq ödəmədiyimə görə bu işləri mənim başıma gətirirlər ki, işləyə bilməyim. Bazardan əlimi çəkim. Bütün bunları da ölkə başçısına və Fondun prezidenti Mehriban xanım Əliyevaya yazmışam”.
SAHİBKAR BAZARIN SÖKÜLMƏSİ İLƏ BAĞLI ONA TƏYİN OLUNAN  KOMPENSASİYANIN MƏBLƏĞİ İLƏ RAZILAŞMIR
Elşad Təhməzov deyir ki, dəfələrlə ailəsi ilə bağlı hədə və təhdidlərə məruz qalıb.  Onun atasını rahat buraxmayacaqları ilə hədələyiblər. Digər işindən könüllü çıxmasına dair ərizə yazdırıblar.

cen

Onu həmin işindən də uzaqlaşdırıblar.  Hətta bir dəfə traktor gətirərək yeni bazarın hasarını söküblər. Bununla bağlı bir neçə dəfə hüquq mühafizə orqanlarına, aidiyyatı qurumlara müraciət edib: “Bir dəfə atamı Daxili İşlər Nazirliyinə dəvət ediblər. Bu məsələlərin araşdırılacağı və günahkarların cəzalandırılacağı bildirilib”.
Sahibkar deyir ki, hələ ki həm Daxili İşlər nazirliyi ilə görüşdən sonra və digər müraciət etdiyi qurumlardan hələ ki, heç bir müsbət  cavab əldə edə bilməyib. O, başına gətirilən bütün əməllərə görə, ona qarşı edilən bütün basqılara görə rayon rəhbərliyini günahlandırır.
 
“Bütün bunlar icra hakimiyyətinin sifarişidir” 
Cəlilabad Rayon İcra Hakimiyyəti Elşad Təhməzovun səsləndirdiyi ittihamlarla razılaşmır. Avqustun 9-da icra hakimiyyətindən AzadlıqRadiosuna verilən rəsmi məlumatda deyilir ki, Elşad Təhməzov öz işindən könüllü ərizə yazaraq ayrılıb. Əgər bir narazılığı varsa, bu, Dövlət Sığorta Şirkəti ilə onun arasında həll edilməlidir. İcra hakimiyyətinin Dövlət Sığorta Şirkətinin işlərinə qarışacağı yoxdur. Heydər Əliyev Fonduna sahibkarlar tərəfindən pul köçürmələri isə könüllüdür. Yerli icra hakimiyyəti belə işlərə qarışmır. Obyektin taleyinə gəlincə, obyekt uşaq bağçasının fəaliyyətinə görə başqa yerə köçürülüb. Hasarın sökülməsi ilə bağlı sahibkarın şikayətini polis araşdırır. Kompensasiya ödənilməsi ilə bağlı isə qurumdan bildirilib ki, sahibkar bazarın sökülməsi ilə bağlı ona təyin olunan  kompensasiyanın məbləği ilə razılaşmır.
Gununsesi.info

COMMENTS